Məhkəmə qərarları › İş №3(001)-2007/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2007/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2007/2024 29.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X9 idarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, 8 fevral 2024-cü il tarixində özünə məxsus “HYUNDAİ ACCENT” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə axşam saat 18:00 radələrində işdən çıxıb Ziya Bünyatov prospekti ilə evinə doğru hərəkət edərkən yol nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur. Belə ki, geriyə dönmək üçün manevr edərkən yol hərəkəti qaydalarına tam riayət edərək, xarici işiq siqnallarını yandırıb hərəkətin digər iştirakçıları üçün maneə yaratmadığına və manevrin təhlükəsiz olmasına əmin olduqdan sonra manevrə başlamışdır. Manevrə başladıqdan bir qədər sonra “KİA” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü qəfil sürətlə sol tərəfdən ötməyə çıxaraq onun nəqliyyat vasitəsinin qabaq qapı hissəsindən vurmuşdur. Hadisədən dərhal sonra sığorta şirkətinə və 102 qaynar xəttinə məlumat verilmişdir. Hadisəyə gələn sığorta şirkətinin əməkdaşları hadisəni video və foto vasitəsi ilə qeydə almış, YPX əməkdaşı isə nəqliyyat hadisəsinin sxemini çəkməmiş sənədlərini alaraq növbəti gün BDYPİ-yə yaxınlaşmalarını xahiş etmişdir. O, oğlu ilə ora yaxınlaşdığı zaman YPX inspektoru Cəlilov Nicat hadisə zamanı qeydə alınmış və onun günahının olmadığını aşkar əks etdirən foto şəkilləri nəzərə almayaraq heç bir mötəbər sübut təqdim etmədən israr etmişdir ki, günah ondadır. Bundan sonra həmin inspektor ondan dediyi sözlərlə izahat yazmasını və imzalamasını demişdir. O, bununla razı olmadığı üçün onlarla kobud rəftar etməyə başlamış və izahat yazarkən onu çaşdırmağa çalışmışdır. Bir neçə gün sonra adı çəkilmiş inspektor qanunvericiliyin prosessual tələblərini pozaraq qərar qəbul etmiş, həmin qərarı İXM 57-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət elektron portalına yükləməmiş və ona göndərməmişdir. Bunun üçün o, məcbur olaraq 01 mart 2024-cü ildə BDYPİ-yə gedərək qərarın ona rəsmi qaydada verilməsini tələb etmişdir. Həmin inspektor yenidən ondan guya rəhbərliyin tapşırığı olduğunu söyləyərək yeni izahat verməyini tələb etmişdir. O, hesab edir ki, xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarı qəbul etmiş BDYPİ Polis kapitanı X4 işin həllində düzünə və dolayısı ilə maraqlı olmuş və bunun nəticəsi olaraq qanunsuz qərar qəbul etmişdir. Hadisə zamanı qeydə alınmış şəkillərdən aydın göründüyü kimi, “HYUNDAİ” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xarici işiqlarını yandırıb manevrə başlamasına baxmayaraq “KİA” markalı 10KJ040 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü YHQ-nun tələblərini kobud şəkildə pozaraq dönmə siqnalı verən və manevrə başlamış nəqliyyat vasitəsini sol tərəfdən ötməyə cəhd edərkən onu ortasından (qapısından) vuraraq qəza törətmişdir. Hazırkı iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Qeyd edilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib, bildirmişdir ki, hadisə baş verdiyi avtomobil yolu 3 hərəkət zolaqlıdır. O, hadisə vaxtı idarə etdiyi avtomobillə dönmə işığını yandırıb sağ hərəkət zolağından sol hərəkət zolağına keçmək istəyərkən “KİA” markalı avtomobilin sürətlə hərəkət edib, onun avtomobilinin qabaq sol qapısını vurmuşdur. O, dönməyə başlamamışdan əvvəl dönəcəyi sol zolaqda avtomonbillərin olmadığını gördükdən sonra manevr etməyə başlamış, lakin “KİA” markalı avtomobilin sürücüsü onun həmin zolağa daxil olmasına və dönmə işığın yandırmasına məhəl qoymayaraq, onun hərəkət zolağını dəyişdirməsinə imkan verməyərək əksinə sürətini artırıb yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Bundan əlavə o, deyilən vaxtda narkoloji dispanserə gedib müayinədən keçsə də və Bakı şəhər Baş Polis idarəsi X9 idarəsinə getsə də qarşı tərəf həmin vaxtlarda gəlməmişdir. Bu isə həmin hadisə ilə bağlı araşdırma aparmış polis əməkdaşının bu işdə ona qarşı qərəzli olmağını göstərir. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis idarəsi X9 idarəsinin nümayəndəsi X5 bildirmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsindən əvvəl sağ hərəkət zolağında hərəkət edən X3 idarə etdiyi “HYUNDAİ” markalı avtomobillə orta hərəkət zolağında hərəkətdə olan “KİA” markalı avtomobilin qarşısına çıxmışdır. Bununla da sürücü Mehriban Bağırova tərəfndən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin tələbləri pozulmuşdur. X3 barəsində əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilmişdir. Odur ki, sürücü X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslı olduğundan şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 18:16-da Bakı şəhəri, Nəsimi rayonu, Ziya Bünyadov prospektində “HYUNDAİ ACCENT” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 43-cü maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin qanunun 43-cü maddəsinin 6-cı bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 18:16-da Bakı şəhəri, Nəsimi rayonu, Ziya Bünyadov prospektində “HYUNDAİ ACCENT” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən əsaslı olaraq xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar