Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1828/2022 22.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43cü PB-nin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta ixtisas təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİnin 43-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB tərəfindən Şəxs barəsində İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru, polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında xidmətdə olan polis əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 6-da olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sonuncuya nə üçün burda gəzdiyini və kim olduğunu soruşduqda sonuncu polis əməkdaşlarına cavab verməkdən imtina edərək daynmadan nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi sakitləşdirməyə çalışdıqda sonuncu buna məhəl qoymayaraq polis əməkdaşlarını təhqir etməyə başlamışdır. Sonra polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmiş, lakin sonuncu qərəzli olaraq nalayiq ifadələr işlətməyə davam etmiş və bölməyə getməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsi Binəqədi RPİ-nin 43-cü PB-nə gətirmişlər və bölmədə sonuncunun xx.xx.1968-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Bölmədə Şəxs izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan küçəsi 6-da olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona özünü təqdim etməsini bildirmişlər. Lakin o, əsəbi olduğu üçün polis əməkdaşlarını cavab vermək istəməmiş və özündən aslı olmayaraq nalayiq ifadələr işlətmişdir. Sonra polis əməkdaşları onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etdikdə o, bölməyə getməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Binəqədi RPİ-nin 43-cü PB-nə aparılaraq şəxsiyyəti müəyyən edilmiş, izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əməlindən peşmançılığını nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, AZA 014564 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21.062022-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXMin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİnin 43-cü PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni sonuncunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 21 iyun 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1828/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1828/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver