Məhkəmə qərarları › İş №3(001)-1847/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1847/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1847/2020 05.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs Rüstəmov Samir Əlövsət oğlunun iştirakı ilə, Rüstəmov Samir Əlövsət oğlunun inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin rəis müavini Anar Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Rüstəmov Samir Əlövsət oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin rəis müavini Anar Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən barəsində ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokoldan onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmişdir. Protokol onun iştirakı ilə tərtib edilmiş və o, zibil atmağa çıxmasını protokola qeyd edərək protokolla razı olmadığını yazaraq imza etmişdir. Qeyd olunmalıdır ki, faktiki yaşadığı, ünvan 1 ünvanını saat təxminən 15 radələrində tərk edərək zibil atmaq üçün həyətə düşmüş və zibili atdan zaman zibil yeşiklərinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq karantin rejimi qaydalarını pozduğunu bildirmişlər. O, polis əməkdaşlarına zibil atdığını və bunun üçün heç bir məhdudiyyət olmadığını bildirsə də, nəzərə alınmamış və əsassız olaraq barəsində protokol tərtib edilmişdir. xx xxxx 2020-ci il tarixdə onun mobil nömrəsinə mesaj gəlmiş və mesajda xx.xx.2020-ci il tarixli protokolla bağlı 200 manat məbləğində cərimə edilmə edilməsinə dair qərar verildiyi göstərilmişdir. Qeyd edir ki, həmin qərar tamamilə əsassızdır. Çünki onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan başqa himayəsində azyaşlı uşaqlar vardır və belə bir qərarın çıxarılması onun üçün böyük bir yükə çevriləcəkdir. Ona görə də, qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Rüstəmov Samir Əlövsət oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin rəis müavini Anar Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin rəis müavini Anar Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Rüstəmov Samir Əlövsət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, 200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx.xx.2020-ci il tarixli məlumatına əsasən insanlara məişət tullantılarının atılması hallarına görə icazə verilmişdir. Göründüyü kimi, əvvəlcədən müəyyən edilmiş istisnalarla yanaşı insanların məişət tullantılarının atılması hallarına görə icazə almadan yaşayış yerini tərk edərək dərhal geri qayıtması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən düzgün araşdırma aparılmayaraq Rüstəmov Samir Əlövsət oğlu inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilənlər onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Rüstəmov Samir Əlövsət oğlu barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə məhkəmə, şikayətçi Rüstəmov Samir Əlövsət oğlunun hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin rəis müavini Anar Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Rüstəmov Samir Əlövsət oğlunun inzibati tənbeh olunmasına dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin rəis müavini Anar Seyidov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi RPİnin 5-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar