Məhkəmə qərarları › İş №3(001)-2013/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2013/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2013/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, "MSS Construction» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs MMC barəsində olan xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi dəvət edilməmiş, protokolda soyadı, adı və ata adı göstərilməmiş, onun izahatı alınmamış, hüquq və vəzifələrinin izahına dair qeyd aparılmamış, protokolun surəti təqdim edilməmişdir. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmalı, hüquq və vəzifələri izah edilməli və inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalıdır. Lakin tərtib edilmiş protokoldan müəyyən edilir ki, həmin protokolu tərtib edən əməkdaş hüquqi şəxsin səlahiyyətli nümayəndəsini dəvət etmədən, onun iştirakı olmadan, hər hansı araşdırma aparmadan qeyd edilən protokolu tərtib etmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən həmin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin protokol tərtib edən orqan tərəfindən qeyd edilən qanunverciliyin tələblərinə əməl edilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi dəvət edilməmiş və heç bir araşdırma aparılmamışdır. İş materiallarında da protokolun tərtib edilməsi üçün dəvət etmə barədə məktubun göndərilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Bundan başqa İXM-niun 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Göründüyü kimi Şəxs MMC barəsində xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol İXM-nin 430.4-cü maddəsinə əsasən tərtib edilmişdir və həmin inzibati xəta Məcəllənin XXXVİİ fəslində nəzərdə tutulan “Gömrük qaydaları əleyhinə olan inzibati xətalar”a aiddir. Yəni inzibati orqan tərəfindən qeyd edilən maddə üzrə protokol tərtib edilməzdən əvvəl inzibati araşdırma aparılması zəruridir. Belə ki, qeyd edilən protokol sadəcə bankın məlumatına əsasən tərtib edilmişdir. Halbuki, mallar faktiki olaraq idxal edildiyi halda banka məlumat verilməmiş də ola bilər. Lakin protokol tərtib edən səlahiyyətli şəxs tərəfindən malların həqiqətən idxal edilib edilməməsi dəqəqiləşdirilməmiş, idxal edilməməsinin səbəbləri, həmin səbəblərin üzürlü olubolmaması, müvafiq şəxslərin təqsirinin isə olub-olmaması araşdırılmamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli EP ******* saylı inzibati protokol və əlavə edilmiş sənədlərin İXM-nin 18.6-cı maddəsinə əsasən məhkəməyə göndərilməsi göstərilsə də, həmin məcəllənin 18-ci maddəsinin digər tələbləri nəzərə alınmamış və həmin tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Eyni zamanda hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Göründüyü kimi İXM-in 18.2-ci maddəsində hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarının halları göstərilmişdir. İXM.nin 430.4-cü maddəsinin sanksiyasında qeyd edilən inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilməsi göstərilmişdir. Lakin Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda isə heç bir araşdırma aparılmadan, niyə vəzifəli şəxs barəsində deyil hüquqi şəxs barəsində birbaşa protokolun tərtib edilməsi, habelə həmin inzibati xətanın hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün konkret olaraq hansı şəxs tərəfindən törədilməsi və bu inzibati xəta ilə hüquqi şəxsin xeyrinin və ya maraqlarının qorunmasının nədə ifadə olunması göstərilməmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar