Məhkəmə qərarları › İş №3(001)-2066/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2066/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2066/2025 02.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X7 bildirmişdir ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində konstruksiya dəyişikliyi edilmiş Tofaş markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təmin edilən zaman polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yol Polisi Şəxs xidmətdə olarkən onlarla mübahisə etdiyini və videoya çəkdiyini bildirsə də bölmədə olan zaman onun telefonuna baxış keçirilmiş və hər-hansı bir video material aşkar edilməmişdir. Yalnızca evakuatorun üzrəində olan maşının şəkli çəkilmişdir.

3. Məhkəmə iclas zalında çıxış edən Şəxs bildirmişdir ki, maşını “Fidan” uşaq bağçasının həyətindən alıb, evakuatora yükləmişdir. Çünki maşının ön hissə çox yuxarıda olmuşdur. Elit TM qarşısında polis əməkdaşları maşını saxlayaraq, nəqliyyat vasitəsinin duracağa yerləşdirilməli olduğunu bildirmişlər. Bu zaman Şəxs maşın sahibinə zəng vurmuşdur. Sonuncu maşının evakuatorun üstündə şəklinin çəkilməsini və 102-ə zəng vuraraq polisin bu formada maşını saxlamasının düzgün olub-olmamasını Şəxs xahiş etmişdir. Polis əməkdaşları aidiyyatı üzrə məlumatı yönləndirdikdən sonra PPX gəlmiş, Şəxs bölməyə aparmışlar. Şəxs 1 gün də bölmədə saxlanılmışdır. Onlar avtomobili saxlamışlar, yol polisinə konstruksiyadan xəbərləri olduğunu və onu aradan qaldıracaqlarını bildirmişlər. Lakin yol polisi avtomaşının duracağa təmin edilmədiyini söyləmiş və evakuatorun sürücüsündən duracağa sürməyini tələb etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi yol-patrul xidməti inspektoru, polis baş serjantı X1 şahid qismində ifadə verərək bildirdi ki, onlara təhlükəsizlik kamerası vasitəsilə aşkar edilərək, konstruksiyası dəyişdirilmiş, plyonkalı olan maşınının saxlanılması göstərişi verilmişdir. DYP əməkdaşları da, maşını saxlayaraq sənədləri tələb etmişlər. Şəxsin üzərində həmin zaman heç bir sənəd olmamışdır. Əməkdaşlar maşının duracağa təmin edilməli olduğunu bildirmişlər. Bu zaman Şəxs telefonunu çıxardaraq çəkiliş etməyə başlamışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi yol-patrul xidməti inspektoru, polis baş serjantı X3 şahid qismində ifadə verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə 19:30 radələridə Ə.Rəcəbli küçəsində evakuatorun üzərində Tofaş markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomaşın aparılırdı. Həmin maşında konstruksiya dəyişikliyi, kruq plyonka mövcud olmaqla yanaşı, nəqliyyat vasitəsinə dair hər hansı sənəd müəyyən edilməmişdir. Şəxs nəqliyyat vasitəsinin duracağa yerləşdirilməli olduğu bildirilmişdir. Evakuatorun sürücüsü iradı səmimi qəbul etsə də, onun yanında əyləşən şəxs isə “mənim maşınımı heç kəs heç yerə apara bilməz” deyə etiraz edərək DYP əməkdaşlarını video çəkiliş etməyə başlamışdır. Bundan başqa yol polisi hər gün belə oğurluq maşınlarla rastlaşdıqlarını belə halda maşının polis əməkdaşı tərəfindən saxlanılaraq duracağa gətirilməsinin vacib olduğunu bildirmişdir. Sonda isə bildirmişdir ki, ərazidə xidmətdə olan ÇPA əməkdaşlarının köməyi ilə şəxs aidiyyatı üzrə 5-ci PB-nə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

6. xx.xx.2025-ci il tarixli, AZA 022370 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 aprel 2025-ci il tarixdə saat 19:40-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

7. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs Süleymanov oğlu xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində konstruksiya dəyişikliyi edilmiş Tofaş markalı **- MH-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təmin edilən zaman polisin qanuni tələbinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

6. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

7. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

8. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.

9. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 02 aprel 2025-ci il tarixdə polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Çünki Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində Tofaş markalı **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə konstruksiya dəyişikliyi edilməsi və polisin qanuni tələblərinə tabe olunmaması qeyd edilsə də, məhkəmə iclas zalında qeyd edilən hallar təkzib edilmiş, şəxsin polisə qarşı hər hansı bir tabesizliyi ehtiva edən hərəkəti müəyyən edilməmişdir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs maşının bu vəziyyətdə sürülməsinin qanunazidd olduğunu bildiyi üçün onu sürməmiş və evakuatorla onu ustaya aparmaq istəmişdir. Lakin bu zaman təhlükəsizlik kamerası vasitəsilə aşkar edilən maşının yol polisi tərəfindən araşdırılması bildirilmişdir. Vətəndaş 102 xidmətinə zəng edərək yol polisinin belə bir hüququnun olub-olmadığını soruşmuş, bu zaman da ÇPA əməkdaşları onu tutaraq polis bölməsinə aparmışlar. Məhkəmə iclas zalında yol polisi əməkdaşlarına bu vəziyyətdə sürücü hansı formada maşını ustaya aparmalı idi sualına əməkdaşlar cavab verə bilməyərək, yalnızca tam plyonkalı maşınla hərəkətin qadağan olduğunu bildirirək İXM-nin 535 maddəsinin tətbiqində əsas olduğunu bildirmişlər. Bundan başqa maşının oğurluq ehtimalı ilə saxlanmasını iddia edən yol polisinin, evakuator sürücüsünə qarşı belə ehtimal qarşısında hər-hansı tədbir görməməsi birmənalı olmamaqla yanaşı işin hallarına da uyğun deyildir. Məhkəmə iclas zalında Şəxs polis əməkdaşlarını videoya çəkməsi halı da öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X7 bildirmişdir ki, Şəxs telefonuna baxış keçirilmiş və hər-hansı bir video material aşkar edilməmiş, evakuatorun üzərində olan maşının şəkli aşkar edilmişdir. Beləliklə də şəxsin polisə qarşı hər hansı qeyri-qanuni davranışı məhkəmədə öz təsdiqini tapmamışdır.

10. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

11. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

12. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

13. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

14. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

15. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

16. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, YPX əməkdaşı öz hərəkətlərini “Yol-patrul xidməti haqqında təlimat” a əsasən qurmalıdır ki, həmin təlimatın 13-cü bəndinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir

17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

20. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar