Məhkəmə qərarları › İş №3(001)-1773/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1773/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1773/2020 20.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, x5 qızının iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Müdafiəçi, 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1996-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı azərbaycanlı, subay, ikinci qrup əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı x3 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola əsasən məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu 19.07.2020-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu Atatürk prospekti Ayna Sultanova heykəlinin yaxınlığında «KOVİD- 19» pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı təbiq olunan xüsusi karantin rejimini pozmuşdur. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis Bölməsinin sahə inspektoru, polis kapitanı x3 tərəfindən 19.07.2020-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis Bölməsinin sahə inspektoru, polis kapitanı x3 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu 19.07.2020-ci il tarixdə saat 21:00 radələrində Binəqədi rayonu Atatürk prospekti Ayna Sultanova heykəlinin yaxınlığında kütləvi şəkildə xüsusi karantin rejimini pozmuşdur. Buna görə də, məhkəmədən həmin şəxsə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlu çıxış edərək əməlindən peşman olduğunu, təqsirini etiraf etdiyini, ikinci qrup əlil olduğunu nəzərə alaraq ona mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs oğlunun əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, ikinci qrup əlil olmasını nəzərə alaraq onun barəsində mümkün qədər yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib edən vəzifəli şəxsi, barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxsi və onun müdafiəçisini dinləyərək, inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, həmin şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində azyaşlı uşağı olan qadınlar, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs oğlunun əməlində İXM-nin 211.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun səmimi peşman olması, təqsirini etiraf etməsi, ikinci qrup əlil olması məsuliyyəti yüngülləşdirən haldır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat cərimə edilsin. Şəxs inzibati tutulmadan azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar