Məhkəmə qərarları › İş №3(001)-2039/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2039/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2039/2021 08.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Hüseynov Ələddin Qulam oğlunun ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi Rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4922/2020 saylı, 06.10.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4010 manat pulun X4 xeyrinə tutulması qət edilmişdir. Borclu bu günə qədər borcunu ödəməmişdir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Binəqədi rayon İcra şöbəsinin icra məmuru tərəfindən 08 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır. İcra məmuru onu xəbərdar edib. İİ qrup əlildir. Aylıq 130 manat sosial müavinət alır. Başqa da gəliri yoxdur. Sələmə pul götürmüşdür. Hazırki borc ona görə yaranmışdır. Yoldaşının 51 yaşı vardır, o da işləmir lakin əvvəllər taksi fəaliyyəti göstərirdi. İcra sənədində qeyd olunan məbləği hissə-hissə ödəyə bilər, tələbkar isə buna razı olmamışdır. Bildirmişdir ki, tələbkar ondan tam borcunu ödəməsini, ya da faizi ilə birlikdə ödəməsini tələb edir. Məhkəmə iclasında iştirak edən tələbkar barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunun ödənilməsini tələb edir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, 19.11.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, hazırda icra işi onun icraatında olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, İcra Şöbəsində tərəflərin kompromisə gəlməsi mümkün olmamışdır. Borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyəti yoxlanılmış, müvafiq sorğular verilmiş, həmçinin Elektron İcra Sistemi vasitəsilə borclunun əmlak və maddi vəziyyəti yoxlanılmış, borclunun adına bankda pulu, hesabı, tutmanın yönəldilə biləcək daşınar və ya daşınmaz əmlakı yoxdur. Digər hər hansı formada ondan qətnamədə göstərilən pulu tutmaq mümkün deyildir. Faktiki olaraq borclunun icra sənədini digər yolla ödəmək qabiliyyətinin olması, lakin bundan boyun qaçırması halını təsdiq edəcək digər bir sübutlar mövcud deyildir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4922/2020 saylı, 06.10.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 4010 manat pulun X4 xeyrinə tutulması qət edilmişdir. İcra məmuru tərəfindən 19.11.2020-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə, yuxarıda qeyd edilənləri nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar