Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1843/2020 24.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs Səbzəliyev Ömər Araz oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Səbzəliyev Ömər Araz oğlunun Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Səbzəliyev Ömər Araz oğlu Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səbzəliyev Ömər Araz oğlu şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan Mersedes Benz GLC 200 Coupe 4 matic minik markalı **-GO-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə işə tək gedərkən yol polis serjantı X2 öz xidməti avtomobilini tək idarə etdiyi halda heç bir səbəb olmadan onu saxlamışdır. Ona düzgün manevr etmədiyini bildirmişdir. Harda və hansı istiqamət qaydanı pozduğunu soruşmuş, polis serjantı X2 bir izah verə bilməmiş daha sonra sürət həddini aşdığını bildirmişdir. Yenə eyni qaydada izah istədi heç bir səbəb göstərməmişdir. Daha sonra avtomobilində tək olmağına baxmayaraq maskadan istifadə etmədiyini bildirərək 100 manat cərimə edəcəyini bildirmişdir. O, isə İcaze-gov.az portalından icazəsi olduğunu və şəxsin öz avtomobilində və açıq havada tək oluğu halda maskadan istifadə etməyi məcbur olmadığını bildirmişdir. Polis əməkdaşı sadəcə bildirdi ki, ona nə surət həddini nə də manevr qaydasını pozduğunu nəzərə alaraq sadəcə maska taxmamaqla bağlı AR İXM-nin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edəcək. Bununla razılaşmamış bu barədə polis serjantı X1 etirazı bildirmişdir. Polis serjantı heç bir əhəmiyyət verməyərək hara istəyirsən ora şikayət etməsini bildirmişdir. Beləliklə DYP-nin əməkdaşları onun barəsində inzibati xəta haqqında qərar qəbul edərək onun İXM-nin 211ci maddəsi ilə əsassız olaraq inzibati xəta törətdiyini göstərməklə ona 100 manat məbləğində cərimə etmişdir. Barəsində tətbiq edilmiş inzibati xəta haqqında qərar tamamilə əsassızdır. Göstərilənlərə əsasən barəsində qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Səbzəliyev Ömər Araz oğlu şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Nərimanov rayon DYPŞ Yol Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X2 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Səbzəliyev Ömər Araz oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “icaze.e-gov.az” portalından çıxarışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Səbzəliyev Ömər Araz oğlu “xxxxxxx” MMC-də satış meneceri vəzifəsində çalışması barədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək fəaliyyət göstərməsinə icazə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Səbzəliyev Ömər Araz oğlunun şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Məhkəmə iş materialları araşdıraraq qeyd edir ki, Səbzəliyev Ömər Araz oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsində qeyd olunur ki, hakimin, sələhiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halı müəyyən olunduqda inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli № 189 saylı qərarının 1-ci maddəsinin 1.1-ci bəndində şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirərkən müəyyən etmişdir ki, qərarda Ö.Səbzəliyevin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında fərdi şəxslərin öz maşınlarında maska taxmasının vacibliyi nəzərdə tutulmamışdır. Məhkəmə iş materiallarını araşdırıb şikaytçini dinləyib belə qənaətə gəlir ki, Səbzəliyev Ömər Araz oğlunun Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Səbzəliyev Ömər Araz oğlunun şikayəti təmin edilərək Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən tərtib edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. Səbzəliyev Ömər Araz oğlunun inzibati məsuliyyətə cəlb olunmasına dair Nərimanov rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən tərtib edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-1843/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1843/2020
24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver