Məhkəmə qərarları › İş №3(001)-1772/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1772/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1772/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi X6 iştirakı ilə, X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin rəisi, X4 tərəfindən qəbul edilmiş 28.02.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci PBnin rəisi X4 tərəfindən tərtib edilmiş 28.02.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayətini onunla əsaslandırılmışdır ki, şikayət ərizəsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 11 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti geri qaytarılmışdır. Qeyd edilən qərar barəsində məlumatlı olmadığı üçün və vəsatətin hansı şəkildə veriləcəyini bilmədiyi üçün hazırda Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verilmə müddətini ötürməmiş və əgər ötürdüyü təqdirdə bu ondan asılı olmayan səbəblərdən baş verdiyindən müddəti bərpa etməklə sonda şikayətinə baxılmasını xahiş edir. 28 ferval 2021-ci il tarixdə ünvan 1 ünvanında, saat 12:50-də ərazinin sahə rəisi X10 tərəfindən barəsində EXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyəti qeyd edilmişdir. Protokola etirazını bildirmiş olsa da şikayətinə heç bir qanuni əsaslandırma və istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində EPQ ******* nömrəli, 28 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 200 manat məbləğində cərimə edilmişdir. Həmin maddə İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə olduğundan, ümumiyyətlə, barəsində digər qərardan xəbərsiz olmuşdur. Yəni təkrar törədilmə ilə bağlı heç bir əsas yoxdur. Onsuz əvvəlki qərardan da məhkəməyə şikayət etmişdir. AR Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” 19 noyabr 2020-ci il tarixli, 451 nömrəli qərarında göstərilmiş qaydaları pozmamış və və qoruyucu maskadan istifadə etmişdir. Belə ki, S.Bəhlulzadə küçəsi 24 ünvanında qardaşının icarə əsasında süd və süd məhsullarının satışını həyata keçirən mağazası vardır. Həmin mağazada təmir işləri görürdülər. Mağazanın girişində qoruyucu maska üzərində, yəni üzündə olarkən su içmək niyyəti ilə maskanı aşağı endirib suyunu içmiş və maskanı qaydalara uyğun şəkildə yerinə qaytarmışdır. Bu zaman həmin ərazinin sahə rəisi sanki pusquda durmuş kimi ona yaxınlaşmış və qaydaları pozduğunu bildirərək, barəsində protokol tərtib etmişdir. Hadisə yerində şahidlər olmuşdur. Məhkəmə vəsatətini təmin etdiyi təqdirdə şahidlərin məhkəmə iclasında iştiraklarını təmin edə bilər. Göstərilənlərə əsasən barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi X10 məhkəmə iclasında bildirmişdir ki, X5 barəsində EXP ******* saylı, 28.02.2021-ci il tarixli protokolu əsaslı olaraq qəbul etmişdir. Belə ki, Q.İ.İbrahimovun xətanın baş verdiyi zaman qoruyucu tibbi maskadan istifadə etməsi ilə bağlı bildirdikləri əsassızdır və həqiqəti əks etdirmir. Təsadüfi deyil ki, Q.İ.İbrahimov eyni əmələ görə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Deyilənlərin nəzərə alınaraq 28.02.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayəti müdafiə edərək bildirmişdir ki, onun barəsində tərtib edilmiş 28.02.2021-ci il tarixli, EPQ ******* nömrəli qərar əsassızdır. Mağazanın girişində qoruyucu maska üzündə olarkən su içmək niyyəti ilə maskanı aşağı endirib suyunu içmiş və maskanı qaydalara uyğun şəkildə yerinə qaytarmışdır. Lakin buna baxmayaraq Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin polis mayoru X4 tərəfindən mövcud hallar düzgün araşdırılmadan inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan əvvəl qəbul edilmiş inzibati tənbeh vermə haqında qərardan da məhkəməyə şikayət vermiş, müddəti ötürdüyü üçün sənədlər geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq 28.02.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin rəisi, X4 tərəfindən qəbul edilmiş 28.02.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi X10 tərəfindən 28.02.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin bölmə rəisi X4 tərəfindən qəbul edilmiş 28.02.2021-ci il il tarixli, EPQ ******* nömrəli qərardan görünür ki, X5 Azərbaycan respublikasının İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər kabinetinin 19 noyabr 2020-ci il tarixli 451 saylı Qərarının: Birinci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. İkinci bəndinə görə bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə olan halda aydın olur ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınmasına yönəlmiş açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) vətəndaş Q.İ.İbrahimovun istifadə etmədiyini, həm də eyni xətanın onun tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsini müəyyən etmiş səlahiyyətli şəxs Q.İ.İbrahimovu Azərbaycan Respublikası İXM-in 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 200 (iki yüz) manat miqdarında cərimə edilməsinə dair qərar qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə Q.İ.İbrahimovun inzibati xətanın baş verdiyi vaxtda tənəffüs yollarını qoruyan fərdi vasitədən istifadə etməsi ilə bağlı bildirdiklərini inandırıcı hesab etmir. Belə ki, onun bu barədə bildirdikləri məhkəmədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi X10 tərəfindən təsdiq edilməmişdir. İXM-nin 211.2-ci maddəsinə görə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İXM-nin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayət verən şəxs Q.İ.İbrahimova istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, Q.İ.İbrahimovun Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin rəisi, X4 tərəfindən qəbul edilmiş 28.02.2021ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-136-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nin rəisi, X4 tərəfindən qəbul edilmiş 28.02.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar