Məhkəmə qərarları › İş №3(001)-1994/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-1994/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-1994/2024 07.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Şəmkir rayonu, Tatarlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, 06 mart 2024-cü il tarixdə Şəxs özünə məxsus “Toyota” markalı avtomobilinə reklam vurmaq məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə yaxınlaşmışdır. Orada polis əməkdaşları ilə Şəxs arasında mübahisə yaranmışdır. Polis əməkdaşlarının bildirdiyinə görə Şəxs onların qanuni göstərişlərinə tabe olmamışdır. Bu məqsəd ilə şəxs polis bölməsinə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşlarının raportunda bildirilir ki, şəxs video çəkilişdən istifadə etmişdir. Bu zaman polis əməkdaşları narazlıqlarını bildirmişdir. Daha sonra isə aralarında mübahisə yaranmışdır. Həmin yerdə isə adamlar da çox olmuşdur. Raportu tərtib etmiş 4 nəfər şəxsin izahatını almamışdır. Həmin şəxslər Baş X10 İdarəsində işləyirlər və işdən çıxıb gələ bilməmişdirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, avtomobilə reklam vurulmasına icazə verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə getmişdir. Ondan avtomobilinin dörd tərəfdən şəklini çəkib gətirilməsi istənilmişdir. Avtomobildə duracaqda olmuş, duracaqda avtomobilin şəklini çəkə bilməmiş, məcbur avtomobili duracaqdan çıxararaq irəlidə olan yol polisi avtomobilinin yanında saxlamışdır. Yanında oğlanları da olmuş, oğluna avtomobilin şəklini çəkməsini bildirmişdir. Şəkili çəkən zaman polis serjantı qışqıraraq şəkli silməyi tələb etmişdir. O, polisdən normal danışmağı tələb etmiş və 102 xidmətinə zəng etdişdir. Polis işçiləri çoxalmağa başlamış, balaca oğlunu və onu itələməyə başlamışlar. O, polisə heç bir təhqiramiz ifadə işlətməmiş, heç bir müqavimət göstərməmişdir. Mübahisə şəkil çəkmək üstündə başlamış, şəkil çəkməyi də içəridən ona digər polis əməkdaşları tapşırmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Baş X10 İdarəsinə bilavasitə tabe olan komendant xidmətinin polis nəfəri, polis serjantı X4 izahatında bildirmişdir ki, raportda yazılanların hamısı doğrudur. Şəxs avtomobilini şlaqpaunun yanında, giriş hissədə saxlamışdır. Orada avtomobilin şəkillərini çəkirdi. Şəxs şəkil çəkməməsi tələb olunmuş, lakin sonuncu məhəl qoymayaraq, öz işini davam etdirmişdir. Daha sonra ondan şəkil çəkməyi dayandırması tələb olunan zaman əməkdaşa və polisin ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşlarının ünvanına “sizin qolunuzu qırıb, arxadan bağlayaram” məzmununda ifadə işlətmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobilin şəklini çəkmək üçün Şəxs avtomobili elə yerdə saxlamışdı ki, onun avtomobili gediş-gəliş, ümumi fəaliyyətə mane olurdu. Şəxs müraciət olundu ki, avtomobili oradan götürsün. Şəxs da bildirmişdir ki, ona heç kim yer göstərə bilməz və beləcə münaqişə yaranmışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Baş X10 İdarəsinə bilavasitə tabe olan komendant xidmətinin polis nəfəri, polis serjantı X5 izahatında bildirmişdir ki, Şəxs avtomobili idarənin həyətində ortada saxlamışdır. Saxlamağının səbəbi isə reklam kağızı almaq məqsədi ilə avtomobilinin şəklini çəkmək idi. O da Şəxs yaxınlaşıb avtomobili götürməsini xahiş etmişdir. Şəxs isə “götürürəm” deyə-deyə şəkil çəkməyə davam etmişdir. Şəkli isə Şəxs yanında olan oğlu çəkirdi. O bildirmişdir ki, idarənin həyətində şəkil çəkmək olmaz, köməkçi yol var, şəkili orada çəksinlər. O, təkrar olaraq Şəxs yaxınlaşıb avtomobili oradan götürməyi tələb etmişdir. Şəxs isə onunla sərt danışmağa başlamış və götürməyəcəyini bildirmişdir. Bir az vaxt keçdikdən sonra Şəxs əl-qol hərəkəti ilə danışmağa başlamış, daha sonra onun əlini qıracağını bildirmişdir. Şəxs ona əlini qıraram dedikdən sonra digər əməkdaşlar kömək üçün yaxınlaşmışdır. Şəxs daha sonra 102 xidmətinə zəng edərək “bura necə idarədi?”, “buranın yiyəsi yoxdur?” “bu serjantları çölə töküblər” və sair ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Baş X10 İdarəsinə bilavasitə tabe olan komendant xidmətinin polis nəfəri, polis serjantı X2 izahatında bildirmişdir ki, Şəxs qadağan olunan yerdə avtomobilini saxladığından ondan dəfələrlə avtomobilini oradan götürməsi xahiş edilmişdir. Şəxs “götürəcəm” desə də, avtomobilini oradan götürməmişdir. Şəxs yaxınlaşmışlar, bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarını təhqir etmişdir. Onlar da məcbur qalaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsini oraya dəvət etmişlər, onlar da Şəxs polis bölməsinə aparmışlar. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs reklam üçün rəy almaq məqsədi ilə avtomobilinin şəkillərini çəkirdi. Hətta bir qədər şəkil çəkməklərini də gözləmişlər, dəfələrlə “avtomobili çıxardıram” desə də, avtomobili oradan çıxarmamışdır. Bundan sonra münaqişə başlamışdır. Şəxs “Rusiya polisinin başına oyun açmışam, sizində başınıza oyun açaram. Siz kimsiniz?” məzmununda ifadələr işlətmişdir. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, AZA 009535 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:50-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport və şahid ifadələri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan da göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixdə, saat 12:50-də inzibati qaydada tutulmuş, lakin məhkəmə baxışına qədər azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının müşayəti ilə gətirilmişdir. Ona görə də məhkəmə şəxsin məhkəmə baxışına qədər inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi və dərhal məhkəmə iclas zalından azad edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, İXM-nin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclası zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protsesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar