Məhkəmə qərarları › İş №3(001)-2001/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2001/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2001/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi polis kapitanı X5, zərər çəkmiş şəxs X4, zərər çəkmiş şəxsin vəkili 11 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ağdam rayonu, Başqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Başqərvənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Su və Meliorasiyası idarəsinin 1285 nömrəli yataqxanasında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş 15 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi polis kapitanı X13 izahat verərək bildirmişdir ki, X9 ərizə ilə Binəqədi RPİ-nin 6cı polis bölməsinə müraciət edərək Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə döyüldüyünü bildirmişdir. Təhqiqat zamanı araşdırma aparılmış, tərəflərdən izahat alınmış, müvafiq ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində X4 bədənində aşkar edilmiş xəsarətlərin dərəcələrini təyin etmək mümkün olmamışdır. Bununla da Binəqədi RPİ-nin 6-cı polis bölməsinin təhqiqatçısı Xəyal Şükürov tərəfindən cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Təhqiqatçının qərarını əldə etdikdən sonra qanunvericiliyin tələblərinə uyğun tədbirlər görmüş, tərəfləri çağıraraq izahatlarını almış və Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərini müəyyən etdiyindən sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hər iki tərəf arasında uzun müddətdir davam edən ədavət mövcuddur, illərdir küsülüdürlər. Bundan başqa inzibati xəta haqqında protokolun müəyyən etdi hissəsində texniki olaraq səhv getdiyini bildirmişdir. Protokolun həmin hissəsində “X6 döymüşdür” qeydi əvəzinə “X10 tərəfindən döyülmüşdür” qeydi aparılmışdır. Qeyd edilən texniki xətanı protokol tərtib edilərkən tərəflərin bir-biri ilə sözlü münaqişəyə girməsi ilə əsaslandırmışdır, belə ki, tərəflər sözlü münaqişə etdiyindən onları nizam-intizama əməl etməyə dəvət edərkən, diqqətsizlik edərək belə bir xətaya yol vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izahatında bildirmişdir ki, Şəxs ilə qonşuluqda yaşayırlar, onun və ailəsinin Şəxs ailəsi ilə yaxud özü ilə hər hansı bir qərəzi yoxdur. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailəsi və özü davamlı onların ailəsinə sözlər ataraq, onları nalayiq sözlərlə təhqir edirlər. Odur ki, uzun müddətdir münasibətlərində soyuqluq mövcuddur. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yaşadıqları yataqxananın dəhlizində söhbət edərkən Şəxs ailə üzvlərinin təhqir olunduğunu zənn etdiyindən evindən çıxaraq onun ailəsinin üzərinə hücum çəkmişdir. Bu zaman o Şəxs atasını vuracağını hesab edərək araya keçmişdir. Çünki atası ürək xəstəsidir, açıq ürək əməliyyatı keçirmişdir, hər hansı bir münaqişə halında həyatı üçün ciddi təhlükə yarana bilər. Bu zaman Şəxs onu döymüşdür, lakin o hər-hansı bir şəkildə Şəxs zərbə endirməmişdir. Ona verilmiş suallara cavab olaraq özünün və ailəsinin Şəxs və onun ailəsinə nalayiq ifadə səsləndirmədiyini, Şəxs onun ailəsinə bir daha sataşmamağa dair söz verəcəyi halda onu bağışlayacağını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, zərər çəkmiş şəxs X4 atası xx.xx.2023-cü il tarixdə onun həyat yoldaşı X2 söymüş, xx.xx.2023-cü il tarixdə nalayiq söyüşlərlə həyat yoldaşını təhqir etmişdir. O bu söyüşlərə dözmədiyindən zərər çəkmiş şəxs Vəliyev Çingizgilin üzərinə getmiş və onlarla mübahisə yaşamış, Vəliyev Çingizə yalnız sözlü mübahisə yaşamış, X7 isə bir dəfə yumruq zərbəsi endirmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq yüksək mənəviyyatının olduğunu, buna görə də söyüş qəbul edə bilmədiyini, X4 və ailəsinin onlardan üzr istəyəcəyi təqdirdə onlarla barışacağını bildirmişdir. Məhkəmə tərəfindən ona zərər çəkmiş şəxslə barışdığı təqdirdə iş üzrə icraata xitam verilə biləcəyini bildirildikdə, heç bir zaman söyüş götürmədiyini, cəzasını çəkməyə hazır olduğunu, ailəsinə qarşı işlədilmiş nalayiq ifadə səbəbi ilə zərər çəkmiş şəxsə yumruq zərbəsi endirdiyindən əməlindən peşman olmadığını, ailə üzvlərinin təhqir edilməsini kişiliyinə sığdıra bilmədiyini bildirmişdir. Məhkəmə iclasında 11 saylı Vəkil Bürosunun vəkili X3 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 157ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin yuxarı həddində tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8”-nin xx.xx.2023-cü il tarixli, 759 saylı rəyindən görünür ki, X4 bədən səthində aşkar olunmuş xəsarət sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcə təyin oluna bilməmişdir. Bundan başqa rəydən o da görünür ki, həmin xəsarət xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsi ilə endirilmiş zərbə nəticəsində əmələ gələ bilərdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X4 ərizəsi ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun “müəyyən etdi” hissəsində olan anlaşılmazlıq bağlı sahə rəisinin dediklərini həqiqətə uyğun hesab edir. Həmçinin qeyd edilən inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib edildiyi açıq şəkildə müəyyən olunduğundan, həmçinin xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda da Şəxs əməlində inzibati xətanın tərkib əlamətlərinin müəyyən edilməsi göstərildiyindən inzibati xəta haqqında protokolun faktiki olaraq Şəxs barəsində tərtib edilməsini istisna edən heç bir hal məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədə ilə işin mahiyyəti üzrə baxılmasının məqsədəuyğun olması qənaətinə gəlir. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatı və iş materiallar ilə Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Belə ki, Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə qonşuluğunda yaşayan zərər çəkmiş şəxs X7 yumruq zərbəsi endirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həyat yoldaşına qarşı nalayiq ifadə işlədilməsi səbəbindən istinad edilən inzibati xətanı törətdiyini bildirərək əməlinə haqq qazandırmağa çalışsa da, məhkəmə onun bu cür mövqeyini qəbuledilən və hüquqi hesab etmir. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8”-nin xx.xx.2023-cü il tarixli, 759 saylı rəyində X4 bədən səthində aşkar edilmiş sağlamlığa zərərvurmayan xəsarətin xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsi ilə endirilmiş zərbə nəticəsində əmələ gəlməsinin müəyyən edilməsi Şəxs tərəfindən zərər çəkmiş X7 yumruq zərbəsi endirildiyinə dəlalət edir. Tərəflərin izahatı və iş materialları ilə Şəxs tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək tənbeh tədbirinin Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsiplərinin tələblərinə uyğun şəkildə həll edilməsini zəruri hesab edir. Odur ki, məhkəmə qanunçuluq və ədalətlilik prinsiplərini rəhbər tutaraq belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmaması, məhkəmə iclasında ona zərər çəkmiş şəxslə barışıq əldə edildiyi halda iş üzrə icraata xitam verilməsinin əsasları izah edilməsinə baxmayaraq zərər çəkmiş şəxslə barışığa cəhd etməməsi kimi hallar nəzərə alınmalı və inzibati tənbehin məqsədlərinə nail olunması üçün Şəxs barəsində İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilməli və həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar