Məhkəmə qərarları › İş №3(001)-1883/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1883/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1883/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PBnin sahə inspektoru, polis mayoru X1, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində ondan ötrü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, 14.11.2020-ci il tarixdə Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi döngə 2 ev 4 mənzil 40 ünvanın dəhlizindən X3 məxsus 2 ədəd velosiped oğurlamışdır. Törədilmiş inzibati xəta ilə əlaqədar Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis mayoru X4 tərəfindən inzibati xəta haqqında 28 aprel 2021-ci il tarixli MN №1080321 saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis leytenantı X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati həbs tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. İnspektor bildirmişdir ki, Şəxs 14.11.2020-ci il tarixdə Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi döngə 2 ev 4 mənzil 40 ünvanın dəhlizindən X3 məxsus 2 ədəd velosiped oğurlamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs təxminən 2020-ci ilin noyabr ayının ortalarında Biləcəri qəsəbəsində 297 nömrəli məktəbin yaxınlığında yerləşən binaların bloklarına girib mərtəbələrində oğurlamaq məqsədilə nəsə olduğuna baxdığı zaman blokların birində ən üst mərtəbədə iki ədə uşaq velosipedinin tutacağa bağlandığını görüb sakitlikdən istifadə edərək velosipedləri bağlandıqları yerdən qopararaq oradan uzaqlaşmış, bir gün sonra velosipedləri 20 Yanvar metrosunda yerləşən velatrik tərəfdə tanımadığı birinə 70 manata satmışdır. Əməlindən peşmandır. Gələcəkdə oğurluq etməyəcəyini bildirmişdir. Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis baş leytenantı Rövşən Məmmədov tərəfindən qəbul edilmiş vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə 24.11.2020-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Vurulmuş ziyanın həcmi zərərçəkmişin ifadəsinə əsasən 200 manat qəbul edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi polis polkovnik-leytenantı Cövdət Məmmədova verdiyi yazılı izahatından görünür ki, o, Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi döngə 2 ev 4 mənzil 40 ünvanın dəhlizindən 2 ədəd velosipedi oğurladığını etiraf etmişdir. Əməlindən peşman olduğunu, gələcəkdə oğurluq etməyəcəyini bildirmişdir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli MN №1080321 saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərardan məlum olur ki, cinayət işinin başlanması rədd edilmişdir, əməldə İXM-nin 227-ci maddəsinin tərkibi olduğu üçün təqsirkar şəxsin inzibati məsuliyətə cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu müddət onun həbs müddətinə daxil edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respubliaksı İXM-nin 227-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. İnzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsini, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs inzibati həbs növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu 28 aprel 2021-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar