Məhkəmə qərarları › İş №3(001)-2003/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2003/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2003/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də anbardar vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 bildirmişdir ki, Şəxs 16 may 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etməməsi və ictimai asayışı pozaraq xırda xuliqanlıq etməsi səbəbindən şöbəyə daxil olmuş məlumt əsasında şöbənin polis əməkdaşları Binəqədi RPİ-nin YPX əməkdşlarının onu saxladığı Binəqədi rayonu ərazisinə yollanmışlar. Həmin ərazidə Şəxs onun idarə etdiyi avtomobili saxlayan YPX əməkdaşlarının avtomobili yoldan kənara çəkərək açarları təqdim etməsi ilə bağlı qanuni tələblərinə tabe olmamış və idarə etdiyi avtomobilin açarını təqdim etməyərək ictimai yerdə səs-küy salaraq ətrafda olan insanların narahatçılığıa səbəb olmuşdur. Bundan sonra YPX əməkdaşları tərəfindən həmin əraziyə PPX əməkdaşları dəvət edilmiş, lakin bu zaman Şəxs həmin ərazidən qaçmışdır. Qısa müddət sonra PPX əməkdaşları tərəfindən Şəxs həmin ərazidə ara küçələrdən birində saxlanılmışdır. Lakin Şəxs sakitliyə dəvət etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirərək ictimai asayişi pozmuş və polisin qanuni tələblərinə tabe olmamağa davam etmişdir. Daha sonra isə sonuncu 4-cü Polis Şöbəsinə gətirilmiş və tərəfindən Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 16 may 2023-cü il tarixdə Binəqədi rayonu ərazisində YPX əməkdaşları tərəfindən idarə etdiyi avtomobil cərimə borclarının çox olması səbəbi ilə saxlanılmış və ona avtomobilin cərimə meydançasına getməli olması bildirilmişdir. Lakin polis əməkdaşlarına maddi imkanı olmadığından avtomobilinin cərimə meydançasına aparmamalarını və gələcəkdə cəriməni ödəyəcəyini bildirsə də polislər bununla razılaşmamışlar. Bu səsəbdən o əsəbiləşmiş və avtomobilin açarını özündə saxlayaraq istəyirlərsə avtomobili aparmalarını bildirmişdir. Polislər ondan açarı istəsələr də o, təqdim etməmişdir. Sonra isə bir az əsəbi olduğundan ucadan kobud sözlər söyləməyə başlamışdır. Daha sonra həmin əraziyə PPX dəvət edilmiş və o, PPX əməkdaşları gəlmədən oradan qaçmağa nail olmuşdur. Lakin yorlduğundan çox uzaqlaşa bilməmiş və ara küçədə gizlənmişdir. Bir müddət sonra PPX əməkdaşları onu görüb avtomobilə əyləşdirmək istədikdə onlara da qarşı ucadan kobud sözlər deyərək buna mane olmağa çalışmışdır. Lakin polislər onu patrul avtomobilinə əyləşdirib 4-cü Polis Şöbəsinə aparmışlar. Şöbədə izahatı alınmış və barəsində protokol tərtib edilmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu, ailəsində yeganə qazanc gətirən şəxs olmasını qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin YPX inspektoru polis serjantı X3 izahatında bildimrişdir ki, 16 may 2023-cü il tarixdə xidmətdə olduğu zaman Binəqədi rayonu, Binəqədi şosesi ərazisində Mercedes markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin adına xeyli sayda cərimə olduğundan sürücü tərəfindən saxlanılmışdır. sonra o, sürücüyə yaxınlaşıb özüü təqdim edərək saxlama səbəbini izah etmişdir. Sürücü isə sənədlərini təqdim etməyərək tabesizlik göstərmişdir. Sürücüdən avtomobili yolun hərəkətsiz istiqamətinə çəkməsi xahiş olunmuş, lakin sürücü bundan imtina edərək uzadan kobud sözlərlə ictimai asayişi pozmuş və tabesizlik göstərərk avtomobildən düşərkən açarı özü ilə götürmüş və onlardan yayınmağa çalışmışdır. Bu səbəblə o, dərhal əraziyə PPX əməkdaşlarının köməyi məqsədi ilə polis şöbəsinə zəng etmişdir. Lakin həmin şəxs artıq ara məhəlləyə getmişdir. Bir müddət sonra PPX əməkdaşları əraziyə gəldikdə sürücünün getdiyi yer tərəfin onlara göstərmişlər və polislər onu saxlamağa nail olmuşlar. Daha sonra isə o, Binəqədi rayon Polis İdarəsinin 4cü Polis Şöbəsinə getmiş və şöbəyə raportla müraciət etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, AZA 019187 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 may 2023-cü il tarixdə saat 14:57-də inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmiş və həmin tarixdə saat 16:00-da inzibati həbsdən azad edilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, Binəqədi şosesi ərazisində xırda xuliqanlıq etdiyindən və polisin qanuni tələblərinə tabe olmadığından barəsində İXMin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, İXM-in 34.3-cü maddəsini rəhbər tutaraq hesab edir ki, Şəxs İXMin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində daha ciddi xətaya görə müəyyən edilmiş İXM-in 535.1-ci maddəsinin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar