Məhkəmə qərarları › İş №3(001)-200/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-200/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-200/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-ci PŞ-in sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 08 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində yerləşən “Grand Market”in qarşısında Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in əməkdaşları tərəfindən saxlanılaraq həmin polis şöbəsinə dəvət edilmiş, PŞ-də üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd tibbi şprisin içərisində olan təmiz çəkisi 0,090 qram təşkil edən narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-ci PŞ-in sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-ci PŞ-in sahə inspektoru, polis baş leytenantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 08 yanvar 2023-cü il tarixdə 4-cü PŞ-yə mötəbər mənbədən Şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat əsasında Şəxs 08 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində yerləşən “Grand Market”in qarşısında Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. PŞ-də üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd tibbi şprisin içərisində olan narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilib götürülmüşdür. Həmin kütlənin tərkibini və çəkisini müəyyənləşdirmək məqsədilə məhkəmə-kimyəvi ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş rəyə əsasən sözügedən şprisdə təmiz çəkisi 0,090 qram təşkil edən narkotik vasitə heroin olmuşdur. Sorğu-sual zamanı Şəxs törətdiyi inzibati xətanı etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Onun narkotik vasitələr aludəçisi olduğunu nəzərə alıb, ona inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, narkotik vasitələrdən istifadə edir. 08 yanvar 2023-cü ildə günorta saatlarında üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata tibbi şprisin içərisində narkotik vasitə heroin almış və əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, imkan olanda istifadə etsin. Həmin gün saat 13 radələrində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsində yerləşən “Grand Market”in qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-in 4-cü PŞ-yə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-in 4-ci PŞ-yə aparılmış və orada ona hüquq və vəzifələri izah edilərək, üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən həmin şprisi çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra üzərinə baxış keçirilmiş, hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Həmin tibbi şpris polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Ona yüngül növdə tənbeh təyin edilməsini xahiş etmişdir. Şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, 08 yanvar 2023-cü ildə saat 13 radələrində Binəqədi RPİ-in 4-cü PŞ-in əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxtdan məhkəməyə gətirilənədək əvvəlcə Binəqədi RPİ-in MSY-də, sonra isə 4-cü PŞ-də saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə cinayət işi başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 43-cü PŞ-yə göndərilmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/99 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “..Zərflər üçün..(imza).” sözləri olan zərfdəki qapaqlı birdəfəlik şprisdə 0,3 ml həcmdə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin məhsulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0,090 qramdır. Tədqiqata sərf edildi 0,1 ml, qalıq 0,2 ml. MN seriyalı № ******* nömrəli 10 yanvar 2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə protokol tərtib edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Həmin narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınmasına görə cinayət məsuliyyəti 0,150 qramdan yaranır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs narkotik vasitələr aludəçisi olduğunu nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə inzibati həbs növündə tənbehin həddini müəyyən edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-in 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır:..115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir... Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-in saxlancına təhvil verilmiş Şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,2 ml narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2023-cü il tarixdən saat 13:00-dan hesablansın. Binəqədi RPİ-in saxlancına təhvil verilmiş Şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,2 ml narkotik vasitə heroin məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar