Məhkəmə qərarları › İş №3(001)-179/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-179/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-179/2022 10.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ali təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 206-cı maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü yol-patrul xidmətinin əməkdaşları Şəxs oğunu yol hərəkəti qaydalarını pozduğu üçün saxlamışlar, Şəxs saxlanılan zaman özünü şübhəli apardığından yol-patrul xidmətinin əməkdaşları sürücünü sərxoşluq hallarının müayinəsinə aparmış və müayinə zamanı Şəxs narkotik vasitələrdən istifadə etdiyi və avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunmuşdur. BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü yol-patrul xidmətinin əməkdaşları Şəxs barəsində tədbir görülməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nə raportla müraciət etmişlər. Şəxs oğlu narkotik maddədən istifadə etdiyi üçün polis bölməsinə gətirilmiş, bölmədə onun xx.xx.1986-cı il təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs oğlunun inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, o, Bakı şəhəri, ünvan 1-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 09.01.2022-ci il tarixdə, saat 11 radələrində idarə etdiyi “Hundai” markalı, **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləcəri qəsəbəsində “Ozan” dairəsi yaxınlığında hərəkət edən zaman manevr etmə qaydasını pozduğu üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılan zaman yol patrul xidməti əməkdaşı onun spirtli içkidən və ya hər hansı narkotik vasitədən istifadə edib-etməməsi barədə soruşmuş, o, isə hər-hansı narkotik vasitədən və ya spirtli içkidən istifadə etmədiyini bildirmişdir. Bundan sonra onu sərxoşluq hallarının müayinəsinə aparmışlar və müayinə zamanı narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuş və polis əməkdaşları onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nə gətirmişlər. O, mütamadi narkotik vasitə istifadəçisi deyil, narkotik vasitədən bayram qabağı istifadə etmişdir. Bölmədə izahatı alınaraq barəsində İXM-in 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən səmimi peşmançılığını, himayəsində 3 uşağının olmasını və bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid BDYPİ-nə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol- Patrul Xidməti bölüyü yol-patrul xidməti inspektoru, polis serjantı X6 bildirmişdir ki, o, 09.01.2022-ci il tarixdə, saat 11:00-da 712 saylı YPX postunda xidmətdə olarkən “Hundai” markalı, **-KK-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsünü manevr etmə qaydasını pozduğu üçün saxlanılmışdır. Saxlanılan zaman sürücü özünü şübhəli apardığı və verilən suallara qeyri-adekvat cavab verdiyi üçün sürücünün spirtli içkidən və ya hər hansı narkotik vasitədən istifadə edib-etməməsi barədə soruşmuş, lakin sonuncu qeyri-səmimi cavab verdiyindən onu sərxoşluq hallarının müayinəsinə aparmış və müayinə zamanı Şəxs narkotik vasitələrdən istifadə etdiyi və avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunmuşdur. Bundan sonra Şəxs barəsində tədbir görülməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nə raportla müraciət etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 hüquqlarını müdafiə etdiyi Şəxs himayəsində 3 uşağının olmasını, səmimi peşman olmasını nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 10.01.2022-ci il tarixli raportdan görünür ki, 712 saylı YPX postunda “Hundai” markalı, **-KK-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü manevr etmə qaydasını pozduğu üçün saxlanılmışdır. Saxlanılan zaman sürücü özünü şübhəli apardığı və suallara qeyri-adekvat cavab verdiyi üçün polis əməkdaşlarını şübhələndirmiş və müayinəyə aparılmışdır. Müayinə zamanı onun narkotik vasitələrdən istifadə etdiyi və avtomaşını narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunmuşdur. Şəxs barəsində tərtib edilmiş 09.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 09.01.2021-ci il tarixli, 1/133 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan görünür ki, Şəxs müayinəsi zamanı onun sidiyindən narkotik vasitə olan AMP (amfetamin), psixotrop maddə olan MET (metamfetamin) aşkar edilmişdir. Göründüyü kimi, Şəxs müayinə zamanı sidiyindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələr olan AMP-nin (amfetamin) və MET-nin (metafetamin) istehlak miqdarı müəyyən olunmadığından, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirildiyinə görə İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs oğlunun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir, belə ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən olunmadı. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs barəsində tərtib edilmiş,09.01.2022-ci il tarixli, AZA seriyalı, 015845 saylı protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən inzibati qaydada 09.01.2022-ci il tarixdə,saat 17:40-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli 09.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 3 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 3 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 yanvar 2022-ci il tarixdən hesablansın. Şəxs göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikasının DİN-nin Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar