Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1968/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 16993.51 Avro məbləğində vəsaiti 20 aprel 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il keçsə də, 16993.51 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə, həmçinin, “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə istifadəsində olan mobil nömrəyə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in ona çatmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdir. Məhkəmə iclasının inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də yerləşən hesab üzərindən xx.xx.2021-ci il tarixdə 16993.51 Avro məbləğində vəsait göndərilmişdir. Həmin vəsait xx.xx.2020-ci il tarixli, 069/2020 saylı müqaviləyə əsasən A.B.S.S.R.L şirkətinin bank hesabına köçürülmüşdür. Həmin mallar A.B.C.S.R.L şirkəti tərəfindən göndərilməli idi lakin həmin şirkət öz təsis qaydalarına uyğun olaraq adını dəyişdirərək X5 S.P.A şirkətinə birləşdirilmişdir. Bu səbəbdən həmin mallar Azərbaycan Respublikasına X5 S.p.A şirkəti tərəfindən göndərilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, 069/2020 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı “A.B.S. S.R.L” ilə alıcı Şəxs MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli “Köçürmə haqqında ərizə”dən görünür ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan hesabdan 16993.51 Avro məbləğində pul vəsaiti A.B.S.S.R.L şirkətinin hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etməyən müştərilərdən biri də Şəxsdir. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X5 S.P.A şirkəti tərəfindən 13222,37 manat dəyərində mallar ölkəyə idxal olunmuşdur. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X5 S.P.A şirkəti tərəfindən 8131,91 manat dəyərində mallar ölkəyə idxal olunmuşdur. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X5 S.P.A şirkəti tərəfindən 1995,85 manat dəyərində mallar ölkəyə idxal olunmuşdur. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən "xxxx" ASC-də olan vəsaitindən köçürülmüş 16993.51 Avro məbləğində köçürmənin müqabilində ölkəyə müxtəlif vaxtlarda mal idxal olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş “Pavia” Ticarət, Sənaye və X4 İtLYAN Biznes Resyestri-Şirkət Qeydiyyat İdarəsinin hesabatından görünür ki, “A.B.S. S.R.L” şirkəti birləşmə yolu ilə “X5” S.p.A şirkətinə birləşmişdir. Elə bu səbəbdən müqavilə üzrə malların göndərilməsi də həmin şirkət tərəfindən icra edilmiş və Şəxs MMC-nin 069/2020 saylı, xx.xx.2020 tarixli müqaviləyə əsasən köçürülmüş 16993.51 Avro köçürməsi üzrə alınan mallar **********2115 sorğu nömrəli yük gömrük bəyannaməsi ilə ölkəyə idxal edilmiş, şirkətin bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Göründüyü kimi, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə "xxxx" ASC hesabına ölkə xaricinə köçürdüyü 16993.51 Avro məbləğində vəsait hesabına olan mallar ölkəyə idxal olunmuşdur. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-1968/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1968/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver