Məhkəmə qərarları › İş №3(001)-1776/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1776/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1776/2023 30.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 13868.81 ABŞ dolları məbləğində vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 13868.81 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmənin 25 may 2023-cü il tarixli iclasında Şəxs nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə2 çıxış edərək bildirmişdir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş 13868.81 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə xx.xx.2023-cü il tarixdə idxal olunmuşdur. Malların 3 gün gecikmə ilə idxal olunmasına səbəb isə gömrükdə yaranan gecikmə ilə bağlı olmuşdur. Buna dair satıcı şirkətlə aralarında olan yazışmaları da məhkəməyə təqdim edərək, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəfə çatmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 13868.81 ABŞ dolları məbləğində pul vəsaiti «NG KUTAHYA SERAMİK PORSELEN TURİZM» şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş ZB 612/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etməyən müştərilərdən biri də Şəxsdir. xx.xx.2019-ci il tarixli 17 nömrəli müqavilədən görünür ki, alıcı Şəxs MMC ilə satıcı «NG KUTAHYA SERAMİK PORSELEN TURİZM» arasında müqavilə bağlanmışdır. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmənin təşəbbüsü ilə 16 sentyabr 2019-cu il tarixli 17 saylı müqaviləyə əsasən 08 aprel 2021-ci il tarixli köçürmə ərizəsi əsasında xaricə köçürülmüş 13868.81 ABŞ dolları məbləğində pul vəsaiti hesabına alınmış malların ölkəyə idxal edilibedilməməsi bardə məlumatın, əgər idxal edilmişdirsə idxalı barədə məlumatların (Bəyannamənin nömrəsi və tarixi, tərəfdaş təşkilatın adı, malın kodu və adı, miqdarı, ölçü vahidi, statistik dəyəri, tam qiyməti, faktura dəyəri, tərəfdaş ölkə, kontraktın nömrəsi və tarixi, istehsalçı ölkə, bəyannamə İD-si, təyinat gömrük orqanı və sair) məhkəməyə təqdim edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsininə sorğu ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanlanmış cavab məktubu ilə 17 saylı müqavilə üzrə Şəxs tərəfindən idxal edilmiş mallar barədə məlumatlar təqdim edilmişdir. İdxal edilmiş mallara dair gömrük bəyannamələrindən görünür ki, **********346 nömrəli gömrük bəyannaməsi üzrə bəyannamə İD ******* olan mallar, **********358 nömrəli gömrük bəyannaməsi üzrə bəyannamə İD ******* olan mallar ölkəyə idxal olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2019-ci il tarixli 17 nömrəli müqaviləyə əsasən bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Həmin köçürmə **********346, **********358 saylı bəyannamələr ilə tam bağlanmışdır. Həmçinin, məhkəmənin təşəbbüsü ilə eyni məzmunlu sorğu ilə "xxxx" ASC-yə müraciət olunmuşdur. Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2021 tarixində 13868.81 USD köçürülmüş avans ödənişi üzrə banka 2 il müddəti ərzində malların ölkəyə idxalını təsdiqləyən yük gömrük bəyannaməsi təqdim olunmamışdır. 2 il müddəti tamamlandıqdan sonra müştəri banka xx.xx.2023 tarixli **********7177 saylı yük gömrük bəyannamələri təqdim etmişdir. Lakin qeyd olunan yük gömrük bəyannamələri portalında açılmadığından həmin tarixdə bank tərəfindən gömrük portalında müvafiq qeydiyyat aparılmamışdır. Dəyəri 6153.84 USD təşkil edən **********7177 saylı YGB gömrük portalında xx.xx.2023 tarixində bank tərəfindən qeydə alınmışdır. Nəticədə avans köçürməsi üzrə banka təqdim edilməyən Yük gömrük qalığı 7714.97 USD təşkil edir. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC hesabına ölkə xaricinə köçürdüyü 13868.81 ABŞ dolları məbləğində vəsait hesabına olan malları **********7177, **********358 saylı yük gömrük bəyannamələri ilə ölkəyə mal idxal olunmuşdur. Lakin, həmin mallara dair gömrük bəyannamələri 3 gün gecikmə ilə, yəni xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Məhkəmə mallara dair gömrük bəyannamələrinin 3 gün gecikmə ilə təqdim edilməsinə münasibtdə qeyd etməyi zəruri hesab edir ki, Şəxs nümayəndəsi Nümayəndə2 tərəfindən təqdim edilmiş Şəxs MMC ilə Türkiyə şirkətinin nümayəndəsi arasında olan yazışmalardan görünür ki, Şəxs MMC-nin nümayəndəsi tərəfindən yüklər olan tırın gecikmə səbəbilə bağlı müraciət olunmuş, yüklərin ən geci 5 aprel 2023-cü il tarixdə Bakı şəhərində olması zərurətilə bağlı məlumat verilmişdir. Qarşı tərəf isə həmin yazışmaya yüklər olan tırın gömrükdə sırada gözlədiyi, təxmini giriş tarixinin 9 aprel 2023-cü il tarixi olacağı bildirilmişdir. Bu isə onu göstərir ki, ölkəyə idxal olunan mallara dair yük gömrük bəyannamələrinin 3 gün gecikmə ilə təqdim edilməsində Şəxs təqsiri müəyyən olunmur. Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar