Məhkəmə qərarları › İş №3(001)-2014/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2014/2025

16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2014/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri Dadaşov X1 nümayəndəsi “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədrinin köməkçisi Nümayəndə iştirakı ilə, “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X3 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 700 (yeddi yüz) manat məbləğdə cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qərar qəbul etmiş qurumun səalhyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Proses iştirakçılarının ifadələri:

3. Məhkəmə iclasında Dadaşov X1 nümayəndəsi “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədrinin köməkçisi Nümayəndə verilmiş şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində İdarə tərəfindən tərtib edilmiş protokolla bağlı zəruri sübutların toplanib təqdim ediləməsi ilə bağlı bildiriş xx.xx.2025-ci il tarixində onlara çatmış, bu zaman zəruri sənədlər toplanılaraq qarşı tərəfə təqdim edilsə də müfəttişlikdən bildirilmişdir ki, artıq xx.xx.2025-ci il tarixində vəzifəli şəxs kimi X5 barəsində İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərarın surətinin özləri tərəfindən xx.xx.2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidmətinin Bakı şəhər İdarəsinə yaxınlaşaraq əldə etdiklərini bildirən nümayəndə onu da əlavə etdi ki, fəaliyyət göstərdikləri publik hüquqi şəxs dövlət büdcəsindən maliyyələşir. İşçilərin son haqq hesabı xx.xx.2025-ci il tarixində ödnilməli olsa da büdcəyə dövlət tərəfindən pul köçürülmədiyi üçün onlara son haqq hesab xx.xx.2025-ci il tarixində verilmişdir. Dövlət tərəfindən yeni il üçün büdcə ödənişi 2025-ci ilin martında ödənilmişdir. Publik hüquqi şəxs 2024-cü ilin qalıq büdcəsini əmək haqlarının ödənişinə yönəltmək üçün zəruri icazələri aldıqdan sonra mart ayını gözləmədən xx.xx.2025-ci il tarixində həm əmək haqlarını, həm də son haqq hesabları ödəmişdir. Bununla bağlı əmək müfəttişliyinə məlumat versələr də artıq qərar qəbul olunduğunu və məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Səlahiyyətli nümayəndə qeyd edilənləri nəzərə alaraq, məhkəmədən xahiş etmişdir ki, X5 barəsində İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilsin. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hidrogeologiya şöbəsinin elmi işçisi X10 ilə əmək müqaviləsinə xitam verildiyindən son haqq hesab ödənişi xx.xx.2025-ci il tarixində ödənilməli olsa da xx.xx.2025-ci il tarixində ödənilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 3-17-5/2-17523/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli, MN2123951 nömrəli protokolla bağlı zəruri sübutları təqdim etməsi üçün X5 xx.xx.2025-ci il tarixində saat 12:00 idarəyə dəvət edilmişdir.

6. xx.xx.2025-ci il tarixli 3-175/2-22917/2025 nömrəli məktubdan görünür ki, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 700 (yeddi yüz) manat məbləğdə cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tanışlıq üçün göndərilmişdir .

7. Sənədlərin daxil olması qeydiyyat kitabçasından görünür ki, 3-17-5/2-17523/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bildiriş publik hüquqi şəxsə xx.xx.2025-ci il tarixində daxil olmuşdur.

8. xx.xx.2024-cü il tarixli, 372 –k nömrəli əmrdən görünür ki, X4 əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir.

9. X16 Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 16487 nömrəli məktubundan görünür ki, X2 haqq-hesab ödənişi xx.xx.2025-ci il tarixində ödənilmişdir.

10. X16 Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, Ref № 00İCZ1250761C76 nömrəli hesab çıxarışından görünür ki, dövlət büdcəsindən “Su və X8 İnstitusu” publik hüquqi şəxsinin büdcəsinə 2025-ci il üçün ödəniş xx.xx.2025-ci il tarixində köçürülmüşdür. Məhkəmənin əsaslandırması və mövqeyi

11. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə birlikdə əhatəli şəkildə araşdıraraq hesab edir ki, “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

12. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən işçinin əsas hüquqlarından biri də minimum əmək haqqı miqdarından az olmayan əmək haqqı almaqdır.

15. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur

16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndində isə deyilir ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Eyni maddənin qeyd hissəsində işəgötürənin təqsiri anlayışına izah verən qanunverici göstərir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 17.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarı ilə əmək haqqının gecikdirilməsində işəgötürənin məsuliyyətinin yaranması üçün iki şərtin olması zəruri hesab edilmişdir: ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir.

18. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən X5 tərəfindən işçi X7 əmək müqaviləsinə xitam verilərkən onunla son haqq-hesabın edilməməsinə dair təqsirliliyi faktı öz təsdiqini tapmamışdır. Belə ki, səlahiyyətli orqan tərəfindən toplanmış sübutlar “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X3 əməlində İXM-in 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətinin olması üçün kifayət etmir. Çünki, səlahiyyətli orqan tərəfindən “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X3 əməlində İXM-in 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılmış olsa da, işəgötürənin bu gecikdirmələrə görə təqsirinin olub-olmaması məsələsi araşdırılmamışdır. Əksinə iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, publik hüquqi şəxs dövlət büdcəsindən maliyyələşdiyi üçün, dövlət tərəfindən ödənilən vəsait hesabına işçilərinin əmək haqlarını ödəmişdir. İşçi ilə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilsə də 2025-ci il üçün dövlət büdcəsindən ayrılan pul vəsaiti gecikdiyindən həmin gün işçiyə son haqq-hesab ödənilə bilməmişdir. Buna baxmayaraq, işəgötürən həm əmək haqlarının ödənilməsində, həm də əmək müqaviləsinə xitam verilən işçilərin son haqq-hesablarının ödənilməsinə münasibətdə əvvəlki ildən 2024-cü ilin qalığından qalan pul vəsatilərindən istifadə üçün zəruri rəsmiləşdirilmələri aparmış və gecikmiş ödənişləri xx.xx.2025-ci il tarixində işçilərə ödəmişdir. Göstərilən həmin hallar “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X3 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi faktını təkzib edir. Məhkəmə bildirmək istəyir ki, mövcud vəziyyətdə sübutetmə yükü səlahiyyətli orqanın üzərinə düşür. Lakin səlahiyyətli orqan tərəfindən X3 təqsirinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, X3 təqsiri üzündən gecikdirilmə halı, yəni əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi halı aşkarlanmamışdır.

19. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

24. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

25. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

27. Beləliklə məhkəmə hesab edir ki, “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

28. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

“Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X5 tərəfindən verilmiş şikayət təmin edilsin. “Su və X8 İnstitusu” publik hüquqi şəxsi İdarə Heyətinin sədri X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar