Məhkəmə qərarları › İş №3(001)-2053/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2053/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2053/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə müvəkkili polis mayoru Zaur Usubovun onun barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN ******* №-li “İnzibati xəta haqqında” protokol və həmin protokol əsasında qəbul edilmiş qərar əsassızdır, ədalətsizdir. Həmin protokol əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, MN ******* №-li qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsində göstərilmişdir ki, ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə şəxs iki yüz manat məbləğində cərimə edilə bilər. O, ünvan 1 ünvanında (binanın 1-ci mərtəbəsində) ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı 1-ci mərtəbədəki mənzilin pəncərəsinin qarşısında binanın həyətində gün ərzində müxtəlif vaxtlarda sahibsiz çöl pişikləri gəzişirlər. Bina sakinlərinin bəziləri həmin pişikləri yemləmək üçün onun yaşadığı mənzilin pəncərəsi tərəfdən həyətdəki asfaltın üstünə pişik yemi tökmüşlər. Sakinlər sahibsiz çöl pişikləri üçün yemi asfaltın üstünə tökdüklərinə görə yay aylarında istidən antisanitariya yaranmış, pis iy mənzilinə daxil olmuş, onu və ailə üzvlərini narahat etmişdir. Ona görə də o və qonşuların bir qismi qərarlaşıb yaşadıqları mənzilin pəncərəsi tərəfdən həyətdə heç kəsə mane olmayan yerdə sahibsiz çöl pişikləri üçün balaca yem evi düzəltdirib qoymuşlar. Sahibsiz çöl pişikləri üçün yaşadıqları binanın həyətində yem evi quraşdırıldıqdan sonra binanın həyətində təmizlik yaranmışdır. Həmin pişiklər sahibsiz çöl pişiklər olmuş, ona məxsus olmamışdır. Onun və digər bina sakinlərinin həmin sahibsiz çöl pişiklərini hərdənbir yemləməklərinin səbəbi sadəcə onların mərhəmətli olmağından irəli gəlmiş, həmçinin binanın həyətində yarana biləcək antisanitariyanın qarşısını almaq məqsədi daşımışdır. Lakin, inzibati xəta haqqında icraat üzrə işi aparan Binəqədi RPİ-nin 5-ci PB-nin sahə müvəkkili polis mayoru Zaur Usubov iş üçün əhəmiyyəti olan bütün bu kimi faktiki halları düzgün araşdırmamış, sahibsiz pişiklərin ona heç bir aidiyyətinin olmamasını yoxlamamış, ona hüquq və vəzifələrini, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinin nədən ibarət olmasını, mənasını, məzmununu mənə izah etməmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin polis mayoru Cavid İsmayılzadə isə həmin protokol əsasında “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, MN ******* №-li qərar qəbul etmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmamış, çünki həmin maddədə ev heyvanlarından bəhs edilmiş, lakin o və binanın bir qrup sakinləri binanın həyətində hərdənbir sahibsiz çöl pişiklərinə yem vermişlər. O, 5-ci PB-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli protokol və həmin protokolun əsasında qəbul edilmiş qərar ona poçt vasitəsilə 18 iyun 2022-ci il tarixdə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib məhkəmədən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 yaşadığı evin qarşısında müəyyən edilməmiş yerdə pişik saxlama qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X2 tərəfindən ev heyvanlarını deyil, yaşadığı evin yaxınlığında çöl heyvanları üçün düzəldilmiş yuvanın içərisində sahibsiz pişikləri yemləmişdir. Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır. Bundan başqa, səlahiyyətli orqan tərəfindən X1 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar