Məhkəmə qərarları › İş №3(001)-1956/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1956/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1956/2025 18.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, "xxxx" MMC-də xadimə işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(103)-3167/2023 saylı icra sənədi üzrə tələb X4 ödənilməmişdir. Məhkəmə iclasında icra məmuru X3 izahat verərək bildirdi ki, icra sənədinə əsasən, Şəxs 52000 manat pul tutularaq X4 ödənilməlidir. Həmin icra sənədi 03 noyabr 2023-cü il tarixdə İcra Şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmişdir. 2023-cü ilin noyabr ayında İcra Şöbəsində verdiyi izahatında borclu məhkəmə qərarından yeni xəbərdar olduğu üçün ödəniş etmədiyini, borcu birdəfəyə ödəmək imkanının olmadığını, lakin, ödəməkdən yayınmadığını bildirmişdir. Bundan sonrakı izahatlarında da borclu icra sənədini birdəfəyə icra etmək imkanının olmadığını bildirmiş, cüzi ödənişlər etmişdir. Məcburi icra tədbirləri çərçivəsində təqdimat əsasında 18 yanvar 2024-cü il tarixdə İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin həmin tarixli, 3(001)-430/2024 saylı qərarına əsasən, borclu 500 manat cərimə edilmişdir. Sonradan həmin məhkəmənin 21 fevral 2024-cü il tarixli, 8(001)-146/2024 saylı qərardadına əsasən, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu icra sənədinin icrasını təmin etmədiyindən, onun barəsində 24 iyun 2024-cü il tarixdə İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmənin həmin tarixli qərarına əsasən, borclu 1000 manat cərimə edilmişdir. 08 yanvar 2025-ci il tarixdə borclunun işlədiyi hüquqi şəxsə məktub ünvanlanaraq, əmək haqqının 50 faizindən tutmaların aparılması xahiş olunmuş və hazırda hər ay Şəxs əmək haqqısının 50 faizi tutularaq, borcun ödənilməsinə yönəldilir. Protokol tərtib edilən tarixə borc məbləği 50378 manat təşkil edir. Sonda Ə.Q.Hüseynov borclu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar pulunun qaytarılmasını tələb etdiyini bildirib, borclu barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərdi ki, o, indiyədək tələbkara 1622 manat ödəniş etmiş, həmçinin, iş yeri üzrə əmək haqqından tutmalar aparılmaqdadır. Başqa gəliri və əmlakı olmadığından, borcu digər şəkildə ödəmək imkanı yoxdur. Sonda Şəxs məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(103)-3167/2023 saylı icra vərəqəsinə əsasən, Şəxs 52000 manat məbləğində pul vəsaitinin tutularaq X4 ödənilməsi qərara alınmışdır. 03 noyabr 2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan və bildirişdən görünür ki, həmin tarixdə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli, 3(001)- 430/2024 saylı qərarına əsasən, X5 həmin icra sənədinin icrasından yayındığından İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə edilmişdir. Həmin məhkəmənin 24 iyun 2024-cü il tarixli, 3(001)-3825/2024 saylı qərarına əsasən Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat inzibati cərimə edilmişdir. 09 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, tələbkara 1066 manat ödəniş olunmuşdur. Həmçinin, iş materiallarında olan ödəniş qəbzlərinin surətlərindən görünür ki, borclu tərəfindən xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 70 manat, xx.xx.2024-cü il tarixdə 271 manat, xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş olunmuşdur. İcra Şöbəsinin borclunun iş yeri olan "xxxx" MMC-yə ünvanlandırdığı 08 yanvar 2025-ci il tarixli məktubla onun əmək haqqından qalıq borcun yəni 50630 manat məbləğində pul vəsaitinin ödənilib qurtaranacan hər ay 50% tutularaq məktuba əlavə edilmiş hesaba köçürülməsi xahiş olunmuşdur. “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də xadimə işləyir, aylıq əmək haqqı 400 manat təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə Şəxs borcu üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilməmişdir. İş materiallarında olan qəbzlər də onun borcun ödənilməsindən yayınmadığını sübut edir. Həmçinin, məhkəmə iclasında izahat vermiş icra məmuru X3 hər ay borclu Şəxs əmək haqqısının 50 faizinin tutularaq, borcun ödənilməsinə yönəldildiyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 82.1-ci maddəsinə uyğun olaraq borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. İş materiallarından müəyyən olunur ki, borclu Şəxs borcun ödənilməsinə yönəldilə biləcək əmlakı olmadığıdan, tələb onun əməkhaqqına yönəldilmiş və hər ay borcun ödənilməsi üçün borclunun əməkhaqqından tutulmalar aparılmaqdadır. Belə olan halda borclu Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyi müəyyən olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirliliyi sübut etmək yükü barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin deyil, inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyəti orqanın (səlahiyyətli şəxsin) üzərinə düşür və şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmaması ilə yanaşı, sübut edə bilməməsi əsası ilə də onun inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Çünki qanunvericiliyin tələblərinə əsasən şübhə və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar