Məhkəmə qərarları › İş №3(001)-2045/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2045/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2045/2023 17.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimova Aynurə Şirzad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi Rayon Polis İdarəsinin 4cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-ci il tarixdə Qazax rayonu, Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmadığına, görə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs ictimai yerdə nalayiq ifadələr səsləndirərək ətrafdakı şəxsləri narahat etmiş, onu nizam-intizama əməl etməyə dəvət edən polis əməkdaşlarına tabesizlik göstərmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq hadisənin birbaşa şahidi olmadığını, PPX əməkdaşlarının raportu əsasında protokol tərtib etdiyini, hadisənin şahidlərinin izahatlarının alınmadığını, raportun iş materiallarına əlavə etmədiyini, hazırda da təqdim edə bilmədiyini, şəxsin tabesizlik göstərdiyi polis əməkdaşlarının adını hazırda xatrlamadığını, şəxsin itinin itməsi barədə 102 xidmətinə zəng etdiyini, lakin həmin itin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, bibisi X2 məxsus ev itini Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində yerləşən parkda gəzdirdiyi zaman it bağlı olmadığı üçün gözdən yayınaraq itmişdir. Bu zaman dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələnədək öz itini axtarmaq üçün parkda gəzmişdir. Bu zaman ərazidə olan polis əməkdaşlarını görmüş, onlara yaxınlaşaraq itini itirdiyini bildirmiş, ərazidə olan müşahidə kameralarına baxılmasını xahiş etmişdir. Bu zaman polis əməkdaşları tərəfindən ona aqressiv cavab verilmişdir. Belə ki, həmin polis əməkdaşları ona işlərinin it axtarmaq olmadığını, dərhal uzaqlaşmasını tələb etdiklərini bildirmişdir. Bu zaman yenidən 102 xidmətinə zəng etmiş, ərazidə olan polis əməkdaşlarına müraciət etdiyini, lakin polis əməkdaşlarının ona qarşı aqressiya nümayiş etdirdiklərini bildirmişdir. Polis əməkdaşları onun 102 xidmətinə məlumat verməsini qərəzli qəbul edərək, onu polis bölməsinə dəvət etmişdirlər. O, heç bir etiraz etmədən avtomobilə əyləşərək polis bölməsinə getmişdir. Bir gün də polis bölməsində saxlandığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona verilmiş sualllara cavab olaraq cəmi hadisə günü 01 bakal pivə içdiyini, hərəkətlərini idarə etmək qabiliyyətində olduğunu, DİN-in 102 xidmətindən ona Qafarova və Namazova adlı polis əməkdaşlarının cavab verdiyini, iş materiallarında olan izahatını bir gün polis bölməsində saxlandıqdan sonra polis əməkdaşının ona yaxınlaşaraq üzr istəməsi barədə bir izahat yazacağı halda onun buraxılacağını bildirdiyi üçün onun da heç bir problem olmadığını, buraxılmağı üçün yazılı qaydada üzr istəməyi barədə polis əməkdaşının diqtəsi ilə izahat yazdığını, hadisə zamanı heç bir xuliqanlıq etmədiyini və polis əməkdaşlarına heç bir tabesizlik göstərmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai yerdə nalayiq ifadələr işlətdiyindən və polisin qanuni tələblərinə tabe olmadığından barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, AZA 019132 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:25-də inzibati qaydada tutulmuşdur, xx.xx.2023-cü il tarixli, 2/15085 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati protokol əsassız olaraq tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol, iş materialları və tərəflərin izahatlarının əlaqəli şəkildə tədqiqi zamanı Şəxs təqsiri sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı polislərin təkidi ilə yazdığını bildirdiyindən və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs bunun əksini sübut edə bilmədiyindən, həmçinin iş materiallarına Şəxs təqsirli olmasını təsdiq edən hər hansı bir sübut əlavə edilmədiyindən məhkəmə yaranmış ziddiyyətin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməsi qənaətinə gəlir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli saylı protokolda Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi və ictimai yerdə nalayiq ifadələr işlədərək xuliqanlıq etməsi və polisin qanuni tələblərinə tabe olmaması qeyd edilsə də, Şəxs xırda xuliqanliq etdiyi iş materialları ilə öz təsdiqini tapmamış, həmçinin polis əməkdaşlarının hansı qanuni tələblərinə əməl etməməsi, onun tabesizliyinin nədə ifadə olunması göstərilməmiş, məhkəməyə bunları təsdiq edəcək hər hansı video görüntü, izahat və ya digər sübut təqdim edilməmişdir. Qeyd edilən protokolda şəxsin İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinin nə ilə təsdiq edildiyi göstərilməmişdir. Protokol tərtib edilərkən Şəxs tabesizliyinin nə olduğu araşdırılmamış, sadəcə ümumi cümlələrlə qanuni tələbə tabe olmayaraq tabesizlik göstərildiyi qeyd edilmişdir. Halbuki, protokol tərtib etmiş şəxsin hansı hərəkətləri ilə inzibati xəta törətməsi ətraflı qeyd edilməli, onun həmin inzibati xətanı törətməsi protokolu tərtib etmiş şəxs tərəfindən sübut edilməlidir. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırkı halda Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil, hadisənin şahidi olan polis əməkdaşlarının, habelə hadisənin şahidi olmuş digər şəxslər müəyyən edilərək izahatı alınmamış, polis əməkdaşlarının raportu iş materiallarına əlavə edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar