Məhkəmə qərarları › İş №3(001)-179/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-179/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-179/2021 12.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Vüqar Nemət oğlu, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi X12 oğlunun iştirakı ilə, X12 oğlunun inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin polis polkovnik leytenantı X11 oğlu tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətçi X12 oğlu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin polis polkovnik leytenantı X11 oğlu tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X12 oğlu şikayətini onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 24 radələrində istifadəsində olan 10VE082 dövlət qeydiyyat nişanlı «BMW» markalı avtomaşınla Nərimanov rayon ərazisində hərəkət edərkən Əliyar Əliyev küçəsində Keşlə bazarı istiqamətində hərəkət edərkən, F.X.Xoyski ilə kəsişməyə çatmamış DYP əməkdaşları tərəfindən heç bir əsas olmadan saxlanılmışdır. DYP əməkdaşları xidməti avtomaşınla arxadan gələrək maşının saxlanması barədə tapşırıq verdilər. O, avtomaşını saxlamış və özünü polis serjantı X6 təqdim edən YPX əməkdaşı içkili olub-olmamağını soruşmuşdur. O, bildirdi ki, spirtli içki qəbul etməyib. Rəşid adlı əməkdaş cibindən alkotestor aparat çıxarıb sərxoşluq vəziyyətini yoxlamağı təklif etmişdir. O, etiraz etməmiş, 3 dəfə aparata üfürdükdən sonra bir yerdə aparatın göstəricisinə baxmışlar, orada «00» rəqəmi yazılmışdı. Lakin sonuncu dəfə həmin aparata üfləyəndən sonra polis əməkdaşı Rəşid bildirmişdir ki, «testorun batareyası qurtardı, düz yazmır və söndüyünə görə cavabı bildirmədi». Sənədləri tələb etmiş, o sakitcə sənədləri də vermişdir. O, sənədlərə baxdıqdan sonra sonuncu dəfə nə vaxt içdiyini soruşdu. Bildirmişdir ki, günorta bir bokal spirtsiz pivə içmişdir. Həmin Rəşid adlı əməkdaş digər yol patrul əməkdaşını çağırmış, özü ** YP *** nömrəli YPX maşina minib getmişdir. Digər əməkdaş onunla birlikdə maşina əyləşmiş və Gənclik tərəfə gedəcəklərimizi bildirmişdir. Nə ilə bağlı olduğunu soruşanda, yol polis əməkdaşı heç bir problem olmadığını demişdir. Yolda Rəşid öz iş yoldaşına zəng etmiş, telefonu ona vermiş, təklif etmişdi ki, problem istəmirsənsə, pul verməlisən. Etirazını bildirmişdir ki, içkili deyil, sənədləri yerindədir, niyə pul verməlidir. Dedi ki, «sən deyən olmur, biz deyən olur». Maşını sürdülər sərxoşluq vəziyyətini yoxlama məntəqəsinə. Orada həkim testor vasitəsilə yoxladı, bildirdi ki, heç nə yoxdur. Hətta qeyd də yazmışdır ki, «pivə içmişdim». Ona bildirdilər ki, maşında gözlə gəlirik. Sonra polis əməkdaşı gəlib maşını özü idarə edəcəyini dedi, əyləşdi, dedi ki, «sənin torbanı tikdik» və Yasamal RPİ-nin yanındakı cərimə meydançasına sürdü. Onunla mübahisə etmədim. Cərimə meydançasından birbaşa müayinə yerinə qayıtmış və həkimdən tələb etmiş ki, onu müayinə etsin. 2 saata yaxın fərqlə yenə yoxlandım. Müayinədə tam ayıq və 0 promil olması müəyyən edildi və eyni həkim onun ümumiyyətlə ayıq olmağı barədə akt verdi. Dərhal 102 xidmətinə zəng edib, başına açılan kələk oyunu barədə məlumat vermişdir. DYPX əməkdaşlarının özbaşınalığı nəticəsində zərər çəkmişdir. Ona heç protokol da vermirdilər. Bir neçə dəfə idarəyə müraciət edəndən sonra xx.xx.2020-ci il tarixdə protokolu verdilər Ona görə də qanunsuzluqla bağlı şikayət vermək imkanı yaranmışdır. Hazırda onda iki ədəd müayinə aktı var. Birində saxtakarlıq edərək 0,35 promil, digərində isə 0,00 promil yazılmışdır. Aktları eyni həkim yazmışdır və ona polislə əlbir işlədiyini etiraf etmişdir. Onun barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi qanunsuzdur, heç bir əsası yoxdur. Əlavə olaraq bildirir ki, barəsində tərtib edilmiş protokolda hal şahidləri də yoxdur. Sərxoşluqla bağlı tərtib olunan protokollarda ən azı 2 nəfər hal şahidinin imzasının olması, onların dəqiq ünvanları, telefon nömrələri və sairə göstərilməsi tələb edilir. Onun qanındakı alkoqolun miqdarı 0,35 promil oldusa, 2 saat ərzində necə 0-a düşə bilərdi? Bu adamlar cəzasız qalmamalıdırlar. Qeyd olunanalara əsasən Bakı şəhər Nərimanov DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Mahmud Abdullayevin (APQ170145 nömrəli xx.xx.2020-ci ıl tarixli protokola əsasən) ona Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə «0» manat cərimə inzibati tənbehi vermə haqqında xx.xx.2020-ci il tarixli qərarının və həmin qərarla bağlı xx.xx.2020-ci ıl tarixli yol hərəkəti qaydasının pozuntusuna görə ona Azərbaycan Respublikası İXM-nin 327.7-ci maddəsi ilə «6 ay müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması» inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X12 oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə onun heç bir günahı yoxdur və həmin protokol əsasında qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərar əsassızdır. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin polis polkovnik leytenantı X11 oğlu tərəfindən xx.xx.2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin polis polkovnik leytenantı X11 oğlu tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X12 oğlu Azərbaycan respublikasının İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 0 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/14636 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə 0,35 promilli alkoqol aşkar edilmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/14641 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə sərxoş olmaması müəyyən edilmişdir. Məhkəmə iclasında X12 oğlunun izahatından müəyyən edilmişdir ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktlar fərqli göstərilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixli qərarda X12 oğlunun Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə «0» manat cərimə edilməsi göstərilmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin polis polkovnik leytenantı X7 tərəfindən mövcud hallar düzgün araşdırılmadan X12 oğlu inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamsı halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsin əsasən şəxsi axtarış, əşyaların yoxlanması, nəqliyyat vasitələrinə baxış, əşyaları və sənədləri götürmə, eləcədə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərin iştirakı məcburidir. Hesab edirəm ki, hazırkı məqamda X12 oğlunun xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi qənaətinə gəlinməsi üçün kifayət qədər əsas yoxdur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X12 oğlu barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, X12 oğlunun sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktları arasında əsaslı ziddiyyət olmasını, eləcədə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərin iştirakı məcburi olduğu halda təmin edilməməsini nəzərə alaraq hesab edir ki, X12 oğlunun inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin polis polkovnik leytenantı X11 oğlu tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və İXM-in 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 oğlunun inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nin polis polkovnik leytenantı X11 oğlu tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar