Məhkəmə qərarları › İş №3(001)-1939/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1939/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1939/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi–X2, Şəxs MMC-nin nümayəndəsi – X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs (Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanı) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tərəfindən Binəqədi rayon Məhkəməsinə baxılması üçün hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 19 aprel 2021-ci il tarixli, MN №0740149 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC-yə məxsus supermarketin fəaliyyəti zamanı soyuducu qurğuların səs-küy səviyyəsinin normadan artıq olması müəyyən edilmişdir. Nəticədə «Şəxs” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi–X4 izahat verərək bildirdi ki, Nazirliyin “Qaynar Xətt” məlumat xidmətinə 30.03.2021-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəybəyov küçəsi,ev 13 ünvanında yaşayan Emin Mehrəliyev tərəfindən Şəxs soyuducusunun səs-küyü və istiliyi narahat edir məzmunlu müraciət daxil olmuş, vətəndaşın, Şəxs MMC-nin nümayəndələrinin və Milli Hidrometrologiya Xidmətinin mütəxissislərinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma ilə əlaqədər xidmətin mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən Şəxsin arxa divarında yerləşdirilmiş soyuducu qurğularından yayılan səs-küy səviyyəsinin PCE-322A cihazı vasitəsilə müxtəlif vaxtlarda ölçmə işləri aparılmışdır. Ölçmə işləri nəticəsində səs-küy səviyyəsinin 69 dBa olduğu müəyyən edilmişdir ki, bu da ətraf mühit üçün yol verilə bilən normadan çoxdur. Qeyd olunanlarla bağlı Şəxs MMC-nin nümayəndələrinə soyuduculardan yayılan səs-küyün normadan artıq olduğu, bununlada “Ətraf mühitin mühafizəsi” haqqında qanunun 31-ci maddəsinin 1.1-ci bəndi, “Ekoloji təhlükəsizlik haqqında” Qanunun 4-cü maddəsinin 1.7-ci bəndinin tələblərinin pozulması barədə məlumat verilmişdir. Şəxs MMC-nin nümayəndələri ölçmə işlərində iştirak etsələr də aktın tərtibatında iştirak etməkdən imtina etdilər. Göstərilənlərin nəzərə alınaraq hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 244 C ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus soyuducu qurğuların səs-küy səviyyəsinin ölçülməsi zamanı MMC-nin nümayəndəsi iştirak etməmiş, monitorinq zamanı mağazanın əməkdaşları və müdiri iştirak etmişdir. Buna görə də, bütün məsuliyyət mağaza müdirinin üzərinə düşür. Bu barədə işəgötürənlə işçi arasında “Tam maddi məsuliyyət” haqqında müqavilə də imzalanmışdır. 19 aprel 2021-ci il tarixli, MN №0740149 saylı protokolun tərtib olunmasından xəbərləri olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 12.04.2021-ci il tarixdə monitorinq keçirilən zaman soyuducu qurğularının səs-küy səviyyəsi normadan artıq olmuş, lakin yoxlamadan sonra tədbirlər görülmüş, soyuducu qurğunun ətrafında şum-izolyasiya tədbirləri görülmüş, səs-küy səviyyəsi azalmışdır. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş protokolun əsassız hesab edib iş üzrə icraata xitam verilməsini, icraata xitam verilməyəcəyi təqdirdə mağaza müdirinin vəzifəli şəxs kimi inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsi nəzarəti sektorunun aparıcı məsləhətçi müfəttişi X6 izahatında bildirmişdir ki, Nazirliyin “Qaynar Xətt” məlumat xidmətinə 30.03.2021-ci il tarixində Emin Mehrəliyev tərəfindən Şəxs soyuducusunun səs-küyü və istiliyi narahat edir məzmunlu müraciət daxil olmuş, bununla əlaqədar olaraq yerində araşdırılma aparılmışdır. Xidmətin mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən Şəxsin arxa divarında yerləşdirilmiş soyuducu qurğularından yayılan səs-küy səviyyəsinin PCE-322A cihazı vasitəsilə müxtəlif vaxtlarda ölçmə işləri aparılmışdır. Ölçmə işləri nəticəsində səs-küy səviyyəsinin 69 dBa olduğu müəyyən edilmişdir ki, bu da ətraf mühit üçün yol verilə bilən normadan çoxdur. Məhkəmə iclasında şahid qismində dəvət edilmiş X5 izahatında bildirmişdir ki, Şəxsin arxa divarında yerləşdirilmiş soyuducu qurğularından yayılan səs-küy onları çox narahat edir. Həmin soyuducudan gələn səs-küy səviyyəsi evdə saatı ilə ölçərkən, hələ 55-60 dBa olduğunu göstərir. Bununla bağlı bir neçə dəfə qey edilən supermarketə müraciət etmiş, heç bir tədbir görülməmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs (Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən) tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: 12.04.2021-ci il tarixli, 0108 saylı monitorinq aktından görünür ki, Nazirliyin “Qaynar Xətt” xidmətinə daxil olmuş məlumat əsasında araşdırılma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən Şəxsin arxa divarında yerləşdirilmiş soyuducu qurğular açıq şəkildə, yəni heç bir səsboğucu vasitələrlə təmin olunmadan işləyir. Günün müxtəlif saatlarında qeyd edilən ünvanda sabit hava şəraitində müvafiq ölçmə işləri aparılmış, soyuducu qurğularından yayılan səs-küy səviyyəsinin PCE-322A cihazı vasitəsilə ölçmə işləri nəticəsində səs-küy səviyyəsinin 69 dBa olduğu müəyyən edilmişdir. Bu da ətraf mühit üçün qəbul edilmiş normalardan çoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 19 aprel 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs” MMC-yə məxsus supermarketin fəaliyyəti zamanı soyuducu qurğuların səs-küy səviyyəsinin normadan artıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 26.04.2021-ci il tarixli məcburi göstərişindən görünür ki, yoxlama tədbirləri nəticəsində 01.04.2021-ci il tarixli, 70074 saylı akt tərtib olunmuş, Şəxsin arxa divarında yerləşdirilmiş soyuducu qurğular və kondisionerlərin səs-küy səviyyəsinin ölçmə işləri aparılmışdır. Ölçmə işləri nəticəsində səs-küy səviyyəsinin 69 dBa olduğu müəyyən edilmişdir. Bu da ətraf mühit üçün qəbul edilmiş normalardan çoxdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını tam, hər tərəfli araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs MMC-in İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarından və məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən Şəxsdə 12.04.2021-ci il tarixli, 0108 saylı monitorinq aktına əsasən səs-küy səviyyəsinin normadan artıq, yəni 69 dBa səviyyəsində olmuşdur. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri” Normalarının 1.1-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. Həmin Normaların 1.2-ci bəndinə əsasən bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir. Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir. Həmin Normaların 1.3-cü bəndinə əsasən bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. “Ekoloji Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinin 1.7-ci bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi səviyyələrinin nizama salınması insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyinin tərkib hissəsi olaraq ekoloji təhlükəsizlik sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmin Qanunun 5-ci maddəsinin 2.6-cı bəndinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının müəyyən etmək ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələrindən biri hesab olunur. Həmin Qanunun 13-cü maddəsinin 3-cü bəndinə əsasən bu Qanunun və ekoloji təhlükəsizlik sahəsində digər normativ hüquqi aktların pozulmasına görə məsuliyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. İXM-in 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları üzrə mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər, ümumi və digər təhsil müəssisələrinin meydançalarında səs çirklənməsinin maksimal səviyyəsi 60 dBA səviyyəsindən yuxarı olmamalıdır. Qeyd olunan hal üzrə çirklənmənin səviyyəsinin 60 dBA ölçüdən artıq olması ətraf mühitə mənfi təsir göstərir və qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən) tərəfindən İXM-in 275.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən) İXM-in 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən) İXM-in 275.2-ci maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddədə göstərilən həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs (Binəqədi rayonu, Binəqədi şossesi, 244C ünvanında fəaliyyət göstərən) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 8000 (səkkiz min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar