Məhkəmə qərarları › İş №3(001)-1814/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1814/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1814/2021 22.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, M ü ə y y ə n e t d i m : Bakı şəhəri Binəqədi rayon İcra və probasiya Şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, iş üzrə borclu Şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2198/2020 saylı, 12.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla 340 (üç yüz qırx) manat tələbkar X1 xeyrinə aliment tutulmalıdır. Şəxs icra vərəqəsi üzrə cəmi 5100 (beş min yüz) manat aliment borcunu ödəməmişdir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə prosesində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayındığını bildirərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə prosesində inzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən qəsdən yayınmadığını, fəhlə işlədiyini, maddi imkanın zəif olduğunu, qazancının ancaq evə çatdığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən müdafiəçi Vəkil Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(008)-2198/2020 saylı icra sənədindən görünür ki, 12.11.2006-cı il təvəllüdlü X2 və 18.12.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12.02.2020-ci il tarixdən başlayaq X1 xeyrinə Şəxs hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarından aydın olur ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov 13.07.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarında olan Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Asəm Əhmədov tərəfindən qəbul edilən 14.08.2020-ci il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İş üzrə olan sübutlarla, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 2(008)-2198/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra etməməsi, icra sənədləri üzrə borcunun ödənilməsinə laqeydliyi, bununla da İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədildiyi tam sübuta yetirilir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş borcun ödənilməməsində ifadə olunan inzibati xətanın xarakteri məhkəmə tərəfindən Şəxs şəxsiyyətini xarakterizə edən hal olaraq nəzərə alınır. Odur ki, Şəxs inzibati tənbehin qeyd edilənlər nəzərə alınmaqla, inzibati həbs növündə təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-cimaddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 22 aprel 2021-ci il tarixdən saat 11:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar