Məhkəmə qərarları › İş №3(001)-18/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-18/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-18/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X11 iclas katibliyi, X1, X1 nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs X16, Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X14 iştirakı ilə X1 Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 18/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 18/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun sədri vəzifəsini icra edən Sevinc Süleymanovanın 18/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə X8 yetkinlik yaşına çatmayan X12 30 gün müddətinədək “qısamüddətli mühafizə orderi”nin verilməsi və ona qarşı məişət zorakılığının təkrarlamamağı barədə xəbərdarlıq edilmişdir. Qərar ona təqdim edilməmişdir. Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu isə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada verilmişdir. Tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Belə ki, bir ana öz azyaşlı övladına necə zorakılıq edə, onu döyə, incidə bilər?! O, yalnız bir dəfə rəsmi nikahda, o da sabiq əri X22 ilə olmuş, övladını daim nəvazişlə, qayğı ilə saxlayır, onun təhsili, tərbiyəsi ilə ən yüksək səviyyədə məşğul olur. Göstərilənlərin tam əksinə, sabiq əri X22 üç dəfə evlənmiş, bu da azmış kimi, digər yüngül qadınlarla yüngül həyat tərzi keçirmiş, övladları X13 hələ uşaqlıqdan pis, əxlaqsız vərdişlərə öyrətməyə cəhd etmiş və məhz bu kimi səbəblərdən ailə münasibətlərinin, sonra isə Abşeron Rayon Məhkəməsinin 2(012)-2101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulması, yetkinlik yaşına çatmayan övladları X9 onun-ananın yanında qalması və alimentin sabiq əri X15 tutulması qət edilmişdir. Lakin sabiq əri bundan sonra da ondan əl çəkməmiş, hər dəfə uşaqla ünsiyyət zamanı uşağı ona qarşı zor tətbiq etməyə və bu kimi digər vərdişlərə öyrətməyə cəhd etmiş, övladı da sabiq əri ilə ünsiyyətdən qayıtdığı zaman bu halların hamısını ona danışmışdır. Hətta sabiq əri ona və övladına qarşı qanunsuz hərəkətlərinə və istəklərinə nail olmaq üçün onu şərləyəcəyini bildirmiş və hazırki qərardan göründüyü kimi istəyinə müəyyən mənada nail olmuşdur. Sabiq ərinin müraciətinə baxılan zaman onun iştirakı təmin edilməmiş, 7 yaşın içində olan övladı da müəllimin və psixoloqun iştirakı ilə dindirilməmişdir. Şikayətçi yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun sədri vəzifəsini icra edən Sevinc Süleymanovanın 18/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə X3 yetkinlik yaşına çatmayan X12 30 gün müddətinədək “qısamüddətli mühafizə orderi”nin verilməsi və ona qarşı məişət zorakılığının təkrarlamamağı barədə xəbərdarlıq edilməsi barədə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 18/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayətə əlavə verərək X16 ərizəsinin təmin edilməməsini, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayətində qeyd etdiklərini bir daha vurğularaq əlavə olaraq bildirmişdir ki, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən oğlu X17 onun himayəsinə verilmişdir. O, övladını döyməmişdir, heç vaxt incitməmişdir. Sadəcə dərslərə bir qədər biganə yanaşdığı zaman bir valideyn kimi onu yüngül tənbeh etmişdir. Bunların hamısı şər-böhtandır və keçmiş ərinin məqsədi uşağı onun himayəsindən almaq üçün hüquqi zəmin yaratmaq olmuşdur. Məhkəmə iclasında çıxış edən X1 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, qüvvədə olan məhkəmə qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan X17 şikayətçinin himayəsinə verilmişdir. Şikayətçi övladını döyməmiş, heç vaxt incitməmişdir. Sadəcə dərslərə bir qədər biganə yanaşdığı zaman bir valideyn kimi onu yüngül tənbeh etmişdir. Bunların hamısı şər-böhtandır və şikayətçinin keçmiş ərinin məqsədi uşağı onun himayəsindən almaq üçün hüquqi zəmin yaratmaq olmuşdur. Buna görə də, o, Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 18/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın qanunsuz və əsassız olmasını bildirdi və bu səbəbdən qeyd edilən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən maraqlı şəxs X22 bildirdi ki, o, heç vaxt uşağa təzyiq göstərməmiş, əksinə anası uşaqla pis rəftar etdiyi üçün o, İcra Hakimiyyətinə müraciət etmişdir. Həmçinin maraqlı şəxs bildirmişdir ki, uşaqla ünsiyyətdə olan zaman uşaq onunla qalmaq istədiyini, lakin anası ona təsir etdiyinə görə atasının yanında qalmaq istəmədiyini bildirmişdir. Belə ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X21 bildirdi ki, xx.xx.2023-cü il tarixdə onlara icra şöbəsindən müraciət daxil olmuşdur, X5 Binəqədi Rayon İcra Hakimiyyətinə dəvət etmişlər, lakin o gəlməmişdir. Onlar qərar qəbul etdikdən sonra uşağın anası qeyri-iş saatlarında icra hakimiyyətinin qarşısına gələrək orada səs-küy salmışdır. Uşağın atası da İcra Hakimiyyətinə gəlmiş, ananın uşaqla rəftarını əks etdirən görüntüləri təqdim etmişdir. Uşağın dindirilməsi psixoloqun iştirakı ilə həyata keçirilmişdir. Uşaqda ataya qarşı heç bir aqressiya müşahidə edilməmişdir. Xanımı dəvət edəndə ona bildiriş göndərilmişdir, xanım qəsdən gəlməmişdir. Bu qərarın qəbul edilməsində məqsəd uşağı anasından uzaq tutmaq deyil, anasının uşağa təzyiq göstərməsinin qarşısının alınmasıdır. Məhkəmə iclasında pedaqoq X4 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan X17 bildirmişdir ki, o, atası X22 ilə görüşmək istəmir, onun anası ona qarşı heç bir zor tətbiq etməmişdir. Sadəcə anası Simruzə Məmmədova onu dərslərini etmədiyi üçün ona iradını bildirmiş, lakin ona qarşı heç bir şiddət göstərməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 18/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 cinayət və inzbati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərarlıq olunması, yetkinlik yaşına çatmayan X12 xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək 30 gün olmaqla qısamüddətli mühafizə orderinin verilməsi, məişət zorakılığını törədən X7 Binəqədi Rayon İcra Hakimiyyətində profilaktik qeydiyyata götürülməsi və onunla tərbiyəvi-qabaqlayıcı iş aparılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Məişət zorakılığı ilə bağlı hərəkətlərin təkrarlanmaması barədə xəbərdarlıqdan görünür ki, X8 “Məişət zorakılığı haqqında iş üzrə” 18/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 80.0.9 və 11.2-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayan X12 qarşı olan fiziki və psixi zorakılığın bir daha təkrarlanmaması barədə xəbərdar olunmuş və Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunda profilaktik qeydiyyata götürülmüşdür. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 2(012)-2101/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən məlum olur ki, iddia qismən təmin edilmiş, iddiaçı X8 ilə cavabdeh X22 arasında 1 Salı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəifndən 16 oktyabr 2015-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 2493 nömrəsi ilə qeyd edilmiş nikah pozulması və xx.xx.2017-ci il təvəllüdlü X17 boşanmadan sonra iddiaçı X3 (ananın) yanında qalması qət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2101/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən aydın olur ki, xx.xx.2017-ci il təvəllüdlü X17 boşanmadan sonra anası X3 himayəsinə verilmişdir. Belə olan halda, ananın himayəsinə verilmiş yetkinlik yaşına çatmayan X12 30 gün müddətinə qısamüddətli mühafizə orderinin verilməsi qanunauyğun deyildir. Belə ki, məhkəmə qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan uşaq ananın himayəsində olduğuna görə onun təlim-təribiyəsi, qidalanması, istirahətinin təşkili və digər məsələlər birbaşa ananın üzərindədir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İcra hakimiyyəti tərəfindən ətraflı araşdırma aparılmadan, habelə ananın iştirakını təmin edilmədən, ananın izahatını alınmadan, həmçinin uşağın fikri alınmadan belə bir orderin qəbul edilməsi uşağın ananın himayəsindən məhrum edilməsi ilə nəticələnə bilər ki, bu da uşağın həyat və sağlamlığı üçün təhlükə yarada bilər. Bundan başqa məhkəmə araşdırması zamanı yetkinlik yaşına çatmayan uşağın fikri onun pedoqoqunun iştirakı ilə şəxsən öyrənilmiş və uşaq anası tərəfindən hər hansı bir şiddət və ya təzyiqə məruz qalmadığını bildirmiş, əksinə anasını çox istədiyini, atası ilə ümumiyyətlə görüşmək istəmədiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, ailə qanunvericiliyinin tələblərinə əsasən uşağın mənafeyi ilə bağlı mübahisələrə baxarkən hər bir halda uşağın mənafeyi və fikri üstün tutulmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak edən uşağın atası X22 anası tərəfindən uşağa hər hansı şiddət və ya güc tətbiq edilməsinə dair heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməmiş və ana tərəfindən uşağa hər hansı bir şiddətin uşağa göstərildiyini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra hakimiyyəti tərəfindən qısamüddətli orderin verilməsi üçün heç bir hüquqi əsas olmamışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyinin tələbinə və formalaşmış məhkəmə təcrübəsinə əsasən mühafizə orderi inzibati akt olmadığı üçün işə inzibati məhkəmədə deyil, uşağın yaşadığı yer üzrə rayon məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 18/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət təmin olunsun. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının aparatı “Məişət zorakılığı haqqında iş üzrə” 18/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar