Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1810/2020 21.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin MN №0055549 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0055549 saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və tərəfindən ödənilmiş 1500 manat pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə 20-ci Polis Bölməsində qanunsuz olaraq 4 saat saxlanılmış, əsassız olaraq cərimələnmişdir. xx.xx.2020-ci il tarixndə qanunsuz olaraq 1500 manat cərimələnmiş, hüquqi şəxs olmadığı halda hüquqi şəxs kimi məsuliyyətə cəlb edilmişdir. Barəsində tərtib olunan protokol və qərar həqiqəti əks etdirmir, izahatı o, deyən kimi yazılmamışdır. Konstitusion hüququ, dinlənilmə hüququ pozulmaqla, qərar qəbul edilmişdir ki, bu da Ali qanunun 60-cı maddəsinin İİİ bəndinə əsasən və insan haqları haqqında Konvensiyaya əsasən dinlənilmək hüququ, yəni konstitusiya hüququnun birbaşa pozulması deməkdir. İnzibati xətanın törədilməsi barədə mötəbər sübutlar olmadığı, digər sübutla təsdiq edilmədiyi üçün və ən əsası Ali qanununun-Konstitusiyanın ona verdiyi dinlənilmə hüququnun pozulduğu üçün bu qərar Dövlətin iradəsini ifadə edən əsas qanuna görə ləğv edilməli olduğu halda əksinə konstitusiyanı pozmaqla sübutlar əldə edilib və onu da hüquqi şəxs olmadığı halda hüquqi şəxs kimi məsiliyyətə əsassız olaraq cəlb ediblər. Bunlar da prosessual qanuna və Ali qanuna əsasən məhkəmədə sübut kimi qiymətləndirilə bilməz. O, özünü günahkar saymır. Belə ki, əməli qanuna zidd olaraq, yəni təqsirli olaraq və qəsdən törətməmişdir. Həmin gün o, özünə məxsus şəxsi mənzil kimi və bir hissəsini də mağaza kimi istifadə etdiyi ünvanda gecələməli olmuşdur. Belə ki, 2-ci mərtəbədə oğlu ailəsilə birlikdə yaşayır. Alt mərtəbə 1-ci mərtəbə mənzilidir və bir hissəsi dükan kimi fəaliyyət göstərir. Oranı özü işlədir. Koronovirusla əlaqədar gecələr özü elektrik motorlarına, soyuducu qurğulara nəzarət etmək üçün məğazada, daha doğrusu ordakı mənzilidə, mağazanın bir hissəsi olan otaqda yatır. Həmin gün də, mağaza çöldən bağlı olduğu halda, 20-ci PB-nin əməkdaşları bağlı dəmir asılqanı döyüb onu çağırmışlar. Demişlər ki, onlarla bir kruq maşında fırlanmaq lazımdır. O da əməl etmişdir. Polislər özləri qapını açmışlar, dəmiri qaldırmışlar, onu aldadıb polisə gətirmişlər və protokol tərtib etmişlər. Sonra bir leytenant onunla dostu gilə gətmişlər ki, ondan da 1500 manat götürüb polisə ödəmişdir ki, onu buraxsınlar. Cəriməni ödəməsəydi onu buraxmayacaqlarını bildirirmişdilər. Mötəbər sübut təqdim edilmədən cərimələnərək və dərhal onda məcburi pul tutulması, Ali Qanunun 63-cü maddəsinə ziddir. İXM-nə görə heç kəs eləmədiyi əmələ görə məsuliyyətə cəlb edilə bilməz. Əməli təqsirli olaraq, qəsdən və ya ehtiyatsızlıqdan törətdikdə məsuliyyətə səbəb olur ki, o da bu əməli təqsirli olaraq törətməmişdir. Qanunu pozmaqla barəsində yazılanlar mötəbər sübut kimi qəbul edilməməlidir. O hüquqi şəxs olmadığı halda ona hüquqi şəxs kimi əsassız olaraq cərimə yazılmışdır. Göstərilənlərə əsasən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0055549 saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və tərəfindən ödənilmiş 1500 manat pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bölmənin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0055549 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarından müəyyən olunur ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarının 1-ci bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 06 iyun saat 00:00-dan 08 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq edilməsi qərara alınmışdır. Həmin qərarın 1.1-ci bəndindən müəyyən olunur ki, qeyd edilənlər istisna olmaqla, bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq inzibati xətanın törədilməsini inkar edər hər hansı bir sübut müəyyən etmədiyindən, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin MN №0055549 saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolunu haqlı olaraq qəbul edir. Belə ki, X2 xx.xx.2020-ci il tarixində xüsusi karantin rejimi qaydasını pozaraq “Coco Cola” marketinin fəaliyyətini davam etdirdiyindən, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir və ona təyin edilmiş cərimə inzibati tənbehi tam ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, X1 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN №0055549 saylı, xx.xx.2020-ci il tarixli inzibati təhbeh vermə haqqında qərarın ləğvi üçün hər hansı əsas olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin MN №0055549 saylı, xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1810/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1810/2020
21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver