Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2062/2022 06.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edirəm ki, icra məmuru tərəfindən kifayət qədər sübut toplanılmamaqla, təqdim edilmiş materiallar natamam olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3696/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay 160 manat miqdarında alimentin tutularaq X1 xeyrinə ödənilməlidir. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası Qanunun 45-ci maddəsində müəyyən edilmişdir. Həmçinin tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi əsasları və qadası Qanunun 63, 64, 65-ci maddələrində müəyyən edilmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, borclunun maddi imkanının olması, başqa gəlirinin olması, tələbi ödəmək işqtidarında olması, lakin ödəməməsi, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması, lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi barədə sübut təqdim edilməmişdir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olmasına dair sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. İcra məmuru icra işi üzrə şəxsin təqsirinə dair kifayət qədər sübut toplamamışdır. Əgər borclu icra sənədini ödəmək iqtidarında deyildirsə, icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etməli deyildir. İcra sənədinin icrası üçün yeganə vasitə tutmanın borclunun əmək haqqısına yönəltmək hesabına mümkün olduğundan, lakin tələbkar buna razı olmadığı üçün icraya maneə olduğundan, icra məmuru icra sənədini geri qaytarmalıdır. Çünki “İcra haqqında” Qanunun aşağıdakı normalarına əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, - 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Bununla da protokol tərtib etmiş icra məmurunun təqdim etdiyi sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin xətanı törətməsinə dair sübutlar kifayət etmir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən biri olan obyektiv və subyektiv cəhətlərə dair sübutlar kifayət etmir. Belə ki, icra məmuru şəxsin icra sənədini icra etməyə imkan verən maddi vəziyyətinin olmasına dair sübut təqdim etməmiş, toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Beləliklə hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Çünki işə dərhal baxılmalı olduğundan, məhkəmə iclası sübut təqdim etmək üçün təxirə salına bilməyəcəkdir. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Beləliklə məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün, yəni şəxsin təqsirinə dair kifayət qədər sübut toplanılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2062/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2062/2022
06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver