Məhkəmə qərarları › İş №3(001)-1851/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1851/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1851/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə ünvan 1 ünvanda yerləşən “xxxx” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin mülkiyyətində olan **-JC-*** nömrəli, “Ford Yük” markalı nəqliyyat vasitəsi ilə 03.10.2020-ci il tarixdə saat 08:09 radələrində inzibati xəta törədilməsi zaman həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verməmişdir. Bununla “xxxx” MMC tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Binəqədi Rayon Polis İdarəsi tərəfindən 02.11.2020ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı protokol tərtib etmiş səlahiyyətli orqan tərtib edilmiş protokolu səhv ünvana göndərmişdir. Belə ki, sorğunu qəbul edən “Məmmədova” soyadlı şəxsi kimliyi məlum eyil və hüquqi şəxsə heç bir aidiyyəti yoxdur. Həmçini protokol tərtib edilən zaman səlahiyyətli nümayəndənn iştirakı təmin edilməmişdir. Prosessual pozuntuya yol verildiyindən, inzibati xəta haqqında işə xitam verilməlidir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallardan görünür ki, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları;.. Bundan başqa, inzibati xəta haqqında protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilərək ona hüquq və vəzifələri izah edilməmiş və bu barədə protokolda heç bir qeyd aparılmamışdır. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir qayda olaraq hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, qanunvericilik İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bununla yanaşı, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin tərəfindən toplanmış iş materiallarına Cəmiyyətin səlahiyyətli nümayəndəsinin müəyyən edilmiş vaxtda şöbədə iştirak etməsi ilə əlaqədar bildiriş və şəxsə inzibati xəta haqqında protokolun surətinin göndərilməsi ilə bağlı məlumat əlavə edilsə də, iş materiallarında həmin bildirişin və inzibati xəta haqqında protokolun surətinin Cəmiyyətə göndərilməsini təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Bu da belə qənaətə gəlməyə əsas verir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin tərəfindən yuxarıda qeyd edilən tələblər qərəzli olaraq yerinə yetirilməyərək səlahiyyətli nümayəndənin iştirakı olmadan inzibati xəta haqqında iş üzrə natamam araşdırma aparılmış və inzibati xəta haqqında protokolun surəti şəxsə verilməmişdir. Həmin sorğunun qeyd edilən hüquqi şəxsə çatdırılmasına dair iş materiallarına poçt xəbərnaməsi əlavə edilsə də həmin poçt xəbərnaməsində sorğunun 16.10.2020-ci il tarixdə imza edilməklə qəbul edilməsi qeyd edilsə də, ümumiyyətlə xəbərnamədəki imzanın kimə məxsus olması (adı göstərilməmişdir), xəbərnaməyə imza etmiş fiziki şəxsin həmin hüquqi şəxsə aidiyyəti (işçisi, səlahiyyətli nümayəndəsi olub-olmaması) müəyyən edilə bilmir. Xəbərnamədə qeyd edilməli məlumatlar ümumiyyətlə qeyd edilməmişdir. Bununla da poçt göndərişi, yəni sorğu ümumiyyətlə çatdırılmamış hesab edilir. Bundan əlavə sorğunun çatdırılmasına dair xəbərnamə də düzgün doldurulmamışdır. Çünki poçt göndərişi fiziki şəxsə ünvanlanmamışdır. Əgər poçt göndərişi fiziki şəxsə ünvanlansaydı, onda xəbərnamədəki poçt sənədini qəbul etmə barədə “şəxsən” bölməsində sənədi qəbul edən həmin fiziki şəxs “soyadını yazmaqla” xəbərnaməni imzalamalı idi. Lakin göründüyü kimi poçt göndərişi hüquqi şəxsə ünvanlanmışdır. Onda xəbərnamədəki “etibarnamə ilə” bölməsində poçt göndərişini qəbul edən şəxs “soyadını”, “vəzifəsini” yazmaqla xəbərnaməni imzalamalı idi. Lakin iş materiallarındakı xəbərnamədə imza edən şəxs vəzifəsini və soyadını yazmamışdır. Bununla da poçt göndərişi İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada çatdırılmamış hesab edilir. Bununla da qeyri müəyyən poçt xəbərnaməsi ilə hüquqi şəxsin inzibati məsuliyyətə səbəb olan və səlahiyyətli orqanın sorğusunun qəbul edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi qaydası İXM-nin 57-ci maddəsi ilə tənzimlənmişdir və həmin qaydalara əməl etməklə çatdırılmış sənəd rəsmi qaydada verilmiş sənəd hesab edilir. İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İXM-nin 57.2-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə əsasən ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bununla da rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olmur. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxx” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar