Məhkəmə qərarları › İş №3(001)-2027/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2027/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2027/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şəxs MMC, AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Bakı-Duz (Rəsulzadə qəsəbəsi), ev 1, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, g/x-i kiçik leytenantı X2 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 18 mart 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 98755697 nömrəli nəqliyyat vasitəsilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən icraatı aparılan 00100-00704/25 nömrəli inzibati xəta haqqında iş materiallarında çoxsaylı prosessual pozuntulara yol verilmiş, əldə olunmuş sübutlar araşdırılmadan inzibati tənbeh tətbiq olunmuşdur. Belə ki, TSN200088 nömrəli xx.xx.2023-cü il tarixli Metal məhsullarının daşınması kontraktının 2-ci bəndində daşınma haqqında tərəflər arasında razılıq əldə olunmuşdur. Bu kontrakta əsasən malların daşınması beynəlxalq müqavilə ilə təsdiq olunmuş “İNCOTERMS 2010” beynəlxalq daşınma şərtlərinə əsasən CPT “Razılaşdırılmış stansiya” şərtinin tələblərinə əsasən həyata keçirilmişdir, yəni malların çatdırılması da müqavilədə qeyd olunduğu kimi CPT “ABŞERON” təyinat yerinədək həyata keçirilməsi razılaşdırılmış və yaranacaq bütün məsuliyyətlər Satıcı (“TESSEN” şirkəti /Rusiya) tərəfin üzərinə qoyulmuşdur. Buna görə də daşınmanı həyata keçirən Satıcı tərəf malın göndərilməsinin məlumat verilməsini mal təyinat yerinə çatdıqdan sonra yerinə yetirdiyi üçün Alıcı Şəxs MMC-nin malın sərhəddən keçməsi ilə bağlı sənədlər gec göndərildiyindən heç bir məlumatı olmamış və bu səbəbdən də mal barədə qısa idxal bəyannaməsini mal gömrük sərhədini keçənədək təqdim edə bilməmişdir. Qeyd olunan yuxarıdakı faktiki hal (CPT“ABŞERON”) və pozuntunun təqsirli olaraq törədilməməsi nəzərə alınmalıdır. Həmçinin tərtib olunmuş 00100-00704/25 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol pozuntunu törətmiş şəxsin, yəni Satıcının(TESSEN” Şirkəti) adına rəsmiləşdirilməli olduğu halda, əksinə Alıcının“ (X4” MMCnin) adına rəsmiləşdirilərək qanunvericiliyin tələbləri pozulmuşdur. Əlavə olaraq, İNCOTERMS (international commercial terms-beynəlxalq ticarət sövdələşməsi) ideyası ilk dəfə 1921-ci ildə Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən irəli sürülmüşdür. BTP-nin mütəxəssisləri tərəfindən hazırlanan İNCOTERMS-in ilk versiyası 1936-cı ildə dərc olunmuş və təxminən 20 il qüvvədə qalmışdır. 1967,1976,1980, 1990, 2000-ci illərdə sənədə bəzi əlavə və dəyişkiliklər edilmişdir. Sənədin ən son versiyası olan "İNCOTERM 2010" 1 yanvar 2011-ci il tarixindən etibarən qüvvəyə minmişdir. İnkoterms - məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq standartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır. CPT(ABŞERON)- malgöndərənin daşımaların şərtləndirilmiş xarici ticarət kontraktına görə təyinat məntəqəsinə qədər dəyərinin ödədiyini bildirir. Mahiyyətcə söhbət "frakt təyinat yerinə qədər ödənilib" şərti haqqında gedir. Satıcının ödədiyi məsrəflərə, eksport lisenziyasına görə haqq gəminin fraxt haqqı daxildir. Alıcı yükü şərtləşmiş yerdə qəbul etməyə borcludur, son məntəqəyə qədər (fraxtdan başqa) yükün çatdırılmasının bütün xərclərini ödəməlidir və risklər çatdırılma anında satıcıdan alıcıya keçir. Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikasının da BMT-nin üzvü olmasını, BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarınin da beynəlxalq müqavilə statusunda olmasını və Azərbaycan Respublikasında hüquqi qüvvəyə malik olmasını qeyd etmək istərdim. Eyni xüsusatlar üzrə vurğulamaq istərdi ki, pozuntulara yol verilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsi ilə müəyyən edilən normaların tələbləri kobud sürətdə pozulmuşdur. Belə ki, gömrük işi ilə bağlı inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılmalı, pozuntunun obyektiv və ədalətli tətbiqinə şərait yaradılmalı idi. Lakin protokoldan da göründüyü kimi nümayəndənin məlumatsızlığından istifadə edərək protokol tərtib edilmiş və Cəmiyyətin müdafiə olunmaq hüququ məhdudlaşdırılmışdır. Sözügedən Protokolun qəbulu zamanı İXM-in 102 və 106.0.3. (inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi?), 106.0.5. (mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı?) maddələrinin tələblərinə laqeyd yanaşılaraq inzibati araşdırma aparılmamış, inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilməmiş və bununla da prosessual pozuntulara yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları təsbit olunaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunduğu vurğulanmışdır. Eyni zamanda həmin Məcəllənin 6-cı maddəsində qanunçuluq prinsipi təsbit olunaraq inzibati xətaya görə inzibati tənbehin bu Məcəlləyə uyğun olaraq tətbiq edildiyi göstərilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 00700- 00032/25 nömrəli inzibati xəta haqqında protokol əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış hüquqi şəxs Şəxs MMC və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi nümayəndələrinin iştiraklarını məhkəmədə təmin etməmişlər. Məhkəmə İnzibati xəta haqqında protokola nümayəndələrin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, 98755697 nömrəli nəqliyyat vasitəsilə hüquqi şəxs Şəxs MMC-nin ünvanına göndərilən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, 98755697 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs MMC-yə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs MMC etirazında “satıcının məlumat vermə öhdəliyinin vaxtında yerinə yetirməməsi faktiki olaraq qısa idxal bəyannaməsinin verilməsinə əngəl yaratdığı” arqumenti ilə çıxış etsə də, qısa idxal bəyannaməsinin öncədən elektron formada təqdim olunması öhdəliyi müddətə bağlı və texniki öhdəlikdir. Məsuliyyət isə subyektiv təqsirə deyil, idarəetmə və nəzarət imkanına əsasən müəyyən edilir. Ona görə də göstərilən arqument şirkəti inzibati məsuliyyətdən azad edə bilməz. Bundan əlavə, Şəxs MMC etirazında İnzibati Xətalar Məcəlləsinin normalarının pozulduğunu, inzibati araşdırma aparılması barədə qərardad qəbul edilmədiyini bildirsə də, bu hallar öz təsdiqini tapmamışdır. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2025-ci il tarixdə qərardad qəbul edilərək, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırılmanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Eyni Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar