Məhkəmə qərarları › İş №3(001)-1972/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1972/2023

24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1972/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələri X3 və X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndələri X6 və X1 iştirakları ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC İD********** və İD********** nömrəli müraciətlər əsasında idxal etdiyi qida məhsullarını (isti şokolad, sirop və s.) qida təhlükəsizliyi sertifikatı olmadan 2023-cü ilin mart ayında ünvan 1 ünvanda yerləşən anbarda satmışdır. Belə ki, Şəxs MMC idxal etdiyi yeyinti məhsullarına (isti şokolad, sirop və s.) qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə İD********** və İD********** nömrəli müraciətlər etmişdir. “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Şəxs MMC-in idxal etdiyi yeyinti məhsulları isti şokolad və sairdən ibarət olduğundan və həmin yeyinti məhsullarının uzun müddət saxlanması mümkün olmadığından xx.xx.2023-cü ildə cəmiyyətin ünvan 1 ünvanda yerləşən obyektinə baxış keçirilmiş, baxış zamanı məhsullar ambarda aşkar edilməmişdir. Cəmiyyət həmin qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan satmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndələri X7 və X5 protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tənbeh edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndələri X9 və X4 izahatlarında bildirmişlər ki, Şəxs MMC idxal etdiyi yeyinti məhsullarına (isti şokolad, sirop və s.) qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə İD********** və İD********** nömrəli müraciətlər etmişdir. Həmin məhsullara sertifikat veriləcəyini düşünüb, sertifikat olmadan yeyinti məhsullarını satış üçün mağazalara paylamışlar. Lakin sertifikat verilmədiyini biləndən sonra həmin yeyinti məhsullarını mağazalardan toplamışlar. Bununla belə bir müddət sonra həmin yeyinti məhsullarına görə müvafiq sertifikat almışlar. Hesab edirlər ki, yeyinti məhsulları üçün bir müddət sonra olsa belə qida təhlükəsizliyi sertifikatının verilməsi onların tam təhlükəsiz olduğunu təsdiq edir və bu mənada məhsulların daha əvvəl qida təhlükəsizliyi sertifikatı olmadan satış üçün mağazalara paylanması nəticəsində istehlakçılara hər hansı ziyan vurulmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında İD********** nömrəli müraciətdən görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən idxal etdiyi qida məhsullarına (izoqlükoza siropları, çay tozu və sair) qida təhlükəsizliyi sertifikatı verilməsini xahiş etmişdir. İdxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında İD********** nömrəli müraciətdən görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən idxal etdiyi qida məhsullarına (isti şokolad, sirop vanilli və sair) qida təhlükəsizliyi sertifikatı verilməsini xahiş etmişdir. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, idxal və ixrac olunan qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, İD********** və İD********** nömrəli müraciətlər əsasında idxal edilmiş məhsullara baxış keçirilməsi üçün müraciətlərdə qeyd edilmiş anbarlara baxış keçirilmiş, baxış zamanı məhsullar anbarda aşkar edilməmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinə əsasən qida təhlükəsizliyi sertifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Təsvir olunanlara əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini əsaslı hesab edir və qeyd edir ki, Şəxs MMC idxal etdiyi yeyinti məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirmişdir. Həmin yeyinti məhsullarına görə bir müddət sonra qida təhlükəsizliyi sertifikatının verilməsi isə məhsulların daha əvvəl qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirməyə əsas vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 447.0, 447.0.4-cü maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan,lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC hüquqi şəxs qismində İXM-in 447.0.4cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar