Məhkəmə qərarları › İş №3(001)-2063/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2063/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2063/2025 02.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin sahə rəisi, polis kapitanı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:24 radələrində X6 DİN-nin 102 xidmətinə zəng edərək bildirmişdir ki, icarəyə götürdüyü obyektin sahibi tərəfindən döyülmüşdür. X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin təhqiqat araşdırması zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və rəyə əsasən X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməmişdir. Təhqiqat araşdırması zamanı belə nəticəyə gəlinmişdir ki, Şəxs X5 fiziki ağrı yetirdiyinə görə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri yaranmışdır. Buna görə də, qərarda göstərilmişdir ki, Şəxs barəsində AR-nın İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı icra olunmasından ötrü ərazi aidiyyəti üzrə sahə inspektoruna həvalə edilsin. Həmin material onun icraatına daxil olmuş və tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Ona verilmiş suallara cavab olaraq “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın xx.xx.2024-cü il tarixdə qəbul edildiyini,həmin tarixdə də araşdırmanın bölmə rəsisi tərəfindən dərkənarla ona həvalə edildiyini, tərəfindən inzibati icraata başlama haqqında qərardadın 2024-cü ilin dekabr ayında qəbul edildiyini, lakin gününü dəqiq xatırlamadığını, qərardadda da günü qeyd etməyi unutduğunu, inzibati icraatın dayandırılması barədə tərəfindən hər hansı qərar qəbul edilmədiyini, inzibati xəta haqqında protokolun isə xx.xx.2025-ci il tarixdə tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 2002-ci ildən yaşadığı binanın alt hissəsində olan yarım zirzəmini alaraq özəlləşdirmişdir. Həmin obyekt kafe kimi fəaliyyət göstərmişdir. O, həmin obyekti 2024-cü ilin iyul ayında X5 icarəyə vermişdir. xx.xx.2024-cü il tarixdə aralarında müqavilə bağlanmışdır və aylıq icarə haqqı 200 manat olaraq razılaşdırılmışdır. X2 2 aydır ki, ona icarə haqqını ödəmir. Onan görə də, sonuncudan obyektdən çıxmağı tələb etmişdir. Hadisə günü kafeyə getdikdə icarədarın kafenin çöl divarını deşərək qaz borusunu içəri keçirməsini görmüş və buna görə aralarında mübahisə yaranmışdır. Daha sonra oraya həyat yoldaşını çağırmışdır. Onların arasında mübahisə baş vermişdir, lakin o, X5 zərbə endirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə notariusda Şəxs ilə icarə müqaviləsi bağlamışlar. Kafeni icarəyə götürdüyü gündən Şəxs ondan kafeni boşaltmağı tələb etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə saat 17.20 radələrində kafeyə gəlmiş, sonuncunun həyat yoldaşı da yanında olmuşdur. Şəxs ondan kafedən çıxmağı tələb etmiş və kafenin qazını suyunu kəsmiş, onunla da mübahisə etmişdir. Mübahisə zamanı Şəxs onun sifət nahiyəsindən vurmuşdur. Bununla bağlı o ekspertizadan da keçmiş, lakin ona vurulmuş xəsarətlər zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hadisəni törətmiş Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış rədd materialı icra olunmasından ötrü ərazi aidiyyəti üzrə sahə inspektoruna həvalə edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MTE-nin rəyi əsasənda X5 qarşı fiziki ağrı yetirdiyinə görə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “İnzibati xətalar haqqında iş üzrə icraata başlanması və inzibati araşdırmanın aparılması haqqında” qərardaddan görünür ki, Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi Vəfadar Həsənov tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın açılması, qərarın surətinin məlumat üçün prosessual qaydada həyata keçirən Xətai rayon Prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi barədə qərardad qəbul edilmiş, həmin qərardad bölmə rəisi Xəqani Behbudov tərəfindən təsdiq edilmiş, lakin qəraardadın qəbul edilmə və bölmə rəsisi tərəfindən təsdiq edilmə tarixləri göstərilməmişdir. Sahə inspektoru Vəfadar Həsənov tərəfindən qəbul edilmiş tarixi göstərilməyən raportdan görünür ki, o bölmə rəisi Xəqani Behbudova müraciət edərək xx.xx.2024-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 müraciətdində Şəxs onu döyərək xəsarət yetirlməsi barədə məlumat verdiyini, faktla bağlı İXM-nin 157-ci maddəsi ilkə inzibati icraat açıldıığını, göstərərk, baş vermiş cinayətin açılması və hadisəni törətmiş naməlum şəxsin yerini müəyyən edib inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə əməliyyat nmüvəkkilinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzriə icraata həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, AR İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək hadisəni törətmiş Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı icra olunmasından ötürü ərazi aidyyəti üzrə sahə inspektoruna əvalə edilməsi qərara alınmış, 2024-cü ilin dekabr ayında Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi Vəfadar Həsənov tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın açılması barədə qərar qəbul edilmiş (qərarın qəbul edilmə tarixi göstərilməmiş, həmin tarixdə inzibati icraata başlanamsını sahə rəisi etiraf etmişdir), barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyəti araşdırma aparan orqana məlum olmuş, İXM-nin 104.1-ci maddəsində qeyd edilən inzibati xəta haqqında iş üzrə icraat dayandırılması əsasları mövcud olmamış, həmin inzibati xəta haqqında iş üzrə icraatın dayandırlması haqqında hər hansı qərar qəbul edilməmiş, lakin Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edildiyi gündən ən geci üç ay keçənədək, yəni xx.xx.2025-ci il tarixədək verilə bilərdi. Buna baxmayaraq inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə tərtib edilərək həmin tarixdə də iş materialları baxılması üçün məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmə İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanunauyğun hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməmiş, X5 zərbə endirmədiyini bildirmişdir. Lakin məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sözügedən izahatına tənqidi yanaşır, həmin izahatı qeyri-səmimi və məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Belə ki, X3 müraciəti əsasında təhqiqat aparılmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin araşdırma zamanı törədilmiş əmələ Şəxs aidiyyəti öz təsdiqini tapmışdır. Bununda nəticəsi olaraq, sözügedən qərar inzibati məsuliyyət məsələsinin həll edilməsi üçün aidiyyəti üzrə sahə inspektoruna həvalə edilmişdir. Nəzərə alınmalıdır ki, Şəxs təhqiqatçı tərəfindən qəbul edilmiş qərardan prokurora yaxud məhkəməyə şikayət verəmişdir. Halbuki, həmin qərarda Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi öz əksini tapmış, lakin Şəxs tərəfindən həmin qərardan hər hansı şikayət verilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarın qəbul edildiyi gündən üç aydan artıq müddət keçməsinə baxmayaraq həmin qərardan şikayət verməməsi həmin qərarla müəyyən edilmiş hallarla razışması mənasına gəlir və həmin qərarı mübahisələndirməməsi dolayısı ilə sonuncunun qəbul edilmiş qərarla gəlinmiş nəticədən narazı olmamasına dəlalət edir. Əks halda, Şəxs təhqiqatçı tərəfindən qəbul edilmiş qərardan şikayət edər, təhqiqatçının gəldiyi qənaətin doğru olmadığını, hadisənin onun tərəfindən törədilmədiyini bildirərdi. Odur ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla təsdiq edilərək tam sübuta yetirilmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığı üçün İXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 53, 61, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığı üçün həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar