Məhkəmə qərarları › İş №3(001)-1743/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1743/2020

01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1743/2020 01.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, x1 iclas katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı x2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili x9 oğlunun iştirakı ilə xx.xx.1993-cü il tarixdə Tərtər rayonu, Təzəkənd kəndində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, işləməyən, subay, orta təhsilli,əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, «x4» İdarəsinin yataqxanasında müvəqqəti yaşayan Şəxs oğlunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510, 535.1 və 211.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu 30.06.2020-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən «Kəlbəcər» kafesini icazəsiz işlədərək xüsusi karantin rejimini pozmuşdur, həmçinin karantin rejimi ilə əlaqədar olaraq kafenin fəaliyyətinin dayandırılmasını tələb edən polis əməkdaşlarına mane olaraq onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı x5 tərəfindən 30.06.2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis leytenantı x5 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu 30.06.2020-ci il tarixdə saat 20:30 radələrində Biləcəri qəsəbəsi Ordubadi küçəsində yerləşən Kəlbəcər kafesini icazəsiz işlədərək xüsusi karantin rejimini pozmuşdur və Polis Bölməsində olan zaman saat 21:00-dan saat 01.07.2020-ci il tarixdə saat 00:00-dək 6-cı Polis Bölməsinin inzibati binasında saxlama otağında olarkən dayanmadan səs-küy salmaqla, yüksək səslə cığırıb-bağırmaqla, nalayiq və təhqiramiz ifadələrlə növbətçi hissənin və bütün bölmənin iş fəaliyyətini kobud surətdə pozmuşdur.Buna görə də, o, məhkəmədən həmin şəxsin inzibati qaydada cəzalanmasını tələb etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlu təqsirini qismən etiraf edərək əməlindən peşman olmasını, məcburi köçkün olmasını bildirərək barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi x9 oğlu hüquqlarını müdafiə etdiyi Şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, məcburi köçkün olmasını bildirərək onun barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 535.1 və 211.1-ci maddələri ilə təqsirli bilinməli, İXM-nin 510.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə isə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmçinin, İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrindən müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs oğlunun əməlində İXM-nin 211 və 535.1-ci maddələrində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun səmimi peşman olması, təqsirini qismən etiraf etməsi, məcburi köçkün olması məsuliyyəti yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 211 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Həmçinin məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlərdən də göründüyü kimi Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi mövcud deyildir.Belə ki, İXM-nin 510.1-ci maddəsinin tələbinə əsasən xırda xuliqanlıq dedikdə - yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür.Məhkəmə tərəfindən iş materialları araşdırılmış və hadisənin baş verməsi və sonradan polis bölməsində təqsirləndirilən şəxsin davranışlarını əks etdirən videogörüntülərə baxış keçirilmiş və Şəxs ictimai yerdə - hər hansı ictimai qaydanı pozan xırda xuliqanlıq hərəktlərinə yol verməsi müəyyən edilməmişdir.Belə olan halda Şəxs istinad edilən 510-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə həmin hissədə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən bu nəticəyə gəlirəm ki, Şəxs İXM-nin 535.1 və 211.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalı, eyni zamanda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirsiz hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 211.1-ci maddələri ilə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 200 (iki yüz) manat cərimə təyin edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar