Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1803/2024 12.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 339.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsi tərəfindən İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP Portal çıxarışından görünür ki, Şəxs xx.xx.2023cü il tarixdə idarə etdiyi «HYUNDAİ SONATA MİNİK» markalı, **-DG-*** dövlət qeydiyyat nömrəli avtomobili idarə edərkən İXM-in 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 339.1-1-ci maddəsi ilə olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilməmiş əsaslar olmadan icra etməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İXM-in 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-in 138.1 və 138.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı barəsində xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan şikayət vermə müddəti, yəni 20 gün xx.xx.2023-cü tarixdə başa çatmışdır. Həmin gündən isə, yəni xx.xx.2023-cü il tarixdən 3 aylıq müddət xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsi tərəfindən İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərkən 3 aylıq müddət gözlənilməmiş və protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi Şəxs barəsində İXM-in 529.3 maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1803/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1803/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver