Məhkəmə qərarları › İş №3(001)-2/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2/2023 26.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli 01400/913 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli, 01400/0913 nömrəli qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan 20.000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan X4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət edərək gömrük bəyannamələri üzrə zəruri pul köçürülmələrinin vaxtı-vaxtında yerinə yetirildiyini, lakin bank əməkdaşlarının səhlənkarlığı üzündən bu köçürmələr barədə gömrük idarəsinə lazımı məlumat verilmədiyini qeyd edib, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə səbəb olan Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli, 01400/0913 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2880/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı ilə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli, 01400/0913 saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-286/2022 saylı, 04 fevral 2022-ci il tarixli qərarı ilə Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli, 01400/0913 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair 3(001)-2880/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-597/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı ilə şikayətçi X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2021-ci il tarixli 01400/913 nömrəli inzibati qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati qərar qəbul edilmiş İsfəndiyar Axundovun müdafiəçisi Nümayəndə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1613/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə İsfəndiyar Axundovun müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-597/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı, eləcə də məhkəmənin 3(001)-2880/2021 saylı, 09 avqust 2021-ci il tarixli inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında dair qərardadının barəsində inzibati qərar qəbul edilmiş İsfəndiyar Axundovun müdafiəçisi Nümayəndə tərəfindən verilmiş şikayətinə əsasən ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında şikayət verən X2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə şikayəti müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC-in xx.xx.2021-ci il tarixli məktubu və hesabdan çıxarışdan görünür ki, fiziki şəxs İsfəndiyar Axundova aid ixrac yük gömrük bəyannamələri üzrə qalıq borcu mövcud deyildir və gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 576.364,55 ABŞ dolları (979.819,74 manat) məbləğində vəsait müvəkkil bankda olan hesabına köçürülmüşdür. Lakin baş köçürmələri barədə gecikmə dünyada baş vermiş pandemiya ilə əlaqədar bütün sferalarda olduğu kimi, bank sistemində də tam iş rejiminin pozulması ilə əlaqədar olmuş və bu köçürmələr barədə gömrük idarəsinə vaxtında lazımi məlumatlar verilməmişdir. Belə olan halda, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə cərimələnməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 01400/0913 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhz buna görə Binəqədi Rayon Məhkəməsinin 3(001)- 2880/2021 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021 -ci il tarixli, 01400/0913 saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən Binəqədi Rayon Məhkəməsinin 3(001 )-2880/2021 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 3(001)-597/2022 saylı, 05 may 2022-ci il tarixli qərarı ilə İsfəndiyar Axundovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 01400/0913 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda kokret bir hala istinad edilməmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda İsfəndiyar Axundovun heç bir qalıq borcunun olmadığının öz əksini tapması hər hansı hala istinad edilməsi məcburiyyətini yaratmır. Çünki qoşma olaraq əlavə edilmiş sənəddə qalıq borcu olmadığı öz əksini tapmışdır. Hər halda qalıq borcu olduğu təqdirdə "xxxx" ASC bunun əksini cavab məktubunda qeyd etməzdi. Hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən gömrük bəyannamələri üzrə ödənişlər vaxtında yerinə yetirilmişdir. Odur ki, X2 gömrük bəyannamələri üzrə zəruri pul köçürülmələrini vaxtı-vaxtında yerinə yetirildiyini, lakin bank əməkdaşlarının səhlənkarlığı üzündən bu köçürmələr barədə gömrük idarəsinə lazımı məlumat verilmədiyini qeyd edib, Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli, 01400/0913 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş qərarından şikayət verilən orqanın – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə sözügedən şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli, 01400/0913 saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şimal Ərazi Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 12 iyul 2021-ci il tarixli, 01400/0913 nömrəli qərarından görünür ki, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materiallarına əsasən müəyyən edilmişdir ki, X4 tərəfindən 2020-ci il tarixdə 31 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 576364,55 ABŞ dolları (979819,74 manat) məbləğində vəsaitin müvəkkil bank hesabına köçürülmədiyi aşkar edilmişdir. X1 Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 20.000 manat məbləğində valyuta dəyərinin 50 faizi, yəni 10.000 manat məbləğində cərimə edilmişdir. "xxxx" ASC-in xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş qoşmadan görünür ki, 25 yol gömrük bəyannaməsi üzrə zəruri ödənişlər həyata keçirilmişdir. Səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilmiş 17 yanvar 2022-ci il tarixli baxış protokolundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, xx.xx.2022-cı ıl tarixə əldə olunmuş məlumata əsasən, 105.985,63 ABŞ dolları (180175,57 manat) məbləğində vəsaitin X2 müvəkkil olunmuş bank hesabına köçürülməsi təmin edilməmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7113 saylı rəyindən görünür ki, X2 31 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac etdiyi yüklərin müqabilində müvəkkil olunmuş bank hesablarına köçürməli olduğu vəsaitin məbləği 576.364,55 ABŞ dolları təşkil edir. X2 31 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac etdiyi yüklərin müqabilində müvəkkil olunmuş bank hesablarına 470.378,92 ABŞ dolları məbləğində pul vəsait köçürülmüşdür. X2 31 gömrük bəyannaməsi üzrə Şimal Ərazi Baş Gömrük İdarəsində konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac etdiyi yüklərin müqabilində müvəkkil olunmuş bank hesablarına köçürülməmiş qalıq məbləği 105.985,63 ABŞ dolları təşkil edir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, X4 tərəfindən 31 gömrük bəyannaməsindən 24-ü üzrə müvafiq olaraq zəruri vəsaitlərin bank hesabına köçürülməsi təmin edilmiş, digər 7 bəyannamə üzrə isə xarici valyutada olan vəsaitin, yəni 105.985,63 ABŞ dolları (180175,57 manat) məbləğinin X4 tərəfindən müvəkkil olunmuş bank hesabına köçürülməsi təmin edilməmişdir. Ona görə də səlahiyyətli orqan tərəfindən onun əməli düzgün olaraq İXM-in 483-cü maddəsi ilə tövsif edilmiş və ona həmin maddəyə əsasən cərimə növündə tənbeh verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 483-cü maddəsinə görə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə -inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 483-cü maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli 01400/913 saylı qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli 01400/913 saylı qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar