Məhkəmə qərarları › İş №3(001)-1782/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1782/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1782/2020 21.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları baxılmağa hazırlanması zamanı müəyyən etdim: Şəxs İXM-in 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 29.01.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru, polis mayoru x1 tərəfindən Şəxs barəsində 29.01.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Şəxs hüquq və vəzifələrinin izah edilməsinə dair hissədə sonuncunun adı, soyadı və ata adı qeyd edilsə də, onun tərəfindən protokol imzalanmamışdır. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən ona qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan başqa, qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolun surətinin nə vaxt verilməsi ilə bağlı heç bir sübut əlavə edilməmiş və sözügedən protokolda bu barədə heç bir qeyd aparılmamışdır. İXM-in 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Bundan başqa, Şəxs təhqiqat zamanı izahatının alınmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman onun izahatı alınmamış, protokolun məzmunu barədə mülahizəsinin olması və imzası göstərilməmiş, eləcə də şəxsin inzibati xəta haqqında protokolda izahat verməkdən, imza etməkdən və protokolla bağlı hər hansı şikayət və tələbinin olması barədə fikirlər bildirməsindən imtina etməsi barədə heç bir qeyd aparılmamışdır. İXM-in 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 327.6 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində 29.01.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində tərtib edilmiş 29.01.2020-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar