Məhkəmə qərarları › İş №3(001)-1829/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1829/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1829/2023 19.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.3 və 447.0.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin İXM-nin 221.3 və 447.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material daxil olmuşdur. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov 13 ünvanda yerləşən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2023-cü il tarixdə qiyməti tarif Şurası tərəfindən 1,08 manat müəyyən edilmiş “Korvalol” 25 ml əmtəə nişanlı dərman 0,99 manata satılmışdır. Həmçinin kassa qəbzində ümumi məbləğin 7,88 manat göstərilməsinə baxmayaraq, ödəniş zamanı vətəndaşdan 7,90 manat alınmışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 221.3 və 447.0.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Şəxs tərəfindən İXM-nin 221.3 və 447.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam sübut olunur. Bu səbəbdən MMC-yə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsi məqəsədəuyğun hesab edilmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib olunmuş protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 221.3-cü maddəsinə görə “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli 208 nömrəli Qanununun: 4.5-ci madəsinə əsasən dərman vasitələrinin ekspertiza xidmətlərinin tarifləri və dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənir; 4.7-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli çekin surətindən görünür ki, Şəxs MMC-yə məxsus obyektdə ümumi mələği 7,88 manat olan 1 ədəd “Korvalol” 25 ml farmak 0,99 manata, 1 ədəd “Kodelak” N10 Farmstardait 6,89 manata satılmışdır. İş materiallarına əlavə edilmiş çekin detallarından görünür ki, Şəxs MMC-yə məxsus obyektdə xx.xx.2023-cü il tarixdə 676867******078 nömrəli kartdan 7,90 manat pul çıxılmışdır. Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməllərində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, 1 ədəd “Korvalol” 25 ml farmak dərman preparatının 1,08 deyil, 0,99 manata satılması və onun kartından 7,88 manat deyil 7,90 manat pul çıxılması zamanı istehlakçının aldadılması niyyətinin olmasını təsdiq etmir, belə ki, 0,2 manat qiymət fərqi aldatma niyyətindən daha çox texniki yanlışlığa, satıcının səhvinə daha uyğundur. Həmçinin, inzibati xəta haqqında tərtib olunmuş protokol Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsinin “Qeyd” hissəsinə (bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür.) uyğun deyildir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC tərəfindən törədilməsi ehtimal edilən İXM-nin 221.3-cü maddəsinin tərkibinin yaranması üçün ilk növbədə aşağıdakı hallar müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair xx.xx.2023-cü il tarixli Plenum qərarında formalaşdırdığı mövqyə görə hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Lakin hazırki işdən barəsində protokol tərtib edilmiş hüquqi şəxsin İXM-nin 18.2- 18.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti şəxsləri tərəfindən inzibati xəta hadisəsinin törədilməsi faktı aşkarlanmadığı və inzibati məsuliyyətə cəlb edilmədiklərindən məhkəmə hesab edir ki bu halda hüquqi şəxsin təqsirini müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, hüquqi şəxsin İXM-nin 18.2-18.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti şəxsləri tərəfindən hüquqi şəxsin xeyri və maraqlarının qorunmasına yönələn hər hansı bir inzibati xəta pozuntusunun törədilməsi müəyyən edilmir. Məhkəmə araşdırması zamanı 1 ədəd “Korvalol” 25 ml farmak dərman preparatının 1,08 deyil, 0,99 manata satılması halı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin dərman preparatının qiymətinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qiymətdən aşağı qiymətə satılması hüquqi şəxsin əlavə üstünlük, gəlir əldə etmədiyini göstərir. Bununla da hüquqi şəxsin İXM-nin 18.2-18.4-cü maddələrində nəzərdə tutulmuş aidiyyəti şəxsləri tərəfindən hüquqi şəxsin xeyrinə və maraqlarının qorunmasına yönəlmiş inzibati xəta hadisəsinin olması sübuta yetirilmir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 221.3 və 447.0.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar