Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1988/2024 05.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2, icra işi üzrə tələbkar hüquqi şəxsin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonu, Govşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Füzuli Rayonu, Füzuli Şəhəri, Govşadlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-1284/15 saylı icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 11881,59 (on bir min səkkiz yüz səksən bir ABŞ dolları, əlli doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanmış, Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. İcra sənədi üzrə bütün zəruri icra tədbirləri həyata keçirilmiş, tələbin yönləndirilməsi üçün borcunun adına olan hər hansı bir əmlak müəyyən edilməmişdir. Əvvəl Şəxs rəsmi işdə işlədiyi zaman tələb sonuncunun əmək haqqına yönləndirilmiş, lakin borclu bundan sonra dərhal işdən çıxmışdır. Borclu bunun səbəbini işlədiyi çörək bişirmə sexində iş şəraitinin ağır olması ilə əsaslandırmışdır. İcra sənədi üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ümumiyyətlə ödəniş edilməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, fəhləliklə məşğul olaraq qazanc əldə edir. Özü əvvəllər” Para Bank”da şöbə müdiri vəzifəsində çalışmışdır. Təxmin 2 il, 6 ay bundan "xxxx" ASCnin əməkdaşları ilə görüşmüş və aylıq 50-100 manat miqdarında ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin onların verdiyi hesab nömrəsinə ödəniş etmək mümkün olmamışdır. İndi ödəniş etməyə imkanı yoxdur, yalnız aylıq 50-100 manat ödəniş edə bilər. Məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəxs dedikləri həqiqətə uyğun deyildir. İlk növbədə qeyd edilməlidir ki, problemli krediti olan şəxslər əgər özləri banka ödəniş etmək üçün yaxınlaşdıqda kreditin ən az 30 faizi güzəştə gedilərək bağışlanır və tələb edilmir. Həmçinin Şəxs özü də əvvəllər bank sahəsində çalışmış, həmin sahədə təcrübəlidir. Yəni onun hesaba ödəniş edə bilməməsi ilə bağlı bildirdikləri ümumiyyətlə inandırıcı deyildir. Məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-1284/15 saylı icra vərəqəsindən görünür ki, Şəxs ümumilikdə 11881,59 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-1284/2015 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-1284/2015 saylı icra vərəqəsi üzrə tələbin Şəxs 10 gün müddətinə könüllü icra etməyi xahiş olunmuş və qeyd olunan bildirişi xx.xx.2020-ci il tarixdə qəbul etməyini imzası ilə Şəxs təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi əsas şərtdir. Odur ki, ilk növbədə Şəxs əməlində inzibati xətanın tərkib əlamətlərinin mövcud olub-olmamasının müəyyən edilməsi üçün sonuncunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-1284/15 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra edib-etməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-1284/15 saylı qətnaməsi xx.xx.2015-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qətnamənin qanuni qüvvəyə minməsindən təxminən 8 il, 11 ay müddət keçmişdir. Həmçinin qeyd olunan qətnamə icraya yönəldilmiş, icra sənədi üzrə xx.xx.2020-ci il tarixdə icraata başlanmış, xx.xx.2020-ci il tarixdə Şəxs tələbin könüllü icrası barədə bildiriş təqdim edilmişdir. Şəxs icra sənədi üzrə tələbi könüllü icra etməyi üçün nəzərdə tutulmuş 10 gün müddət xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Həmin vaxtdan təxmin 3 il, 7 ay müddət keçmişdir. Lakin qeyd olunan müddət ərzində Şəxs icra sənədi üzrə ümumiyyətlə ödəniş etməmişdir. Qeyd olunan müddətlərin kifayət qədər olması nəzərə alındıqda həmin müddət zərfində Şəxs heç bir ödəniş etməməsi sonuncunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(011)-1284/15 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etməməsinə dəlalət edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin deməsinə görə tələbkar bankın əməkdaşları ilə razılaşmış, aylıq 50-100 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin bundan sonra da heç bir ödəniş etməmişdir. Şəxs əvvəllər bank sahəsində çalışması nəzərə alındıqda onun hesaba ödəniş edə bilməməsi barədə izahatının həqiqətə uyğun olması inandırıcı deyildir. Həmçinin şəxsin əgər ödəniş etmək niyyəti olsa idi, icra məmuru vasitəsi ilə depozit hesaba ödəniş edə bilərdi vəya bankın hər hansı bir filialına yaxınlaşa bilərdi. Göstərilənlərlə yanaşı ötən müddət ərzində Şəxs bir dəfə belə ödəniş etməməsi onun icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsi lüzumsuz olduğundan, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Odur ki, yalnız inzibati həbs tənbeh tədbiri tətbiq etməklə Şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq və inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 43,114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-1988/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1988/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver