Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1895/2025 17.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2ində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə inspektoru, polis leytenantı X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən tərtib olunmuş raport onun icraatına daxil olmuşdur. Araşdırma aparılaraq müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Bakı Beynəlxalq Avtovağzalı ərazisində Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün əməkdaşları Şəxs həmin fəaliyyətini dayandırmasını tələb etmişlər. Lakin həmin zaman Şəxs tabesizlik göstərmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Belə ki, Şəxs bölməyə dəvət edilən zaman “özümü yandıracam” məzmununda ifadə işlətmişdir. Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğundan sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, polisin heç bir qanuni tələbinə tabesizlik göstərməmiş, ona bölməyə getmək təklif edildiyində dərhal razılaşmış, sadəcə avtomobilinə əyləşən zaman “bezmişəm artıq, özümü yandıracam” məzmununda ifadə işlətmişdir. Onun 1 yaşında övladı vardır, övladını saxlamaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Fəaliyyətinin qanunsuz olduğunu bilir, lakin məcbur şəkildə “Koroğlu” metrostansiyası istiqamətinə adamlar daşıyır. Onun avtomobilinin də ili köhnə olduğu üçün taksi kimi rəsmi sertifikat ala bilmir. Odur ki, məhkəmdən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 bildirmişdir ki, Şəxs adətən Bakı şəhəri daxilində sərnişin daşıyır. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Bakı Beynəlxalq Avtovağzalı ərazisində bir nəfər şəxsin Tovuz rayonuna getmək üçün avtomobil axtardığını görmüşlər. Həmin şəxs daha sonra Şəxs avtomobilinə əyləşmişdir. Onlar sorğu-sual etdikdə Şəxs həmin şəxsi “Koroğlu” metrostansiyası istiqamətinə apardığını bildirmiş, lakin avtomobilə sərnişin kimi əyləşmiş şəxs Tovuz rayonuna getdiyini bildirmişdir. Daha sonra Şəxs yalnışlıqla həmin şəxsi avtomobilə götürdüyünü bildirmiş, elə bilmişdir ki, həmin şəxs “Koroğlu” metrostansiyasına gedir. Bundan sonra inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Şəxs polis bölməsinə dəvət etmişlər, lakin Şəxs onların qanuni tələbinə tabe olmamışdır. “Özümü yandıracam, sizi işdən çıxardacam” və sair məzmununda ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid X6 şahid X1 izahatı ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xırda xuliqanlıq etməsi və yaxud polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda göstərilmişdir ki, Şəxs qanunsuz taksi fəaliyyəti məşğul olduğu üçün 40-cı polis bölməsinə dəvət edilmiş, həmin zaman Şəxs “məni aparsaz, özümü, yoldaşımı, uşağımı yandıracam, sizi işdən çıxartdıracam, rütbələrinizi sökdürəcəm” kimi ifadələr işlətmişdir. Lakin məhkəmə tərəfindən həmin raport tərtib etmiş əməkdaşların təqdim etdiyi video-görüntüyə baxış keçirilmiş və orada Şəxs yalnız “özümü yandıracam” ifadəsi işlətməsi təsdiqini tapmış, raportda göstərilən digər halları təsdiq edən heç bir sübut isə iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat vermiş protokol tərtib etmiş şəxs hadisənin birbaşa şahidi olmamışdır, icraatına daxil olmuş raport əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Hazırki iş üzrə isə səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı bir başqa sübut təqdim olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta törətməsi yalnız şahid ifadəsi ilə təsdiq oluna bilər. Məhkəmə iclasında iş üzrə raport tərtib etmiş şəxslər, yəni Şəxs polis bölməsinə aparmış şəxslər - X2 və X6 şahid qismində dindirilmişdir. Onlar hər ikisi yekdilliklə Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün polis bölməsinə dəvət etdiklərini, həmin zaman şəxsin “özümü yandıracam” məzmununda ifadə işlətməsini bildirmişlər. Şahidlərin izahatında göstərdiyi xüsusatlar isə Şəxs İXM-nin 510 və ya 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Nəzərə alınmalıdır ki, Şəxs məhkəmə iclasında vermiş izahatında polisin hər hansı bir qanuni tələbinə tabesizlik göstərmədiyini və xırda xuliqanlıq etmədiyini bildirmişdir. Odur ki, hazırki halda Şəxs xuliqanlıq etməsini, həmçinin polis əməkdaşları tərəfindən Şəxs yönələn qanuni tələbə tabe olmaması öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, İXM-in 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Xırda xuliqanlıqla bağlı inzibati xətalara baxarkən şəxsin törətdiyi hərəkətlər aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:
1. İctimai davranış qaydalarının pozulması
2. Əxlaq normalarına uyğunluğun pozulması Hazırki iş üzrə Şəxs hərəkətlərinə ictimai davranış qaydalarının pozulması yaxud onun hərəkətləri ilə əxlaq normalarına uyğunluğun pozulması müşahidə olunmur. Belə ki, şəxsin özümü yandıracam deməsi ictimai davranış qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edilmişdir. Yəni qeyd edilən inzibati xəta hadisəsi o zaman mövcud olur ki, polisin tələbləri qanuni olmalı, şəxs həmin qanuni tələbləri qərəzli olaraq yerinə yetirməməlidir. Hazırki halda isə polis əməkdaşları tərəfindən vətəndaş Şəxs yönələn tələb qanuni olmamışdır. Belə ki, əgər Şəxs qanunsuz taksi fəaliyyəti ilə məşğul olmuşdursa, onun barəsində İXMnin 322.0.2-ci maddəsi ilə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulmasına, yəni Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə) dərhal yerində inzibati xəta haqqında protokol tərtib edilməli idi. Belə ki, İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Qeyd edilən inzibati xətaya görə şəxsin tutularaq məcburi qaydada polis bölməsinə aparılması İXM-də nəzərdə tutulmamışdır. İXM-nin 88-ci maddəsində (İnzibati qaydada tutma) şəxsin barəsində hansı hallarda tutulma təqtbiq edildiyi göstərilmişdir. Lakin hazırkı halda şəxsin barəsində qanunsuz taksi fəaliyyəti ilə məşğul olduğu üçün tutularaq məcburi qaydada polis bölməsinə aparılması və ya onun barəsində tutma tətbiq edilməsi nəzərdə tutulmamışdır. Buna səlahiyyəti olan polis əməkdaşı yerindəcə şəxs barəsində İXM-nin 322.0.2-ci maddəsi ilə protokol tərtib edə bilərdi. Qeyd edilənlərə əsasən ,polis əməkdaşlarının şəxsi qanusuz taksi fəaliyyəti ilə məğul olduğu üçün barəsində protokol tərtib etmək məqsədi ilə polis bölməsinə dəvət edilmə barədə tələb qanuni deyildir. Qanuni olmayan tələblə bağlı da tabesizlik göstərilməsi inzibati xəta hadisəsi kimi nəzərdə tutulmamışdır. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri mövcud deyildir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər.
Hakim: Zamiq Bağırov