Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1903/2020 07.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs X1 Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 iştirakı ilə, Şəxs X1 Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 491.3 və 492.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs X1 Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 491.3 və 492.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 00100-0814/20 nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs X1 Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 491.3 və 492.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 00100-0814/20 nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs X1 Azərbaycan Respublikasındakı filialı tərəfindən gömrük orqanının razılığı və icazəsi olmadan nəzarəti altında saxlandığı malların daşındığı 33ACH472 qeydiyyat nişanlı yarımqoşquya tətbiq edilmiş eyniləşdirmə vasitələri çıxarılaraq qəsdən məhv edilmiş və gömrük orqanının icazəsi olmadan malların özbaşına boşaldılmasını həyata keçirmişdir. Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs X1 Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz etmirlər. Belə ki, Şəxs X1 ünvanına göndərilmiş malları gətirən sürücü tələsdiyindən onlar məcbur olub qoşqudan möhürü açıb malları başqa avtomobilə yükləmişlər. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs X1 Azərbaycan Respublikasındakı filialı İXM-in 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan və məhkəmədə tədqiqi edilmiş: xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx xxx 2020-ci il tarixdə “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə hüququ əldə etmiş Şəxs X1 Azərbaycan Respublikasındakı filialının Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066-cı məhəllədə yerləşən anbarına baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi üzrə rəsmiləşdirilməsi bitməmiş Bolqarıstan Respublikasının 33AEN989/33ACH472 qeydiyyat nişanlı avtomobili ilə daxil olmuş yüklərin anbara boşaldılması aşkar edilmişdir. Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin portal çıxarışından görünür ki, 33ACH472 qeydiyyat nişanlı avtomobilində Bolqarıstanda fəaliyyət göstərən “Jysk” şirkətindən “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə etmək hüququna malik xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxs Şəxs X1 Azərbaycan Respublikasındakı filialına göndərilmiş yüklər xx xxx 2020-ci il tarixdə saat 22:37-də Qərb Ərazi Baş Gömrük idarəsinin “Qırmızı Körpü” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən yük avtomobilinin yarımqoşqusuna “1*167” nömrəli təminatı qoyulmuş və malların boşaldılması ilə əlaqədar heç bir qeyd aparılmamışdır. **********0699 sorğu nömrəli Gömrük bəyannaməsindən görünür ki, Bolqarıstanda fəaliyyət göstərən “Jysk” şirkətindən “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə etmək hüququna malik xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxs Şəxs X1 Azərbaycan Respublikasındakı filialına 33AEN989/33ACH472 qeydiyyat nişanlı avtomobili ilə göndərilmiş yüklərin boşaldılma yeri Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi qeyd olunmuşdur. “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli, 427 nömrəli Fərmanının 3.7.1-ci yarımbəndinin 2-ci hissəsinə əsasən gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması gömrük orqanının razılığı əsasında həyata keçirilir. Məhkəmədə tədqiq edilmiş inzibati xəta haqqında protokoldan və işin hallarından müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs X1 Azərbaycan Respublikasındakı filialı tərəfindən eyni vaxtda iki inzibati xəta törədilmişdir. Şəxs X1 Azərbaycan Respublikasındakı filialı tərəfindən törədilən həmin inzibati xətalar iş materialları ilə yanaşı protokolda qeyd edilən inzibati xəta törətmiş hüquqi şəxsin nümayəndəsinin səmimi etirafı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs X1 Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 491.3 və 492.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh olunarkən barəsində İXM-in 34.3-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tətbiq ediləcəkdir. Belə ki, İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə adi olduqda, həmin şəxsin daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsini müəyyən etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, qanunverici tərəfindən İXM-in 492.1-ci maddəsi həmin Məcəllənin 491.3-cü maddəsinə görə daha ciddi xəta hesab olunur. Ona görə də, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs X1 Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmiş protokol əsaslı olduğundan və onun tərəfindən törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapdığından, barəsində İXM-in 492.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs X1 Azərbaycan Respublikasındakı filialı İXMin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli və ona İXM-in 492.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs X1 Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs X1 Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 492.1-ci maddəsi ilə hüquqi şəxs qismində 1000 (bir min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-1903/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1903/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver