Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2031/2025 01.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyük məsləhətçisi Nümayəndə2, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 hüquq məsləhətçisi Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünası Nümayəndə3 iştirakları ilə, “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 210.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 210.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, 14 fevral 2025-ci il tarixdə, saat 14:05-də ünvan 1 ünvanında yerləşən, “X4 Mərkəzi” MMC-yə məxsus özəl müəssisədə plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (“Neurofeedback” cihazı vasitəsilə neyroloji müayinələr və müalicə prosedurlarının keçirilməsi) aşkar edilmişdir. Məhkəmənin 10 aprel 2025-ci il tarixli iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyük məsləhətçisi Nümayəndə2 çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X7 tərəfindən xx.xx.2025-ci il tarixli qərar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin yerləşdiyi ünvanda xx.xx.2025-ci il tarixdə yoxlama keçirilmiş, yoxlama nəticəsində həmin müəssisədə lisenziya olmadan “neurofeedback” cihazı vasitəsilə neyrofizioloji müayinələr və müalicə prosedurlarının həyata keçirilməsi müəyyən olunmuşdur. Bu səbəbdən, inzibati xəta haqqında protokol tərtib edilib aidiyyəti üzrə sənədlər toplanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərin nəzərə alınaraq hüquqi şəxs barəsində tərəflərindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə cərimə tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə ona verilmiş suallara cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyük məsləhətçisi Nümayəndə2 bildirmişdir ki, cihazın tibbi sahəyə məxsus olmasını təsdiq edən xüsusat onun istifadə üsuludur, belə ki, cihaz fəaliyyəti zamanı beyinə səs dalğaları ötürür, bundan əlavə hüquqi şəxsin səlahiyyətli nümayəndələri öz izahatlarında bu xüsusatı təsdiq etmişdirlər. Məhkəmənin 10 aprel 2025-ci il tarixli iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 hüquq məsləhətçisi Nümayəndə1 çıxış edərək bildirmişdir ki, inzibati xətanın obyekti olan “neurofeedback” cihazı tibbi vasitədir. “Psixoloji yardım haqqında” 07 dekabr 2018-ci il tarixli AR qanununda qeyd olunmuşdur ki, neyrofiziologiya neyropsixologiya elminin tərkib hissəsidir və nevropsixologiya yalnız kliniki psixoloqlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Kliniki psixoloqların fəaliyyət göstərdiyi yeganə yer isə tibb müəssisələri olmalıdır. Qeyd olunanlara əsasən, sözüngedən cihaz tibbi vasitə kimi hesab edilməlidir. Bununla yanaşı, psixoloqların vəzifə təlimatlarında qeyd olunur ki, kliniki psixoloqlar neyropsixologiyanı bilməlidir. Qeyd olunan xüsusat onu göstərir ki, neyropsixologiya tibbi sahəyə məxsus termindir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli şəxsinin izahatlarından görünür ki, sonuncular izahatlarında hüquqi şəxsin tibb müəssisəsi kimi deyil, təhsil müəssisəsi kimi fəaliyyət göstərdiyini qeyd etmişdirlər. Göstərilənlərə əsasən, hesab edilmişdir ki, İXM-nin 210.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli şəxsi cihazın beynəlxalq sertifikatları olduğunu iddia etsələr də, yoxlama prosesi zamanı tərəflərindən heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Eyni zamanda həmin sənəd təqdim edilsə belə, müvafiq qərara əsasən cihaz nümayəndəsi olduğu mərkəzdə mütləq şəkildə qeydiyyata alınmalıdır. Göstərilənlərin nəzərə alınaraq hüquqi şəxs barəsində tərəflərindən tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə cərimə tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə ona verilmiş suallara cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 hüquq məsləhətçisi Nümayəndə1 bildirmişdir ki, sözügedən cihazın tibbi vasitə olmasını təsdiq edən sənəd yoxdur, bu xüsusat onların daxili inamı əsasında, eyni zamanda hüquqi şəxs tərəfindən bu barədə heç bir təsdiqedici sənəd təqdim edilməməsi ilə təsdiq olunmuşdur, cihazın tibbi vasitə olması tətbiq edildiyi fəaliyyətlə bağlıdır, belə ki, tətbiqi zamanı cihaz beyinə elektromaqnit dalğalar ötürür, bu da tətbiq olunan şəxsə qarşı mexaniki təsir göstərir və sağlamlığa zərər vurma ethimalı yaradır, cihazı istifadə etmək istəyən şəxs avadanlığın tibbi olub-olmamasını və istifadə edəcəyi müəssisədə istifadəsinin mümkün olub-olmamasını müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X6 müraciət etməlidir, cihazın elektromaqnit dalğaları ötürməsi hüquqi şəxsin səlahiyətli nümayəndələrinin izahatında qeyd olunmuşdur. Məhkəmənin 10 aprel 2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünası Nümayəndə3 çıxış edərək bildirmişdir ki, sözügedən cihazın tətbiqi ilə bağlı mütəxəssislərin rəyləri mövcuddur. Təqdim etdiyi Psixologiya Elmi-Tədqiqat İnstitutunun mütəxəssis rəyində qeyd olunmuşdur ki, “neurofeedback” bir beyin məşqi olub, əsasən hiperaktivliyin, stressin, gərginliyin, aqressiyanın, həyəcanın tənzimlənməsində, diqqətin yaxşılaşmasında istifadə olunur, məktəbəqədər qurumlarda, psixoloji mərkəzlərdə, eyni zamanda şəxsin özünün ev şəraitində aparılmasına uyğundur. İnzibati xəta haqqında protokolun sübutlara əsaslanmadığından və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sözügedən cihazın tibbi cihaz olmasını təsdiq edən sənədin təqdim edilməsi məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salınmışdır. Məhkəmənin 17 aprel 2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi iştirak etsə də, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndələri iştirak etməmişlər və sonuncuların iştiraklarını təmin etmək məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salınmış, eyni zamanda işə baxılma müddəti uzadılmışdır. Məhkəmənin 23 aprel 2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi iştirak etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X7 məhkəməyə ərizə ünvanlayaraq, tərəflərindən müvafiq orqanlara sorğular ünvanlandığından və lazımi sənədlərin əldə edilməsi üçün müəyyən vaxt tələb olunduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmənin 23 aprel 2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünası Nümayəndə3 məhkəməyə yazılı vəsatət ünvanlayaraq, vəsatətdə göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında işə baxılma müddətinin uzadılmasına şərait yaradan hərəkətlərin qarşısının alınmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndələrinin iştiraklarını təmin etmək məqsədilə məhkəmə iclası yenidən növbəti tarixə təxirə salınmışdır. Məhkəmənin 01 may 2025-ci il tarixli iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 hüquq məsləhətçisi Nümayəndə1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyük məsləhətçisi Nümayəndə2 məhkəməyə Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının 30 aprel 2025-ci il tarixli rəyini təqdim edərək, rəydə X1 və Biofeedback Assosiasiyasına görə bu metodun xəstəyə fizioloji məlumatları qeyd etmək, gücləndirmək və “geri qaytarmaq” üçün xüsusi avadanlıqdan istifadə edən qeyrifarmakoloji müalicə üsulu olduğunun, orqanizmdə müxtəlif fizioloji proseslərə təsir etmək mümkün olmaqla, bu cihazda ali təhsilli həkim və xüsusi təlim keçmiş mütəxəssis çalışa biləcəyinin qeyd olunduğunu bildirmişlər. Məhkəmənin 01 may 2025-ci il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünası Nümayəndə3 bildirmişdir ki, “neurofeedback” cihazı “biofeedback” cihazı ilə qarışdırılmamalıdır, belə ki, hər iki cihazın iş prinsipi fərqli olmaqla, “biofeedback” metodu, həqiqətən də xəstəyə fizioloji məlumatları qeyd etmək, gücləndirmək və geri qaytarmaq üçün qeyri-farmakoloji üsuldur. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndələri tərəfindən təqdim edilmiş rəydə də “Biofeedback Assossiasiyası”nın yanaşması qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 3-28-1/3-2-133/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qərarından görünür ki, “X4 Mərkəzi” MMC-nin yerləşdiyi ünvanda plandankənar yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X5 T-056 nömrəli, 13 fevral 2025-ci il tarixli yoxlama aktından və əlavə edilmiş fotoşəkillərdən görünür ki, hüquqi şəxs “X4 Mərkəzi” MMC-nin yerləşdiyi ünvanda yoxlama keçirilmiş, yoxlama zamanı səlahiyyətli şəxsin izahatlı alınmış və Cəmiyyətin lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olması faktı aşkarlanmışdır. 01 avqust 2024-cü il tarixli, 06-24 nömrəli müqavilədən görünür ki, “X4 Mərkəzi” MMC-nin “X3” MMC ilə əməkdaşlığı mövcuddur. Əlavə olunmuş müayinə sənədi və arayışdan görünür ki, “X4 Mərkəzi”ndə həqiqətən də, “nerofeedback” cihaz müayinələri həyata keçirilir. Gəncə şəhər Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 3(125)-923/2025 tarixli qərardadından görünür ki, “X4 Mərkəzi” MMC barəsində İXM-nin 210.1-ci maddəsi ilə aparılan inzibati xəta icraat materialı aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Psixologiya Elmi-Tədqiqat İnstitutunun 08 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “neurofeedback” bir beyin məşqi olub, əsasən hiperaktivliyin, stressin, gərginliyin, aqressiyanın, həyəcanın tənzimlənməsində, diqqətin yaxşılaşmasında istifadə olunur, məktəbəqədər qurumlarda, psixoloji mərkəzlərdə, eyni zamanda şəxsin özünün ev şəraitində aparılmasına uyğundur. Bakı Sağlamlıq Mərkəzinin psixiatrı, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti, Tibb üzrə fəlsəfə doktoru Araz Manuçeri-Lalei tərəfindən 08 aprel 2025-ci il tarixli məktubundan görünür ki, “neyrofeedback” texnologiyasının psixiatrik və ya nevroloji diaqnozlara qarşı birbaşa və elmi əsaslandırılmış müalicə effekti hələlik geniş miqyaslı elmi tədqiqatlarla təsdiqlənmədiyi üçün tibbi nöqteyi nəzərdən diaqnostik və ya müalicə üsul kimi tövsiyə olunmur, bununla belə psixoloji sağlamlıqla bağlı bəzi simptomların idarə olunmasında əlavə vasitə kimi və ya qeyri-klinik hallarda (stress, diqqət təlimi, performans artırılması) istifadəsi əksər hallarda təhlükəsiz sayılır və bəzi fərdi faydalar göstərə bilər” məzmunlu cavab verilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, farmakonəzarət və dərmanların qeydiyyatını həyata keçirən “Pharm Control” şirkətinin Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisəsinə ünvanlanmış sorğuya 18 aprel 2025-ci il tarixdə cavab olaraq, cihazın tibbi cihaz kimi təsnif olunması üçün istifadə təyinatı və yalnız istehsalçının rəsmi sənədlərində nə şəkildə təsnif olunması əsas götürüldüyündən, bu xüsusatların istehsalçı ilə əlaqə saxlayaraq müəyyənləşdirilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, “neurofeedback” cihazının istehsalçısı “X8 Co.” Şirkətinə ünvanlanmış sorğuya xx.xx.2025-ci il tarixdə cavab olaraq, sözügedən cihazın tibbi avadanlıqlara oxşasa da, “tibbi cihaz” anlayışına daxil olmadığı, diaqnoz və ya müalicə məqsədi daşımadığı, həm Avropa ölkələrində, həm də digər beynəlxalq praktikalarda cihazla olan xidmətlərin psixoloqlar tərəfindən həyata keçirildiyi, davranış yönümlü və psixotəhsilə əsaslanan xarakterə malik olması qeyd olunmuşdur. Beynəlxalq Neyrotənzimləmə və Tədqiqat Cəmiyyəti tərəfindən verilmiş 2024 və 2025-ci il tarixli üzvlük sertifikatlarından görünür ki, neyrotənzimləmə mövzusunda keçirilmiş tədbirlərdə olan dəstəyinə görə Narınc Rüstəmovaya üzvlük sertifikatları verilmişdir. Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının 30 aprel 2025-ci il tarixli cavabından görünür ki, “X1 və Biofeedback Assosiasiyasına görə bu metod xəstəyə fizioloji məlumatları qeyd etmək, gücləndirmək və “geri qaytarmaq” üçün xüsusi avadanlıqdan istifadə edən qeyri-farmakoloji müalicə üsuludur, orqanizmdə müxtəlif fizioloji proseslərə təsir etmək mümkün olmaqla, bu cihazda ali təhsilli həkim və xüsusi təlim keçmiş mütəxəssis çalışa bilər” məzmunlu rəy verilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla və proses iştirakçılarının izahatları zamanı müəyyən edilmişdir ki, inzibai araşdırma zamanı xətanın obyekti olan “neurofeedback” cihazının tibbi vasitə olmasını təsdiq edən sənəd olmamış, bu xüsusat yalnız inzibati xəta araşdırma aparmış orqanın daxili inamı əsasında müəyyən olunmuşdur. Məhkəmə işə baxılması zamanı sübutlara əsaslanmalı olduğundan sözügedən təsdiqedici sənədin təqdim edilməsi məqsədilə məhkəmə iclası növbəti tarixə, yəni 17 aprel 2025-ci il tarixə təxirə salınmışdır. Növbəti məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi iştirak etsə də, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndələri iştirak etməmişlər və sonuncuların iştiraklarını təmin edilməsi məqsədilə məhkəmə iclası 23 aprel 2025-ci il tarixə təxirə salınmışdır. 23 aprel 2025-ci il tarixli məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi iştirak etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X7 məhkəməyə ərizə ünvanlayaraq, tərəflərindən müvafiq orqanlara sorğular ünvanlandığından və lazımi sənədlərin əldə edilməsi üçün müəyyən vaxt tələb olunduğundan məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş inzibati xəta haqqında işə baxılma müddətinin uzadılmasına şərait yaradan hərəkətlərin qarşısının alınması və yekun qərar qəbul edilməsi barədə vəsatəti təmin etməyərək məhkəmə iclasını təkrarən eyni səbəbdən təxirə salmışdır. Məhkəmənin 01 may 2025-ci il tarixli yekun iclası zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndələri Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının 30 aprel 2025-ci il tarixli rəyini məhkəməyə təqdim edərək, cihazın fizioloji proseslərə təsir etmək imkanının olduğunu və cihaz üzrə ali təhsilli, həkim və ya xüsusi təlim keçmiş mütəxəssisin çalışa biləcəyini bildirmişlər. Məhkəmə təqdim edilmiş sənədə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, rəydə X1 və Biofeedback Assosiasiyasının yanaşması tətbiq olunduğu üçün qeyd olunmuş əlamətlər “biofeedback” cihazına aiddir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, inzibati orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsirini müəyyən edə bilməmiş və sübutlara əsaslanmadan protokol tərtib edərək məhkəməyə göndərmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmus şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 210.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-2031/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2031/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver