Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-1806/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinən xx.xx.2021-ci il tarixdə daxil olmuş inzibati xəta haqqında tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamam olmuşdur, işə baxılarkən tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi, fərdi evdən 1 ədəd su motoru və su qızdırıcısı oğurlaması ilə təqsirləndirilir. Protokol 6-cı PB-nin sahə inspektoru X2 tərəfindən tərtib edilmişdir. İş materiallarından görünür ki, sahə inspektoru inzibati iş üzrə icraatı natamam şəkildə apararaq işi məhkəməyə təqdim etmişdir. Belə ki, inzibati xəta haqqında protokolun tarixi, inzibati qaydada tutma barədə protoolun tarixi və saatı, şəxsi axtarış haqqında protokolun tərtib edilmə tarixi qeyd edilməmişdir. Halbuki, İXM-nin 100.1.1-ci maddəsinə əsasən protokolda onun tərtib edildiyi tarix və yer göstərilməlidir. Bununla da İXM-in 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda əks etdiriləsi məlumatlar və protokola aid tələblərə əməl edilməyərək, hazırkı inzibati xəta haqqında protokolda əks etdirilməsi vacib olan həmin məlumatlar göstərilməmişdir. Həmçinin, PB-də aparılan inzibati icraat zamanı sahə inspektoru iş üzrə zərərçəkmiş şəxsi dəvət edərək izahatını almamış və zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçi olub-olmamasını, onunla barışıb-barışmamasını, həmçinin dəymiş zərərin aradan qaldırılıb-qaldırılmamasını müəyyən etməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, yuxarıda qeyd edilən hallar araşdırılmadan şəxs barəsində inzibati icraat başlanmışdır. Bundan əlavə işin mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmamışdır. Belə ki, protokolda qeyd edilmişdir ki, həmin protokol Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cəfər Nəzərovun qərarı əsasında tərtib edilmişdir. Lakin iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Cəfər Nəzərovun qərarından görünür ki, zərərçəkmiş şəxs müəyyən olunmamış, izahatı alınmamışdır. Həmin qərardan görünür ki, Şəxs izahatı alınmamışdır. Həmçinin qərarda digər hər hansı bir sübut araşdırılmamışdır. Qərarda yalnız vurulmuş ziyanın məbləği 87 manat olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Protokola talanmış əşyaların dəyərinin (dəymiş zərərin) müəyyən edilməsinə dair ekspert (mütəxəssis) rəyi (talanmış əşyaların ekspertə təqdim olunması mümkün olmadıqda eyni növ əşyanın hazırki bazar dəyəri barədə mütəxəssis arayışı) əlavə edilməmişdir. Həmin sübutlar təqdim edilmədən, yəni dəymiş zərər barədə mütəxəssis rəyi təqdim edilmədən törədilmiş əməlin inzibati xəta tərkibi və ya cinayət tərkibi yaratmasını müəyyən etmək mümkün deyil.X1 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Həmçinin şəxsin təqsirli bilindiyi İXM-in 227-ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulduğundan, İXM-in 111.3-cü maddəsinə əsasən hazırkı inzibati xətalar haqqında işə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Beləliklə hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Çünki işə dərhal baxılmalı olduğundan, məhkəmə iclası sübut təqdim etmək üçün təxirə salına bilməyəcəkdir. Bundan əlavə protokolda zərərçəkmiş şəxsin şəxsiyyəti barədə məlumatlar göstərilməmişdir. Belə ki, protokolda ümumiyyətlə zərərçəkmiş şəxsin adı, yaşadığı yerin ünvanı göstərilməmişdir. Halbuki, İXM-nin 100.1.6-cı maddəsinə əsasən şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda göstərilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-1806/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-1806/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver