Məhkəmə qərarları › İş №3(001)-1744/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1744/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1744/2023 03.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektrou, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə İmişli rayonu, Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Xəlfəli Ərazi Dairəsi, Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs 02 may 2023-cü il tarixdə saat 20:00-da Binəqədi şosesi istiqamətində olan zaman YPX əməkdaşlarına qarşı tabesizlik edərək İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektrou, polis baş leytenantı X4 bildirmişdir ki, 02 may 2023-cü il tarixdə bir neçə şəxsin Binəqədi şosesi ərazisində YPX əməkdaşlarına qarşı tabesizlik göstərməsi səbəbindən polis şöbəsindən dəstək tələb edilmişdir. Həmin əraziyə gedən şöbənin polis əmədaşları iki nəfər şəxsi şöbəyə gətirmişlər. Onların şəxsiyyəti araşdırıldıqdan sonra həmi şəxslərdən birinin Şəxs olması müəyyən edilmişdir. Daha sonra sonuncunun izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, o, yüklərin daşınması ilə məşğul olur və 02 may 2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi şosesi ərazisində olan zaman YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ondan sənədləri təqdim etməsini istəmiş və o, sənədlərini təqdim etmişdir. Bundan sonra isə avtomobili ilə daşıdığı yükün çəkisinin müəyyən edilməsi məqsədi ilə avtomobili tərəziyə çıxarması tələb edilmiş, o da bununla razılaşmışdır. Sonra isə yükünün artıq olması ilə bağlı barəsində protokol yazılacağı bildirildikdə, o polis tanışlarının olduğunu, bunu etməməsini xahiş etmişdir. Daha sonra əraziyə patrul çağırılmış və 4-cü Polis Şöbəsinə dəvət edilmişdir. Şöbəyə də etməyə etiraz etməmiş və patrul əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orada şəxsiyyəti barədə suallar verilmiş və şəxsiyyət vəsiqəsini təqdim etmiş, daha sonra izahatı alınmış və barəsində protokol tərtib edilmişdir. Bir daha qeyd edir ki, o, heç bir polis əməkdaşına qarşı tabesizlik etməmiş, polisin tələblərinə tabe olaraq özünü təqdim etmiş və polis şöbəsinə öz razılığı ilə gəlmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DPŞ-nin YPX baş inspektrou X1 izahat verərək bildirmişdir ki, 02 may 2023-cü il tarixdə Binəqdəi rayonu ərazisində yük avtomobilləri saxlanılmış, sənədlər yoxlanılan zaman sürücülərdən birinin Şəxs olması müəyyən edilmişdir. Şəxs idarə etdiyi yük avtomobilində olan yükün normadan artıq olması şübhə doğurduğundan ondan avtomobili tərəziyə çıxarması xahiş edilmiş və sonuncu buna etiraz etməmişdir. Sürücü avtomobili tərəziyə çıxardıqdan sonra avtomobildə olan yükün normadan artıq olması müəyyən edilmiş və sürücü Şəxs qanun pozuntusu ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Lakin sürücü Şəxs buna ehtiyac olmadığını, maddi imkanının olmadığını əsas gətirərək protokol tərtib edilməməsini xahiş etmiş və polis qohumlarının olduğunu bildimişdir. İş rejiminin uzanmaması məqsədi ilə əraziyə patrul xidməti dəvət edilmiş və sürücülər polis şöbəsinə aparılmışdır. Həmin şəxslər polis şöbəsinə getməyə razılaşmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AZA 019132 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 may 2023-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 fevral 2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələrinin nədən ibarət olmasının müəyyən edilməsi mümkün olmamışdır. Çünki Şəxs izahatında heç bir polis əmədaşına qarşı tabesizlik etmədiyini, polisin tələblərinə tabe olduğunu qeyd etmişdir. Digər tərəfdən Şəxs polisin qanuni tələblərinə tabe olmamasına dair xüsusatlar məhkəmədə öz təsdiqini tapmamış və alınmış izahatlarla təkzib edilmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmə və sonuncu dərhal məhkəmə iclas zalından inzibati həbsdən azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkmə iclas zalından inzibati həbsdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar