Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1957/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə 77UA928 dövlət nömrə nişanlı, Changan Qiyuan A 05 markalı avtomobili idarə etmək üçün avtomobil mülkiyyətçisi tərəfindən ona etibarnamə verilmişdir. Həmin avtomobillə taksi kimi fəaliyyət göstərərkən normal qazanc əldə edə bilmədiyindən avtomobili təxminən 1 həftə sonra sahibinə qaytarmışdır. Sonradan ona SMS radar sistemi ilə məlum olmuşdur ki, guya o, həmin avtomobili xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Binəqədi şossesi, E.Əhmədov küçəsində idarə etmiş, buna görə də 400 manat cərimə olunmuşdur. İlk növbədə qeyd etməlidir ki, qeyd edilən tarixdə avtomobil onun tərəfindən idarə edilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edib qərar qəbul edən qurum yalnız avtomobili kamera vasitəsilə çəkilmiş fotoşəklini əlavə etmişdir. Həmin fotoşəkildə sükan arxasında kimin olduğu isə görünmür. O, nəqliyyat vasitəsini idarə etmək hüququmun məhdudlaşdırılmasından sonra hər hansı bir nəqliyyat vasitəsi idarə etməmişdir. 77UA928 dövlət nömrə nişanlı avtomobili 15 mart 2025-ci il tarixdə kimin idarə etməsi barədə isə heç bir məlumatı yoxdur. Beləliklə, barəsində İXM-nin 332.3-cii maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmağında bağlı qəbul edilmiş qərar əsassızdır. Göründüyü kimi, barəsində tərtib edilmiş protokol texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntusunun həqiqətən də onun tərəfindən edilib-edilmədiyi, inzibati xəta pozuntusu baş verən zaman onun həmin avtomobildə olub-olmadığını səlahiyyətli orqan araşdırmadan qanunsuz olaraq barəsində nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə İXM-nin 332.3-cü maddəsi ilə 400 manat məbləğində cərimə olunmağında bağlı tənbeh tədbiri tətbiq etmişdir. Belə ki, ona istinad edilən İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan inzibati xəta olmadığından onun iştirakı ilə müvafiq araşdırma aparılmadan birbaşa elektron qərar qəbul edilməsi qanunsuz olmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 saylı protokol əsasında qəbul edilmiş həmin tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin təmin olunması, xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “SMS Radar” tətbiqindən olan çıxarışdan görünür ki, X3 EQ/ 26678589 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla İXMnin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati cərimə edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Səlahiyyətli orqandan tərəfindən X2 İXM-nin 332.3.cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X2 İXM-nin 332.3.cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. X3 inzibati xətanın töərdildiyi avtomobilin onun tərəfindən idarə edilmədiyini, həmin avtomobilin taksi şirkətinə məxsus olmasını, bir müddət istifadə etdikdən sonra təhvil verdiyini bildirmişdir. Göründüyü kimi inzibati xətanın X3 tərəfindən törədilməsinə dair şübhələr mövcuddur və səlahiyyətli orqan qeyd olunan şübhələri təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında ehtimal olunan inzibati xəta törədildiyi zaman foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr tərəfindən qeydə alınmış və xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş, **-UA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin foto şəkilləri mövcud olsa da, həmin foto şəkillərdən nəqliyyat vasitəsinin bilavasitə X3 tərəfindən idarə edilməsini müəyyən etmək mümkün deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, inzibati xəta hadisəsini aşkar etmiş xüsusi texniki vasitəsilə qeydə alınmış görüntülərdə nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsinin əks olunub-olunmaması müəyyən edilməli, olduğu halda həmin görüntülər əldə edilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ 26678589 inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1957/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1957/2025
22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver