Məhkəmə qərarları › İş №3(001)-2087/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2087/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2087/2023 18.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tərcüməçi X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gürcüstan Respublikasının Qurcani rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qax rayonu, Qax İngiloy ərazi dairəsi, Qax İngiloy kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X5 izahat verərək bildirmişdir ki, 27 fevral 2023-cü il tarixdə bölməyə X2 yaşadığı evin ərazisində saxladığı özünə məxsus VAZ2107 markalı R523 YO 52 rus dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd akkumulyatorunun oğurlanması barədə müraciəti daxil olmuşdur. Həmin müraciət üzrə bölmə tərəfindən araşdırma aparılmış və aparılmış araşdırma zamanı toplanmış material üzrə əməldə oğurluq hadisəsini törətmiş şəxsin əməlində cinayət təkibi olmadığından cinayət işinin başlanması rədd edilərək əməli törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Aparılmış araşdırma zamanı həmin hadisənin Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir və sonuncu saxlanılaraq bölməyə gətirilmişdir. İş üzrə Şəxs izahatı alınmış və o, törətdiyi əməli etiraf etmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə izahatı alınmış Şəxs 27 fevral 2023-cü il tarixdə gecə saatlarında Binəqədi rayonu ərazisində VAZ2107 markalı R523 YO 52 rus dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd akkumulyatorunu oğurlayıb, onu tanımadığı şəxsə satdığını, əldə etdiyi pulu öz ehtiyacları üçün xərclədiyini, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilmədiyini, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, hadisə nəticəsində dəymiş maddi ziyan 100 manat olaraq müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, AZA 019196 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 may 2023-cü il tarixdə saat 01:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, 9-cu mkr., A.Məmmədov 115 ünvanında vət. X3 məxsus VAZ2107 markalı R523 YO 52 rus dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 100 manat dəyərində 1 ədəd akkumulyatoru oğurlaması faktı aşkar edildiyindən barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz etriaf edici izahatı ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirimişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməməsini, barışıq əldə olunmamasını, törətdiyi inzibati xətadan peşman olmasını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 17 may 2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar