Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1893/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X2 izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1689/2024 saylı icra sənədinə əsasən Şəxs ümumlikdə 1423,55 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. Hal-hazırda isə borc məbləği 645 manat təşkil edir. Məhkəmənin qərarından 1 il müddət keçsə də ödənilməli məbləğ tam ödənilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs qərəzinin ödəniş etməməsində ifadə olunduğunu, Zərərçəkmiş şəxs MMC tərəfindən çoxsaylı şikayətlər olduğu üçün hazırkı protokolu tərtib etdiyini, Şəxs hazırda heç bir yerdə işləmədiyini, mülkiyyətində hər hansı əmlakının, habelə və hər hansı başqa gəlirinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, səhətində olan problemlərlə bağlı xeyli müddətdir ki, işləmir. Hal-hazırda əməliyyatdan yeni çıxmışdır. Belə ki, onurğasında olan şişlə bağlı iki həftə əvvəl əməliyyat olunmuş, əməliyyatın tikişləri belə sökülməmişdir. O, işlədiyi müddətdə ödənişlər etmiş, işdən azad olunduqdan sonra isə icra sənədi üzrə ödəniş edə bilməmişdir. Daha sonra yenidən ödənişlərə başlamış, təxminən 6 ay hər ay mütəmadi olaraq ödənişləri həyata keçirmişdir. Ödəniş etdiyi vaxtlarda etdiyi ödənişin qəbzin şəklini həm cəmiyyətin nümayəndəsinə, həm də icra məmuruna göndərmişdir. Sadəcə sonuncu ay ödəniş edə bilməmişdir. Bununla bağlı da zəng edərək əməliyyat olunması barədə məlumat verərək işə çıxa bilmədiyi üçün ödənişin bir neçə gün gecikə biləcəyini bildirmişdir. Bunu cəmiyyətin nümayəndəsinə də söyləmişdir. 10 gün bundan əvvəl isə nümayəndə ona zəng edərək nə vaxt ödəniş edəcəyini soruşmuş, o isə əməliyyat olunduğu üçün 10-15 gün müddət verilməsini xahiş etmişdir. Nümayəndə isə onunla razılaşaraq heç bir söz deməmişdir. Bu gün isə icra qrumuna çağırılarkən 50 manat ödəniş etmişdir. Həmin 50 manatı elektron ödəmə terminalında problemlər olduğundan cəmiyyətin nümyəndəsinin kartına göndərimişdir. Bu gün ödədiyi 50 manat ödəniş də nəzərə alındıqda, onu cəmi ödəməli borc məbləği 645 manat təşkil edir. Həmin borcun ödənilməməsi isə onun hazırda işləməməsi və əməliyatdan yeni çıxaması ilə əlaqədardır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1689/2024 saylı icra vərəqəsi üzrə 645 manat borcu ödəmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 1689/2024 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixli, №R0055549 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1323 manat, cərimə borcuna görə 66 manat olmaqla, ümumilikdə 1389 (bir min üç yüz səksən doqquz) manat məbləğində pul vəsaiti və 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1689/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, saat 14:06-da Şəxs 50 AZN ödəniş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-1689/2024 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixli, №R0055549 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1323 manat, cərimə borcuna görə 66 manat olmaqla, ümumilikdə 1389 (bir min üç yüz səksən doqquz) manat məbləğində pul vəsaiti və 34,55 (otuz dörd manat, əlli beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanmışdır. Şəxs heç bir yerdə işləmədiyi və heç bir qazanc əldə etmədiyi halda icra sənədi üzrə yaranmış öhdəliyi ilə bağlı mütəmadi olaraq ödənişlər etmiş, məhkəmə iclası günü də 50 AZN ödəmişdir. İcra sənədi üzrə Şəxs tərəfindən ödənilməli olan 1423,55 manat məbləğdən 778,55 AZN ödəmişdir ki, hazırda borcu 645 manat təşkil edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 10 ay ərzində heç bir gəliri olmadığı halda 778 manat ödəniş etməsi, hazırda onurğasında olan şişlə əlaqədar əməliyyat olunduqdan sonra da bu gün 50 manat ödəniş etməsi onun icra sənədini qərəzli olaraq icra etməməsini istisna edir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğinin ödənilməsindən yayınmamış, hal-hazırda işləməməsinə və əməliyyat olunmasına baxmayaraq icra vərəqəsi üzrə müəyyən edilmiş məbləğdən ödənişlər etmişdir. Belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun icra vərəqsi üzrə ödəməli məbləğdən mütəmadi olaraq ödənişlər etməsi, hazırda da icra vərəqəsi üzrə ödənilməli borcun yarısından çoxunun ödənilməsi öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, onurğasında olan şişlə əlaqədar əməliyyatdan yeni çıxmasına baxmayaraq icra vərəqəsi üzrə ödəniş etməkdən yayınmayaraq az da olsa ödənişlər etməsi, bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1893/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1893/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver