Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1946/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X10, Qərarından şikayət verilmiş X14 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X8 iştirakı ilə, X10 X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X17 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4.000 (dörd min) manat cərimə edilmişdir. Qərardan narazı qalan X17 məhkəməyə şikayət vermiş, X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X17 şikayətini onunla əsaslandırmışdır ki, fərdi sahibkar kimi ünvan 1 ünvanda yerləşən “Zev Pub” restoranında fəaliyyət göstərir. xx.xx.2022-ci ildə X6 qabyuyan kimi işə qəbul etmək üçün restorana dəvət etmiş, aralarında olan şifahi razılaşmaya əsasən Farizə bir neçə gün müddətində sınaq kimi işə gəlməli, daha sonra mövcud vəziyyət imkan verərsə rəsmi şəkildə əmək müqaviləsi bağlanaraq əmək münasibətlərinə daxil olmalı imiş. X3 cəmi 9 gün restoranda işləmiş, 2022-ci ilin sentyabr ayının 14-də münaqişəli şəkildə restorandan ayrılmışdır. Bundan dərhal sonra X2 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə ondan şikayət etmişdir. Həmin şikayətlə X14 Xidmətinin Bakı şəhər idarəsinin Aidə adlı xanım əməkdaşı məşğul olmuşdur. 2022-ci ilin sentyabr ayında xanım əməkdaşın çağırışı əsasında həmin idarədə olmuş, xidməti otaq idarənin birinci mərtəbəsində yerləşmiş, X5 şikayəti ilə tanış edilmiş, şikayətlə bağlı izahatı alınmışdır. Həmin vaxt şikayət verən X7 ondan 100 manat pul tələb etmiş, istədiyi məbləği Farizəyə vermişdir ki, şikayətçi olmasın. Bundan sonra onu X14 Xidmətinin Bakı şəhər idarəsinə bir daha dəvət etməmişlər. Şikayətin həll olunduğunu düşünüb özü də əlavə məlumat üçün maraqlanmışdır. 2023-cü ilin aprel ayında ona məlum olmuşdur ki, X14 Xidmətinin Bakı şəhər idarəsi X5 şikayəti əsasında xx.xx.2023-cü il tarixli qərar qəbul edərək, onu Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 4.000 (dörd min) manat cərimə etmişdir. Dərhal bunun səbəbləri ilə maraqlandıqda məlum olmuşdur ki, X7 2022-ci ilin sentyabr ayında olan hadisə ilə bağlı 2023-cü ilin mart ayında yenidən X14 Xidmətinin Bakı şəhər idarəsinə şikayət etmiş, X14 Xidmətinin Bakı şəhər idarəsi isə 2022-ci ilin sentyabr ayında araşdırdığı məsələni 7 ay sonra təkrar araşdırmaya alaraq qanunsuz qərar qəbul etmişdir. Halbuki, ehtimal olunan inzibati xəta hadisəsi xx.xx.2022-xx.xx.2022-ci il aralığında törədilmişdir. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası İXM-in 38ci maddəsində bu əmələ görə məsuliyyətə cəlb etmə müddəti 3 ay nəzərdə tutulmuşdu. Belə olan halda aydın olur ki, X14 Xidmətinin Bakı şəhər idarəsi onun barəsində inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2022-ci ilə qədər tətbiq edə bilərdi. Lakin X14 Xidmətinin Bakı şəhər idarəsi bu zaman çərçivəsində ona qarşı hər hansı bir inzibati tənbeh tətbiq etməmiş, X5 2022-ci ilin sentyabr ayında olan hadisə ilə bağlı 2023-cü ilin mart ayında yenidən X14 Xidmətinin Bakı şəhər idarəsinə etdiyi şikayəti icraata götürərək, 2022-ci ilin sentyabr ayında araşdırdığı məsələ üçün müddəti pozmaqla qərar qəbul etmişdir. Bu isə İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi X12 şikayəti əsassız hesab edərək bildirmişdir ki, X14 Xidmətinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X17 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsi üçün əsas X1nın xx.xx.2023-cü il tarixli müraciəti olmuşdur. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, X17 fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən “Zev Pub” restoranında xx.xx.2022-ci ildə X1nı işçi kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Ona görə də X17 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat cərimə edilmişdir. Bundan əlavə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti də ötməmişdir. Belə ki, X1 idarəyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, qərar qəbul edilərkən 1 illik cəlbetmə müddəti ötməmişdir. Qeyd olunanları nəzərə alıb, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nümayəndə H.Ə.Həsənli verilmiş suallara cavab olaraq bildirmişdir ki, X14 Xidmətinin Bakı şəhər idarəsində Aidə adlı xanım əməkdaş işləyir, məhkəməyə gəlməzdən öncə araşdırma apararkən X1nın idarəyə ayrı-ayrı vaxtlarda 9 müraciətinin daxil olduğunu müəyyən etmişdir. 2022-ci ilin sentyabr ayında X1nın eyni müraciətinin idarədə Aidə adlı xanım əməkdaş tərəfindən araşdırılması barədə dəqiq məlumata malik deyil. Məhkəmə şikayət vermiş şəxsin və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X14 Xidmətinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında Binəqədi RPİ-in İS-in müstəntiqi X11 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 2022-ci ilin sentyabr ayında ərizə ilə 5-ci PB-yə müraciət edərək “Zev Pub” restoranında kababçı işləyən Elnur adlı şəxs tərəfindən döyüldüyünü bildirib, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. X1 araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək “Zev Pub” restoranında əmək müqaviləsi bağlanmadan qabyuyan işləmiş, ona əmək haqqı verilməmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, X1 xx.xx.2022-ci ildə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “Zev Pub” restoranında işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə işəgötürən qismində X17 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat cərimə edilmişdir. Beləliklə, törədilməsi bildirilən inzibati xəta hadisəsi uzanan inzibati xəta olmaqla 2022-ci ilin sentyabr ayında 05-də başlamış və 14 sentyabr 2022-cü il tarixədək, yəni müəyyən müddət ərzində (9 gün) fasiləsiz törədilmişdir. Şikayət verən X17 bildirir ki, X7 2022-ci ilin sentyabr ayında X14 Xidmətinin Bakı şəhər idarəsinə şikayət etmiş, həmin şikayətlə idarənin Aidə adlı xanım əməkdaşı məşğul olmuş, xanım əməkdaşın çağırışı əsasında həmin idarədə olmuş, X5 şikayəti ilə tanış edilmiş, izahat vermişdir. X7 orada ondan 100 manat pul tələb etmiş, istədiyi məbləği ona vermişdir. Bundan sonra onu idarəyə dəvət etməmişlər. Şikayətin həll olunduğunu düşünüb özü də əlavə məlumat üçün maraqlanmışdır. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi H.Ə.Həsənli X14 Xidmətinin Bakı şəhər idarəsində Aidə adlı xanım əməkdaşın işlədiyini təsdiq etmiş, X1nın idarəyə ayrıayrı vaxtlarda 9 müraciətinin daxil olduğunu bildirərək, 2022-ci ilin sentyabr ayında X1nın eyni müraciətinin idarədə Aidə adlı xanım əməkdaş tərəfindən araşdırılması barədə dəqiq məlumata malik olmadığını bildirmişdir. Şikayət verən X10 vətəndaş F.İsmayılzadənin müraciətinin 2022-ci ilin sentyabr ayında X14 Xidmətinin Bakı şəhər idarəsində araşdırıldığı və bu mənada idarəyə artıq məlum olduğu barədə bildirdiklərinin məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi tərəfindən mötəbər dəlillərlə təkzib edilməməsi həmin xüsusatların əsaslılığı ehtimalını gücləndirir. Qərarından şikayət verilmiş orqan isə yaranmış şübhələrin aradan qaldırılması, qeyd olunan ehtimalın təkzib olunması üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə, məhkəmə şikayət verən X10 vətəndaş F.İsmayılzadənin müraciətinin 2022-ci ilin sentyabr ayında X14 Xidmətinin Bakı şəhər idarəsində araşdırıldığı və bu mənada idarəyə artıq məlum olduğu barədə bildirdiklərini əsaslı hesab edir. Bu zaman məhkəmə onu da nəzərə alır ki, vətəndaş F.İsmayılzadə 2022-ci ilin sentyabr ayında Binəqədi RPİ-in 5-ci PB-yə ərizə ilə müraciət edərək, “Zev Pub” restoranında kababçı işləyən Elnur adlı şəxs tərəfindən döyüldüyünü bildirib, həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, araşdırma zamanı verdiyi izahatında isə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək “Zev Pub” restoranında əmək müqaviləsi bağlanmadan qabyuyan işlədiyini və ona əmək haqqı verilmədiyini qeyd etmişdir. Bu mənada onun həmin vaxt paralel olaraq X14 Xidmətinin Bakı şəhər idarəsinə şikayətlə müraciət etməsi, onu əmək müqaviləsi bağlamadan və əmək haqqı ödəmədən işlərin yerinə yetirilməsinə cəlb edən şəxsin məsuliyyətə cəlb etməsini tələb etməsi inandırıcıdır. Məhkəmə həmçinin qeyd edir ki, vətəndaş F.İsmayılzadə öncədən X14 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etməmiş olsa idi belə, onun xx.xx.2023-cü il tarixli müraciəti X10 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat cərimə edilməsinə əsas vermirdi. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 2 dekabr 2022-ci il tarixli №664-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunun birinci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddənin birinci cümləsində “üç” sözü “dörd” sözü ilə əvəz edilmiş, ikinci cümləsinə “mübarizə haqqında,” sözlərindən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,” sözləri, “qanunvericiliyin,” sözündən sonra “əmək qanunvericiliyinin,” sözləri əlavə edilmişdir. Göründüyü kimi əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinin mümkünlüyü 2 dekabr 2022-ci ildən qüvvəyə minmiş, həmin vaxta qədər qüvvədə olan İnzibati Xətalar Məcəlləsində isə əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilərdi. X4 inzibati xətanı 2022ci ilin sentyabr ayında törətdiyindən həmin əmələ görə o, xətanın törədildiyi gündən ən geci üç ay keçənədək, yəni 2022-ci ilin dekabr ayının 14-dək inzibati məsuliyyətə cəlb edilə bilərdi. Qərar qəbul edən orqan isə bu məqamı nəzərə almamış, müddət ötdükdən sonra şəxsin inzibati tənbeh edilməsinə dair qərar qəbul etmişdir. Bu məqamda məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb etmə müddətləri şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsas verən və inzibati xətanın törədildiyi gündən hesablanan müddətlərdir. Törədilmiş inzibati xəta ilə həmin inzibati xətaya görə şəxsin məsuliyyətə cəlb edilməsi arasında müddət nə qədər çox uzanarsa, şəxsin tənbeh edilməsi də bir o qədər lüzumsuz olur və tənbeh istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir. Vətəndaş F.İsmayılzadənin xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək əmək müqaviləsi olmadan fasiləsiz işləməsi aşkar inzibati xəta olmuş və həmin inzibati xətanın mövcudluğu həm F.İsmayılzadənin özünə, həm də qərarı qəbul etmiş orqana məlum olmuşdur. Odur ki, məhkəmə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi tam sübuta yetirilmiş, onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar mövcud olmasa da, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmuşdur. Belə ki, Əmək qanunvericiliyinin pozulması (İXM: maddə 192.1) növünə görə “Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar”dır və xətanın törədildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X10 X14 Xidmətinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X14 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında X10 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsilə 4.000 (dörd min) manat cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-1946/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1946/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver