Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1816/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 14 mart 2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin polis mayoru X2 tərəfindən qəbul olunmuş MN ******* nömrəli protokola əsasən 09 mart 2021-ci il tarixdə “Lido” restoranında nişan mərasimi keçirilmişdir ki, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələbləri pozularaq mübahisələndirilən MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul olunmuşdur. Binəqədi rayonu, Atatürk prospekti 69 ünvanında yerləşən “Lido” restoranında pandemiya ilə əlaqədar olaraq karantin rejimi qaydalarına tam uyğun şəkildə riayət olunaraq müştərilərə xidmət göstərilmişdir. 12 mart 2021-ci il tarixdə restorana polis əməkdaşları gələrək 09 mart 2021-ci il tarixdə nişan mərasiminin keçirilməsi barədə onlara məlumatın daxil olmasını bildirmişlər. Bununla bağlı restoranda olan müşahidə kameralarına baxış keçirilmiş və hər hansı tədbirin, o cümlədən nişan mərasiminin keçirilməsi öz təsdiqini tapmamışdır. Bununla belə 2020-ci ilin mart ayında restorana gələn polis əməkdaşları 14 mart 2021-ci il tarixli inzibati xəta haqqında protokolu və inzibati tənbeh vermə haqqında Qərarı onlara təqdim etmişlər. Mübahisələndirilən Qərarda istinad olunan nişan mərasiminin keçirilməsini təsdiq edən heç bir sübut olmadığı halda və sübuta əsaslanmayan məlumat əsasında Qərarın qəbul olunması yolverilməzdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Çünki həmin qərarla onun hüquqları pozulmuş və inzibati xətaya dair heç bir aidiyyət olmadığı halda 4000 manat cərimə edilmişdir. Bəhanə olaraq “Lido” restoranını onun işlətdiyi göstərilmiş və qərar ona təqdim edilmişdir. Üstəlik qərar qəbul edilən zaman və ya ondan öncə inzibat xəta haqqında iş üzrə icraat aparılan zaman onun iştirakı təmin edilməmiş və restoran sahibinin olmamasını sübuta yetirməsi üçün ona şərait yaradılmadan qərəzli araşdırma parılmışdır. Nəticədə də yanlış qərarla 4000 manat cərimə edilmişdir. Halbuki o, restoranda menecer işləyir. Onda görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində qəbul edilmiş 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 03.03.2021-ci il tarixdə saat 18:30-da Atatürk pr. 67 ünvanında yerləşən “Lido” adlı restoranda təşkil olunan nişan mərasiminin keçirilməsinə maneçilik yaratmayaraq karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. 15.06.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, X3 həmin tarixdə işəgötürən X4 ilə əmək müqaviləsi bağlayaraq menecer vəzifəsinə işə qəbul olunmuşdur. 24.01.2020-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin portal çıxarışından görünür ki, X3 15.06.2019-cu il tarixdən işəgötürən X4 ilə müddətsiz əmək müqaviləsi bağlayaraq menecer vəzifəsinə işə qəbul olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə hazırda X1 qeyd olunan inzibati xətanı törətməsi şübhə yaradır. Çünki səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zaman karantin rejimi qaydalarını pozmuş obyektin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılsa da, yekun qərar qəbul edilən zaman yanlışlığa yol verilərək həmin obyektdə əmək müqaviləsi üzrə çalışan X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarından da göründüyü kimi, X3 “Lido” restoranında menecer vəzifəsində çalışdığından onun obyektdə nişan keçilmiş və ya keçiriləcək nişan mərasiminə maneçilik törətmə səlahiyyəti yoxdur. Ən əsas məqam isə odur ki, X1 qeyd olunan obyektdə müəyyən icra vəzifələri olsa da həmin obyektdə nəzarət səlahiyyəti olmamışdır. Belə olan vəziyyətdə X1 əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olması az inandırıcıdır. Bundan başqa, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB tərəfindən qəbul edilmiş 14.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1816/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1816/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver