Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2019/2025 16.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi X6 iştirakları ilə X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X9 tərəfindən barəsində qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti X1 rəisi X9 tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat inzibati cərimə edilmişdir. X4 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-nin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Ə.Q.Cümşüdzadə şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, həmin qərarın qəbul edilməsinə əsas ondan ibarət olmuşdur ki, guya o, Əmək Məcəlləsinin 155-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozaraq minimum əmək haqqı məbləğindən aşağı olmaqla işçilərə maaş təyin etmişdir. Halbuki, o, ********** VÖEN ilə 12 iyul 2017-ci il tarixdə qeydiyyatdan keçərək Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərmişdir. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., A.Kunanbayev 87A ünvanında mağaza işlətmiş, lakin qısa müddət sonra işlərini yerinə yetirə bilməmiş və mağazanı bağlamışdır. Buna görə də 18 yanvar 2018-ci il tarixdən fəaliyyətini dayandırmış və 5 il ərzində fəaliyyət göstərməmişdir. 5 il bitdikdən sonra da hər hansı fəaliyyət göstərməmiş, sadəcə olaraq həmin 5 ilin 18 yanvar 2023-cü il tarixdə bitməsindən xəbəri olmamışdır. Ona görə də 21 yanvar 2025-ci il tarixdə fəaliyyətini yenidən dayandırmışdır. Beləliklə, DƏMX əməkdaşlarının aşkar etdikləri və minimum əmək haqqından aşağı əmək haqqı verilən hesab etdikləri işçiləri o işlətməmişdir. Şikayətinə qoşma etdiyi fəaliyyətinin dayandırılması barədə arayışlardan və şəxsi hesab vərəqələrindən görünür ki, o, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Əgər həmin işçilər formal olaraq elektron sistemdə qalıbsa, bu, o demək deyil ki, o, həmin şəxsləri işlətmiş, onlara minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı vermişdir. İnzibati xəta üzrə araşdırma zamanı həmin işçilərin başqa yerdə işləyib-işləməmələri, onların formal olaraq elektron sistemdə onun işçisi kimi qalmaları barədə yoxlama aparılmamışdır. Sonda Ə.Q.Cümşüdzadə məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi A.Ə.Məmmədov şikayətə münasibətdə bildirdi ki, Ə.Cümşüdzadənin VÖEN hesabı 5 illik müddətə dayandırılmışdır. Lakin, 5 il bitdikdən sonra Ə.Cümşüdzadənin özünün də xəbəri olmadan hesab aktivləşmiş, ona görə də, sonuncunun barəsində hazırki ptorokol tərtib edilmişdir. İş materiallarından görünür ki, Ə.Q.Cümşüdzadə vergi ödəyicisi kimi ********** VÖEN-lə 12 iyul 2017-ci il tarixdə qeydiyyata alınmış, 18 yanvar 2018-ci il tarixdə fəaliyyət və əməliyyatları dayandırılmış, bərpa tarixi kimi 18 yanvar 2023-cü il göstərilmiş, 21 yanvar 2025-ci il tarixdə fəaliyyət yenidən dayandırılmışdır. Məhkəmə şikayəti nəzərdən keçirib, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki, İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, şikayətçi X4 vergi orqanına təqdim etdiyi ərizəyə əsasən onun fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır. Həmin tarixdən indiyədək isə Ə.Cümşüdzadənin sahibkarlıq fəaliyyəti olmamış və bu səbəbdən işçilər işə cəlb edilmədiyindən əmək haqqı hesablanmamış, eyni zamanda hər hansı işçi tərəfindən boşdayanmaya görə ödəniş edilməsi barədə vəsatət daxil olmamışdır. Göründüyü kimi, xx.xx.2018-ci il tarixdən onunla inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasına əsas olmuş işçilər arasında xarakterinə və həqiqi mahiyyətinə görə faktiki olaraq əmək münasibətlərinin olması iş materialları ilə müəyyən edilmir. Məhkəmə, qanunu və işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamını rəhbər tutaraq hesab edir ki, hazırkı iş üzrə inzibati tənbeh vermə haqqında qərar Ə.Cümşüdzadə ilə həmin qərarın qəbul olunmasına əsas olmuş işçilər arasında faktiki olaraq əmək münasibətlərinin mövcud olubolmaması ilə bağlı araşdırma aparılmadan qəbul edildiyindən, haqq-ədalət meyarları ilə uyğun gəlmir. Əks yanaşma, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə zidd olar. Belə ki, həmin qərarda vurğulanır ki, tərəflər arasında əmək münasibətlərinin olubolmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X3 tərəfindən qəbul edilmiş sözügedən qərar ləğv edilməli və işə səlahiyyətli orqan tərəfindən yenidən baxılmalıdır. İXM-in: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 rəisi X9 tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin Şöbəyə göndərilsin, şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-2019/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2019/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver