Məhkəmə qərarları › İş №3(001)-2020/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2020/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2020/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 mart 2025-ci il tarixli, EQ/ 25713045 nömrəli qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 mart 2025-ci il tarixli, EQ/ 25713045 nömrəli qərara əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 346.4-cü maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 80 manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. E.M.Cəfərov həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında E.M.Cəfərov şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 24 yanvar 2025-ci il tarixdə idarə etdiyi “Changan Eado” minik markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa-sol təkəri qəfil deşilmiş, təkərdə hava təzyiqi olmadığından, avtomobilin hərəkəti mümkünsüz hal almışdır. O da, məcbur olub, avtomobili olduğu yerdə saxlamış, qəza işıqlarını aktivləşdirmiş, kömək çağırmaq üçün yaxınlıqdakı təkər mağazasına getmişdir. Təminən 5-10 dəqiqəyə həmin yerə qayıtmış, köməyə çağırdığı şəxslə birlikdə təkəri dəyişməyə nail olmuş və avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmışdır. Sonradan mobil telefonuna gələn məlumatla onun barəsində İXM-nin 346.4-cü maddəsi ilə, yəni dayanma-durma qaydalarını pozması əsası ilə 80 manat inzibati tənbeh edilməsini bilmiş, bu barədə qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli qərardan məhkəməyə verdiyi şikayət məhkəmə tərəfindən qismən təmin edilmiş, qərar ləğv edilərək, hadisənin BDYPİ tərəfindən yenidən araşdırılması qərara alınmışdır. Lakin, BDYPİ tərəfindən kamera görüntülərinə baxış keçirilmədən, yəni onun hansı səbəblə yolun dayanma-durma qadağan olan hissəsində avtomobilini dayandırdığı araşdırılmadan barəsində 27 mart 2025-ci il tarixdə təkrarən həmin maddə ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, əgər hadisə yerində qeydə alınmış videogörüntülərə baxış keçirilsəydi, onun avtomobili məcburi olaraq, yəni təkərin havasının boşalması səbəbi ilə dayandırdığı açıq şəkildə müəyyən olunardı. Sonda E.M.Cəfərov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamış, habelə, məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, BDYPİ tərəfindən qəbul edilmiş 27 mart 2025-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə başlanmış icraata İXM-nin 53.1.1-ci maddəsi əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, “Changan Eado” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində dayanmışdır, qəza-durma işıqları aktivdir, avtomobilin arxa-sol təkəri dəyişdirilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 3(001)-650/2025 saylı qərarından görünür ki, BDYPİ tərəfindən X2 barəsində qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün BDYPİ-yə göndərilmişdir. Göründüyü kimi X2 24 yanvar 2025-ci il tarixdə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində “Changan Eado” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilini təqsirli olaraq deyil, yaranmış nasazlıq səbəbi ilə dayandırmış və qəza dayanması işıq siqnalını yandırmışdır. “Yol hərəkəti haqqında” AR Qanununun 55-ci maddəsinin İ hissəsinə əsasən nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən kənara çəkməli, bu mümkün olmadıqda səkinin bordürünün (hərəkət hissəsilə bir səviyyədə və ya ondan hündür olan yol örtüyünün konstruktiv yan məhdudiyyəti) yanına, yaxud yolun çiyininə çəkməli və bu zaman onu hərəkət hissəsinin kənarına paralel qoymalı, texniki yardım xidmətinə məlumat verməlidir. Həmin maddənin İİ hissəsinə uyğun olaraq dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Məhkəmə qeyd edir ki, İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, hazırki halda E.M.Cəfərovun avtomobili nasazlıq səbəbi ilə dayanmanın qadağan edildiyi yerdə dayandırması özündən asılı olmayan səbəblərdən baş verdiyindən, habelə E.M.Cəfərov tərəfindən “Yol hərəkəti haqqında” AR Qanununun 55-ci maddəsinin İİ hissəsinin tələbinə riayət edildiyindən onun bu əməli hüquqazidd və təqsirli hesab edilə bilməz. Belə olan halda da əməl inzibati xəta hesab edilə bilməz. İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 mart 2025-ci il tarixli, EQ/ 25713045 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayəti təmin olunsun, həmin qərar ləğv edilsin və iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci (inzibati xəta hadisəsinin olmaması) maddəsində göstərilən əsasla xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar