Məhkəmə qərarları › İş №3(001)-1878/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1878/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1878/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 21.08.1991-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru X1 rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(001)-5836/2020 saylı icra vərəqinə əsasən cavabdeh Şəxs 1 ədəd üzərində brilliant qaşları olan qızıl dəst (1 ədəd üzük, 1 cüt sırğalar, 1 ədəd boyunbağı), həmin əşyalar mövcud olmadıqda isə onların dəyərini təşkil edən 4.500 manat məbləğində vəsait iddiaçı X4 xeyrinə ödənilməlidir. İş üzrə borclu Şəxs qızıl-zinət əşyalarının dəyərindən 2000 manat məbləğində pulu ödəmiş, qalıq 2500 manatı ödəməmişdir. Qeyd olunanlara əsasən icra məmuru X9 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29.04.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X9 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tələbkara olan borcundan 2000 manat ödəmiş, 15.04.2021-ci il tarixdə 2000 manat ödəyəcəyinə söz vermişdir. Onunla telefon əlaqəsi yaratmağa çalışsa da mümkün olmamışdır, ona görə də barəsində axtarış olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün Şəxs barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, pandemiya ilə əlaqədar işlərinin zəif olduğuna görə tələbkara olan məbləği tam ödəyə bilməmiş, lakin imkan daxilində ödənişlər etmiş və borcunu ödəməkdən boyun qaçırmır. O, tələbkara 2000 manatı ödədiyini və yaxın bir zamanda borcun tam ödənilməsini bildirmişdir. Cari məhkəmə iclasında 400 manat ödəyə biləcəyini qeyd etmişdir. Deyilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs qərəzli olaraq borcundan yayınmamasının, müxtəlif vaxtlarda ödənişlər etdiyinin, yaxın zamanlarda qalan borcunu ödəyəcəyinin nəzərə alınaraq barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 29.04.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, iş üzrə borclu olan Şəxs tələbkar X5 qalıq 2500 manat borcunu ödəməmişdir. Nəticədə Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(001)- 5836/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs 4500 manat məbləğində pul tutularaq X4 xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 11.01.2021-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. 29.04.2021-ci il tarixdə Şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə verdiyi izahatından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(001)-5836/2020 saylı saylı qətnaməsi üzrə 2000 manat tələbkara ödəmişdir. 15.04.2021-ci il tarixdə 2000 manat ödəyəcəyini söz versə də qeyd olunan məbləği ödəyə bilməmişdir. Hal-hazırda 200 manat ödəyə biləcəyini, qalan məbləği 1 ay ərzində tam şəkildə ödəyəcəyinə söz vermişdir. 16 mart 2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs X3 hesabına 2000 manat ödəniş etmiş, 29.04.2021-ci il tarixli qəbz ilə 400 manat ödəniş etmişdir. Məhkəmə Şəxs müxtəlif məbləğlərdə ödənişlər etməsini, borcunu ödəməkdən qəsdən yayınmamasını, pandemiya təhlükəsi ilə əlaqədar ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olduğundan əmək fəaliyyətini davam etdirə bilməməsini, bu səbəbdən ödənişləri tam olaraq edə bilməməsini və məhkəmə zalında borcun müəyyən məbləğinin ödənilməsini nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş 29.04.2021-ci il tarixli, MN №0468653 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar